Etirazlar nəticəsız qaldı: Kərkükdə o bayraq asıldı

İraqdakı Kərkük Vilayət Məclisi şəhərdəki rəsmi qurum və quruluşlarda İraq bayrağı ilə yanaşı, İraq Kürdüstan Regional Hökumətin (İKRH) bayrağının da asılmasını nəzərdə tutan qərarı təsdiqləyib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İraq prezidentinin köməkçisi Usamə ən-Nuceyfi Kərkükdə İKRH-nin bayrağını asılmasının şəhərdəki milli birliyə zərər vuracağını bildirib. O qeyd edib ki, qərar yenidən nəzərdən keçirilməlidir. Qərar 26 kürd üzvün iştirakı ilə toplanan məclisdə yekdilliklə qəbul edilib. Türkmən və ərəb üzvlər iclası boykot edərək səsvermədə iştirak etməyiblər. Kərkük Vilayət Məclisi 9-u türkmən, 6-sı ərəb olmaqla 41 üzvdən ibarətdir. Səsvermədən sonra məclisin daxilində və valilik binasında İKRH-in bayrağı asılıb.

Xatırladaq ki, ABŞ 2003-cü ildə İraqı işğal etdiyi zaman kürd qüvvələri Kərkükü ələ keçiriblər, şəhərə xeyli sayda kürdlər köçüb. 2005-ci ildə yazılan İraq Konstitusiyasının 140-cı maddəsinə əsasən, Kərkükün stautusuna Səddam Hüseynin dövründə Kərkükdən zorla köçə məruz qalanların qayıtması, sonra isə şəhər əhalisinin siyahıya alınması və Kərkükün statusu haqqqında referendumun keçirilməsi ilə aydınlıq gəlməlidir. Lakin bu maddə hələ də tətbiq edilməyib. Bağdad Kərkükün mərkəzə tabe olduğunu bəyan etsə də, kürdlər şəhərin İKRH-ə ilhaq edilməsini tələb edirlər. Türkmənlər buna etiraz edərək, Kərkükə xüsusi status verilməsini istəyirlər. Şəhər əhalisinin böyük qismi türkmən, kürd və ərəblərdən formalaşıb.

DİGƏR XƏBƏRLƏR

Top