Dənizkənarı Milli Parkdakı Novruz şənliyinin məşqi keçirilib

Martın 19-da Dənizkənarı Milli Parkda keçiriləcək Novruz şöləni yenə rəngli görüntüləri ilə iştirakçılara xoş ovqat bəxş edəcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi bayram tədbiri çal-çağırı, bölgələrimizin bar-bərəkətli Novruz sovqatı, el sənətkarlığı nümunələri, zəngin milli mətbəximizin təqdimatı ilə yadda qalacaq.

Martın 16-da ümumxalq şənliyinə hazırlıq işlərinin məşqi keçirilib. Hazırlıq prosesini yaxından izləyən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev builki bayram tədbiri haqqında jurnalistlərə müsahibə verib: "Hər il olduğu kimi, bu il də xalqımızın ən əziz bayramı - Novruz təntənəli şəkildə qeyd olunacaq. Hazırda Qız qalasının yanından başlayıb Dənizkənarı Bulvar boyunca davam edəcək şənliyin son məşqləri gedir. Görülən işlər onu deməyə əsas verir ki, Novruz bayramına həsr edilən bu möhtəşəm tədbir bütün insanların ürəyincə olacaq".

O, şənliyin proqramı haqqında da ətraflı məlumat verib: "Hər il Novruz bayramı Prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yüksək səviyyədə qeyd olunur. Bu il də ənənə pozulmayacaq. Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı həm Bakıda, həm də bölgələrdə geniş qeyd olunacaq. Tədbirdə ənənəvi "Şərq bazarı" da təşkil ediləcək... Bayramın personajlarına gəlincə, ənənəvi olaraq şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı iştirakçıları salamlayacaq. Kosa və Keçəllə bağlı səhnə, xalq dastanları və nağıl qəhrəmanlarının bir araya gəlməsi mərasimə xüsusi rəng qatacaq. Teatrların aktyorları, o cümlədən Azərbaycan Dövlət Kukla Teatrının bütün kollektivi həm kukla obrazlarında, həm də xalq nağılları qəhrəmanlarının obrazlarında çıxış edəcəklər".

Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivi, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupu, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də bayrama rəng qatacaqlar. Tədbir daha sonra "Saat" qülləsinin qarşısında davam edəcək. Burada səhər saatlarından başlanacaq bayram konserti axşam saatlarınadək izləyicilərə xoş ovqat bəxş edəcək".

Diqqətə çatdırılıb ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi də Novruz şənliyinin təşkil olunmasında yaxından iştirak edir.

Onu da bildirək ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs nümunələrinin reprezentativ siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən martın 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top