Ukrayna qadağa qoydu: Rusiya “Eurovision”da iştirak etməyəcək

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etmək üçün seçilmiş Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyub. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu UTX-nin nümayəndəsi Yelena Qitlyanskaya deyib. Onun sözlərinə görə, Y. Samoylovanın Ukraynaya girişi 3 il müddətinə qadağan edilib: “Qərar Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə əldə edilmiş məlumatlar əsasında qəbul edilib”. Qeyd edək ki, mahnı müsabiqəsinin yarımfinalı mayın 9 və 11-də, finalı isə 13-də keçiriləcək.

Xatırladaq ki, UTX martın 17-də bəyan etmişdi ki, Y. Samoylovanın Krıma mümkün səfərləri barədə məlumatın doğruluğunu yoxladıqdan sonra onun Ukrayna ərazisinə girişi ilə bağlı qərar verəcək. “Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Yon Ola Sand isə bildirmişdi ki, Rusiya ifaçısının iştirakı ilə əlaqədar məsələdə qərarı Ukrayna hakimiyyəti verməlidir. Y. Samoylova müsabiqədə “Flame is Burning” mahnısı ilə çıxış etməyi planlaşdırır. Müğənni uşaqlıqdan əlil arabasında hərəkət edir və birinci qrup əlilliyi var.

DİGƏR XƏBƏRLƏR

Top