Ədəbiyyat əyləndirməlidir, yoxsa heyrətləndirməlidir? - SORĞU

Ədəbiyyat insan düşüncəsini formalaşdırır, nəyinsə haqqında düşünməyə vadar edir. Əgər oxuduğunuz əsər düşüncəmizdə iz qoya bilirsə ona yaxşı əsər demək olar. Servantesin "Don Kixotu", Conatan Sviftin "Qulliverin səyahəti", Qustav Floberin "Madam Bovari”si ayrı-ayrı konteksdə yazılmış əsərlərdir. Birini oxuyub əylənmək olar, birini oxuyub heyrətlənmək. Biz də elə bu səbəbdən "Ədəbiyyat əyləndirməlidir, yoxsa heyrətləndirməlidir?" sualını ədəbiyyatçılara ünvanladıq.

Cavanşir Yusifli: "Əgər belə demək olarsa, ədəbiyyatın mayasında elə bir keyfiyyət var ki, o tək bir şeydən elə bəhs edir ki, yerdə qalan hər şeyi əvəz edir. Bu mənada heyrətləndirmək elə əsaslı bir keyfiyyət sayılmamalıdır. Bu yalnız nəyəsə sövq edir, özü də güclü şəkildə, həm də bütün gücü və təxəyyülü ilə. Başqa keyfiyyətlər olmasa, məsələ, ancaq heyrətləndirməklə bitsə, necə deyim, biz elə bütün ömrümüz boyu “mat vəziyyətində” qalarıq. Təsəvvür edin: əllərimizi açıb heyrətlənib qalmışıq. Nə olacaq bunun axırı? Həm də: indiki insanı heyrətləndirmək də asan deyildir.

Ədəbiyyatda əsas olan, zənnimizcə, düşüncəmizdə yuva qurmuş qənaətləri bir növ dağıdan, aradan qaldırmaq istəyən “tərs” ideyalardır. Belə bir ideya varsa, sən həm əylənəcəksən, həm düşüncəksən, həm də sanki dünyanın son nöqtəsinə gedib ordan geri qayıdacaqsan. Qayıdanbaş bayaq olduğun yeri tapa biləcəksən, ya yox, bu başqa məsələdir. Bəlkə tapmamaq xeyirlidir? Kim bilir? Cənubi Amerika yazıçısı var: Tomas Liqotti. Onunla müsahibəni oxudum. Belə deyir cənab Liqotti: “Oxuduğum bədii əsərin hansı janrda olmasının mənim üçün elə bir fərqi yoxdur, bir şərtlə ki, yazıçının gerçəklik və yaşam məsələsini qavrama tərzinə simpatiya hiss edim. Məsələn, oxuduğum bir əsəri deyim: “Sonuncu İsa”. Bunu norveçli yazıçı və filosof Peter Vessel Zapffe yazıb. Keçən əsrin 30-cu illərində yazılıb. Bu, müəllifin ingilis dilinə çevrilən yeganə əsəridir. Onun baxışına görə, ümumən insan və xüsusi olaraq onun şüuru təbiətin səhvidir və nə qədər gec deyil bu məxluqların sayının artmasına “dur” demək lazımdır. Səbəb – həyatımızdakı faciəvi hallara son qoyulsun. Biz özümüzü aldadırıq ki, həyatımız səhv yaşanır”.

Liqotti fikrini belə tamamlayır: “Ədəbiyyat ya əyləncədir, ya da heç nədir”.

Bayaq dedik, ədəbiyyatda adi məsələ yerdə qalan hər şeyi əvəz etməlidir, tək ümuminin yerinə danışa bilməlidir, heç olmazsa, ürəyində. İngiliscə bir ifadə var: all-encompassing. Burada didaktik utilitarizmdən tutmuş fərdiliyə qədər hər şey var. O, “mədəni cismin”, yaxud korpusun bir hissəsi olmaqla eyni zamanda öyrədici və əyləndirici keyfiyyətlərin daşıyıcısıdır. Məhz bunun sayəsində oxucunun şəxsi anlam səviyyəsinə təkan verilir, onun tam vahid kimi qavramasına imkan yaradılır. Rey Bredberinin bir əsərində bu məsələdən ətraflı bəhs edilir. İnsan beynindəki və qəlbindəki illüziyalar olur ki, ədəbiyyat sayəsində dağılır. İnsan bir qayda olaraq öz gücünü tanımır, ondan xəbərsiz olur. Mən nələrisə öyrədə bilərəm, məndə elə şeylər var ki, bütün dünyanı əyləndirə bilərəm. Əsər, bədii mətn iynə kimidir, sancıldığı yerdən qopan ağrılar yaddaşı geri qaytarır. Sən çox əyləncəli şeylərin altındakı kədəri görə bilərsən, yaxud çox-çox əyləndirici şeylərin o tayındakı kədəri heç vaxt olmadığı kimi hiss edə bilərsən. Ancaq əsər gərək əsər ola. Həm də: ədəbiyyat ya əyləncədir, ya da heç nə...".

Əsəd Cahangir: "Hər ikisi, birincisi sözün paltarı, ikincisi ruhudur. Hələ ortada onun bədəni də var. Bu da zövqləndirmədir məncə. Bu sonuncusu daha vacibdir. Ədəbiyaytın əsas missiyası zövq verməkdir".

Səlim Babullaoğlu: "Əyləncə əyləndirməlidir... Ədəbiyyat göstərməlidir - əylənən, kədərlənən və heyrətlənən dünyanı...".

Rüstəm Behrudi: "Ədəbiyyat şou deyil! Böyük ədəbiyyatın işi heyrətləndirməkdən ibarətdir".

İlham Tumas: "Düşünürəm, ədəbiyyat ədəbli şəkildə həm əyləndirməli, həm heyrətləndirməli, həm də sevdirməli, ağlatmalı və güldürməlidir. Qısası, ədəbiyyat hisslərin emosiyasıdır, ancaq ədəbli şəkildə".

Qismət Rüstəmov: "Ədəbiyyat ilk növbədə dünyanı bədii-estetik şəkildə ifadə etməlidir, bunu bacarsa, hər şeyi etmiş olacaq".

Oğuz Ayvaz: "Ədəbiyyat əlbəttdə ki, əyləndirməlidir, ancaq bu təkcə əyləncədən ibarət olmamalıdır. Müxtəlif janrlarda, üslublarda yazan yazıçlar var: dedektiv, mistik, modern, postmodern və.s. Ədəbiyyat insanı silkələməli, sarsıtmalı, heyrətləndirməlidir. Son dönəmlər onsuzda ağır mətnlər yazılır. Məncə yazıçı ən ciddi romanında belə oxucunu əyləndirməyi bacarmalıdır. Müasir oxucunu ağır mətnlərlə yükləmək, oxucunu ədəbiyyatdan küsdürməkdir".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top