Türk deputatın Bolqarıstana girişi qadağan edildi

Bolqarıstan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Əziz Babuşçunun ölkəyə girişini qadağan edib. “Yeniavaz.com”un “Hürriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, Bolqarıstan Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Agentliyi türk deputatın adının “arzuolunmaz əcnəbilər” siyahısına salınmasını millət vəkilinin ölkənin milli təhlükəsizliyinə təhdid törətməsi ilə əlaqələndirib. İddiaya görə, Ə. Babuşçu Bolqarıstanda türklərin qurduğu və Lütfi Mestanın sədri olduğu DOST partiyasının seçki kampaniyalarında iştirak edib. Xatırladaq ki, Bolqarıstan ötən həftə Türkiyənin Ədirnə valiliyinin xüsusi dəftərxana müdiri İbrahim Tarancı ölkənin Şumnu şəhərində saxlanılaraq deportasiya edilmişdi. Onun Bolqarıstana girişinə 5 il müddətinə qadağa qoyulub. “Arzuolunmaz əcnəbilər” siyahısına daxil edilmiş başqa bir türk rəsmisi isə Türkiyənin Bolqarıstandakı səfirliyinin din attaşesi Ülvi Atadır.

Xatırladaq ki, martın 26-da Bolqarıstanda erkən parlament seçkiləri keçiriləcək. Ankara-Sofiya münasibətləri Bolqarıstanda keçiriləcək seçkilər ilə əlaqədar son bir neçə həftədir gərginləşib. İki ölkə arasındakı münasibətlər Sofiyanın Ankarayı Bolqarıstandakı seçkilərə müdaxilədə ittiham etməsi səbəbindən pozulmuşdu. Bu çərçivədə Bolqarıstanın Xarici İşlər Nazirliyi Ankaradakı səfiri Nadejda Neynskini məsləhətləşmələr üçün Sofiyaya çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top