Bozbaşı nə ilə bişirsin bu xanım?

Bu gün işsizlik problemi 40-50 yaşlı qadınlar arasında, belə demək mümkünsə, daha da aktuallaşıb. Bəli, indi bu yaşda olan qadınları heç bir yerə işə götürmürlər. Təbii ki, bu da ailələrdə müəyyən problemlər yaradır.

Bu günlərdə 45 yaşlı qonşum G.İ. mənə iş üçün döymədiyi qapı qalmadığını, amma bir nəticə hasil olmadığını bildirdi. Dediyinə görə, hansı qapını döyübsə: "Sən yaşda qadına bizdə iş yoxdur", - deyiblər. Üstəlik, ərz ediblər ki, bəs biz işə

25-30 yaşlı xanımları qəbul edirik. Hətta onun qabyuyan kimi də işə qəbul olunmaq arzusunu gözündə qoyublar. Bir neçə müəssisədə isə onun çəkisinin çox olduğunu irad tutmaqla yanaşı: "Get, evində bozbaşını bişir", - deyərək başlarından ediblər. Son anda bu biçarə qadın iş dalınca rayondan paytaxta - Bakıya üz tutub. Amma orada da elə bu kimi səbəblərdən iş tapa bilməyib.

Bəli, bu gün yaş da qadınların başına bəla olub. Heç olmasa əvvəllər onlar pensiya ümidi ilə yaşayırdılar. İndi bu ümid onların əlindən alınıb. Belə ki, son islahatlara görə, qadınlar üçün də pensiya yaşı 65 müəyyən olunub...Bu, təbii ki, qadınlar arasında bir ruh düşkünlüyü yaradıb.

Deyəsən, mövzudan uzaqlaşdıq axı... Bəli, qonşum indi bilmir başına haranın daşını salsın. Bir tərəfdən də nə qızı, nə oğulu iş tapa bilir. Müraciət etdikləri yerlərdə onlara elə şeylər "oxuyurlar" ki, adam qalır mat-məəttəl... Məsələn, dayə kimi işə başlamaq istəyən qızına deyiblər ki, sən xarici dil bilmirsən, adi fəhlə kimi çalışmaq istəyən oğluna ərz ediblər ki, bəs sənin filan parametrlərin bizi qane etmir və sairə...

Sirr deyil ki, bu gün bu xanım kimi acınacaqlı vəziyyətdə olan xanımlarımız çoxdur. Fikrimizcə, elə bu kimi səbəblərdən ölkəmizdə ailələr dağılır, yaxud da ailə kimi öz əvvəlki məziyyətlərini itirir.

Mən həmin xanımla söhbətdən sonra uzun müddət rahatlıq tapa bilmədim. Onun dediklərini dəfələrlə xatırladım. Lakin bəzi idarə rəhbərlərinin qonşuma: "Get, evində bozbaşını bişir" sözləri isə nədənsə məndə onlara qarşı sanki bir üsyan yaratdı. Odur ki, belələrinə deyirəm: "Get, evində bozbaşını bişir" deyirsiniz. Axı həmin qadın dediyiniz o bozbaşı nə ilə bişirsin? Məgər bilmirsiniz ki, bozbaş hazırlamağın, Məşədi İbadın sözü olmasın, bir anbar xərci var. Yəni bunun əti olmalıdır, yağı olmalıdır, soğanı, kartofu, daha nə bilim, nələri olmaldır. Bunları isə təbii ki, pulla bazardan, ya dükandan almaq lazımdır. İşləmədiyinə görə də pulu yoxdur xanımın... Siz Allah, heç olmasa belə sözlərlə xanımlarımızın başını bişirməyin...

Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top