"İlin bu dövründə insanlarda vitamin tükənir" - Kardioloqdan məsləhətlər

İlin bu dövrünə el arasında müxtəlif adlar verilir. Onlardan ən yaddaqalanı isə "qan qaynayan dövr"dür. Bütün bunlar isə səbəbsiz deyil, təbiət kimi insan orqanizmində də dəyişikliklər baş verir, sanki oyanma başlayır. Lakin bu vəziyyət təzyiq, şəkər xəstəlikləri, qan-damar sistemində problemi olan insanlarda fəsadlar verə bilir. Elə bunun nəticəsidir ki, yaz aylarında insanlarda insult, infarkt xəstəlikləri artır, ölənlərin sayı çoxalır. Bəs bu dövrdə nələrə diqqət etməliyik ki, problem yaşanmasın, hər hansı təhlükə varsa, vəziyyət daha da ağırlaşmasın? Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli mövzu ilə bağlı "Yeniavaz.com" saytının suallarını cavablandırıb.

"Bu dövr orqanizmin müqavimətinin azalan vaxtıdır"

Rafiq Yusiflinin sözlərinə görə, bu dövr orqanizmin müqavimətinin azalan vaxtıdır: "Qışdan çıxmış orqanizmlərdə vitaminlərin tükəndiyi mərhələdir. Bu dövrdə insanların mövsümü xəstəliklərə davamlılığı azalır, soyuqdəymələr, allergik xəstəliklər özünü qabarıq göstərir. Bundan əlavə, günəş aktivliyi, yerin maqnit sahəsində müəyyən dəyişikliklər ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərir. Bu dövrdə bəzi insanlarda depressiv hallar da olur. Belə xəstəliklər yaz aylarında özünü biruzə verir".

Ürək damarlarının qana ehtiyacı artır...

Kardioloq deyir ki, metroloji amillərin dəyişməsi qan təziqinin xüsusən yaz aylarında tez-tez qalxmasına səbəb ola bilir: "Qan təzyiqi qalxanda isə əgər kimdəsə ürək xəstəliyi varsa, onlarda problem yaşanır. Belə ki, ürək damarlarının qana ehtiyacı artır, bu isə daralma olan damarlarda stenokardiyaların, infarktların artmasına səbəb olur. El arasında "qan qaynaması" deyilən amilin də rolu var. Çünki qanın laxtalanması sistemində dəyişikliklərin əmələ gəlməsi ürəyin işemik xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilir".

"Hər yaşda olan insanlarda özünü göstərə bilər"

Rafiq Yusiflinin sözlərinə görə, bu cür problemlər hər yaşda olan insanlarda özünü göstərə bilər: "Adətən, yuxarı yaşlı insanlarda ürək xəstəlikləri daha çox olur və onlarda bu metohəssaslıq daha yüksək olur. Yaşlı adamlarda bildiyiniz kimi, bir xəstəlik olmur, görürsən ki, beli də ağrıyır, qolu da ağrıyır, öskürəyi, şəkəri, qan təzyiqi də var. Ona görə bu adamlar cavanlara nisbətən xəstəliyə qarşı daha dözümsüzdülər. Yaşlı insanların birində ən azı 3 xəstəlik tapmaq olur. Bunlar da hərəsi bir tərəfdən ümumi gedişə pis təsir edir".

Kardioloqun dediyinə görə, hər il yaz aylarında infarkt, insult, ölüm halları artır. Xüsusən, bu dövrdə küləyin tez-tez dəyişməsi ilə atmosfer təziqi də dəyişir ki, qan təzyiqi olan xəstələrin halının pisləşməsinə gətirib çıxarır. Bunlar beyinə qan sızmalarına, ürək-damar xəstəliklərinə, hipertonik krizlərə səbəb ola bilir".

Məsləhətlər

Müsahibimiz qeyd edir ki, qan təzyiqi olanlar və yuxarıda sadaladığımız xəstəliyi olan insanlar dərmanlarını vaxtlı-vaxtında qəbuluna ciddi yanaşmalıdırlar: "Yəni bu aylarda dərmanların qəbulunda fasilə vermək indiki vaxtda onların vəziyyətini pisləşdirə bilər. Havanın küləkli günlərində, güclü külək olan vaxtlarda açıq havada gəzişmək, idmanla məşğul olmaq ziyanlıdır. Hava tez-tez dəyişdiyinə görə, insanlar mümkün qədər isti-soyuqdan özlərini gözləməlidirlər ki, mövsümi soyuqlama xəstəlikləri yaranmasın. Mümkün olduğu qədər insanlar qidalanmalarına da fikir verməlidirlər. Yaxşı olardı ki, bu dövrdə vitamin azlıqlarını həll eləsinlər. Vitamin tabletləri var ki, tərkibində kompleks vitaminlər olur - onlardan qəbul eləmək olar. Sakitləşdirici dərmanlardan da istifadə eləmək olar və s. Bunlar müəyyən qədər öz müsbət təsiri göstəcək".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top