BMT-dən “Kürdüstan bayrağı” açıqlaması

BMT Kərkük şəhərində İraq Kürdüstan Regional Hökumətinin (İKRH) bayrağının asılıması məsələsinə münasibət bildirib. “Yeniavaz.com”un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İraqın Kərkük şəhərində müəyyən müddətdir bayraq gərginliyi davam edir. İraq konstitusiyasına əsasən, mərkəzi hökumətə tabe olan Kərkükdə İKRH-nin bayrağı asılır. Türkmənlər və ərəblərin etirazından sonra BMT məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “İraqın Kərkük şəhərində bütün dövlət qurumlarına İKRH-nin bayrağının asılması narahatçılıq yaradır”. BMT-nin İraq Yardım Missiyasından verilən açıqlamada qeyd edilir ki, İraq konstitusiyasına əsasən Kərkük İraqın mərkəzi hökumətinin səlahiyyəti çərçivəsinə daxildir və orada İraq bayrağından başqa heç bir bayraq asılmamalıdır. BMT İraqda bir çox etnik və dini qruplar arasında uzlaşma və sülhü təhdid edə biləcək təktərəfli addımlar barədə xəbərdarlıq edib.

Xatırladaq ki, İKRH-nin başçısı Məsud Bərzaninin Kərkükə vali təyin etdiyi Nəcməddin Kərim şəhərdəki bütün rəsmi qurumların binalarında “Kürdüstan bayrağı” asılmasını istəmişdi. İraq Türkmən Cəbhəsinin başçısı Ərşad Salihi isə bundan sonra küçələrə, evlərə türkmən bayrağı asmağa başladıqlarını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top