"Bizdə əks proses gedir - mənasızlar təriflənir"

"Ədəbiyyatda, sənəttə, elmdə bir varislik, ənənəyə bağlılıq prinsipi var. Yəni mahiyyət etibarilə, xələflər və sələflər arasında bir dialektik körpü olur. Hegel demiş, spiralvari inkişaf prosesində köhnə olanlar aradan çıxır, yeni olanlar qəbul edilir". "Yeniavaz.com" xəbər verir ki, bunu yazıçı-dramaturq Firuz Mustafa bildirib. Onun sözlərinə görə, bizdə isə əks proses gedir: "Çox vaxt mənasız olanlar təriflənir, mənalı olanlar tənqid edilir. 30-cu illərin komsomolçuları öz sələflərini "burjua sinfinin nümayəndələri" kimi təhdid edirdilər.

İndiki dövrün postmodernistləri isə öz sələflərini "sovet dövrünün qalığı" kimi ittiham edirlər. Əlbəttə, hər iki hal tarixə kor-koranə baxışdır. Dediyim kimi, varislik-nəsillər arasındakı körpüdür. Gəl indi koru körpüdən keçir görüm, necə keçirirsən".

F. Mustafa intiharlara da münasibət bildirib: "Zavodda fəhlə işləyərkən, tələbə olarkən, əsgəri xidmət zamanı, aspiranturada təhsil alarkən, Elmlər Akademiyasında çalışarkən, orta və ali məktəblərdə dərs deyərkən şəxsən tanıdığım bir çox adamın intihar etdiyini görmüşəm. Yəni bu məsələ barədə məlumatlıyam. Əvvəllər "gizli" saxlanılan bu informasiyalar indi daha çox sosiallaşıb. İntiharı doğuran əsas səbəb nədir? Səbəblər N qədərdir. İnsanlar əsasən neçə yaşda intihar edirlər? Körpəlik illərini çıxmaqla, az qala bütün yaş dövrlərində. Vaxtilə çalışdığım elmi-tədqiqat institutunda (Fəlsəfə və Hüquq İnstitutunda) birgə çalışdığımız şən, nikbin, zarafatcıl dostumuz Çingiz Şərifovun ölümünü yaxşı xatırlayıram. Geniş auditoriya onu aktyor kimi daha yaxşı tanıyır. Çingiz bir zamanlar kinosevərlər arasında "Aşkarsızlıq şəraitində", "Özgə ömür", "Şahid qız", "Zirzəmi" filmlərindəki maraqlı rolları ilə məşhurlaşməşdı. O, 1990-cı ilin son günü - dekabrın 31 intihar etmişdi. İntiharlar ən çox depressiyalardan doğur. Bəs depressiyalara aparan yol haradan başlayır? Yenə silsilə arqumentlər üzə çıxır. Amma orası məlumdur ki, depressiyalara daha çox narkotika və alkoqol qəbulu səbəb olur.

Bu barədə düşünmək lazımdır. Son illərdə yaradıcı adamlar arasında intihar edənlərin sayı daha çoxdur. Bunun da səbəbini araşdırmaq gərəkdir. Bəzən deyirlər ki, yalnız kasıblar intihar edir. Düz demirlər. Öz həyatına əl qaldıran insanlar arasında kasıblar da olub, zənginlər də. Bəzən onu da deyirlər ki, yalnız iradəsiz adamlar öz həyatlarına qıya bilər. Bu da düz qənaət deyil. Zira intihar edənlər arasında çox iradəli isimlər də olub. İntihar fərdi hal deyil, bu, sosial məsələdir".

DİGƏR XƏBƏRLƏR

Top