"Həmsədr yalan danışır" - Hərbi ekspertdən ittiham

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var". Dünən bu fikirləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland səsləndirmişdi. Həmsədr bildirmişdi ki, ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir: "Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir".

"Yeniavaz.com"un xəbərinə görə, hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Üzeyir Cəfərov Riçard Hoqlandı yalan danışmaqda ittiham edib: "Bunların Amerikası da, Rusiyası da, Fransası da gözlərinin içinə kimi yalan danışırlar. Heç bir plan yoxdur. Bunların məqsədi vaxt uzatmaqla Azərbaycanı öz torpaqlarını işğaldan azad etmək niyyətindən yayındırmaqdır. Gündə bir yaramaz gəlib bizə nağıl danışacaq və biz də bunlara ümid etməliyik. Xeyir ola? Ölmək ölməkdir, xırıldamaq nə deməkdir? Bunları elə etmək lazımdır ki, bir də bu tərəflər haqqında danışmasınlar. Mən Xarici işlər nazirimizdən və Prezidentin Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi olan Araz Əzimovdan da soruşmaq istərdim: hörmətli cənablar, siz nədən ATƏT-in Minsk qrupundan soruşmağa ehtiyat edirsiniz ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 məlum qətnamələri qüvvədən düşmüş sənədlərdir, ya onlar hələ qüvvədədirlər? Buna uyğun da biz öz işlərimizi görməliyik. Ay Moskvada görüş, nə bilim harada görüş, bunlar bizim ziyanımıza olan addımlardır".

Hərbi ekspert bildirib ki, Qarabağla bağlı Rusiya aktiv fəaliyyətə keçib: "Belə gedişlə biz Zəngəzur, Göyçə, İrəvan və digər qədim Azərbaycan torpaqlarının sırasına Qarabağı da əlavə etməli olacağıq".

DİGƏR XƏBƏRLƏR

Top