Kamran Yunis: "Mənim aktyorlara yazığım gəlir" MÜSAHİBƏ VİDEO

Tanınmış aktyor Kamran Yunisin "Yeniavaz.com" saytına müsahibəsi.

- Sizin haqqınızda həmkarlarınız çox yaxşı sözlər deyirlər. Çəkildiyiniz serialda vicdanlı insan obrazını canlandırırsınız. Belə həssas olmaq yaradıcı adam üçün çətin deyilmi?

- Öncə sizə təşəkkür edirəm, saymısınız və dəvət etmisiniz. Bu ən önəmli tərəfidir. Çünki çağırmasaydınız, dəyər verməsəydiniz, bizim söhbətimiz alınmayacaqdı. Sizə və sizin kollektivə minnətdaram; ikincisi o şəxslərə minnətdaram ki, onlar mənim haqqımda dəyərli sözlər deyirlər. O ki, qaldı həssaslığa... Əslində sənət həssaslıq tələb edir. Əgər sən həssas olmasan sənətdə heç nə etmək mümkün deyil. Sənət incəlik, sənət zəriflik məqamıdır. Kobud adamın bu sənətdə nə işi ola bilər? Söhbət fiziki kobudluqdan getmir, fiziki zəiflik, incəlikdən getmir. Sohbət mənəvi zəriflikdən gedir. Nə xoş halımıza ki, mənəvi zərifliklə bu nöqtəyə gəlib çata bilmişəm. Ailəmin, ustadlarımın sayəsində bu zərifliyi də, həssaslığı da qazanmışam. Qarşında görünən yalnız mənim cismimdir. Sözüm, danışığım, baxışım - hər nə varsa, onu insanlara borcluyam. Mən kiməm ki...? Sadə, adi - hamı kimi bir insanam.

"... mən beləyəm, mən yaxşıyam, məndən yoxdur"

- Aktyor olmaq üçün ən yaxşı olan nədir? Məsələn, bir tamaşaçı deyər ki, "bu olsaydı" yaxşı aktyor ola bilərdi...

- Mənim bu məsələdə bir az tərəddüddə qaldığım məqamlar var: bir tərəfdən deyirəm ki, yaxşı məktəb lazımdır; ikinci məqamda deyirəm ki, yox, gərək insan aktyor doğulsun. Bu iki tərəfin tərəddüdündə qalmışam. Görünür ki, insan aktyor, həmçinin istedadlı doğulmalıdır. Allah sənə istedad veribsə, bu hələ başlanğıcıdır. Özül binanın zirzəmisidir. Yəni, istedad sənətin başlanğıcdır. Sonra bu sənətin elmi tərəfi gəlir. Sonra illərlə söyülmək, döyülmək gəlir sözün böyük mənasında. Bütün bunlardan keçəndən sonra əgər sən doğru-düzgün yoldasansa, doğru-düzgün ustaddan dərs alırsansa, onda gəlib bu ali məqama çıxırsan. İstedadın varsa, ancaq düzgün yönləndirilməmisənsə o zaman yaxşı nəticə olmayacaq. Hamımız harasa gedib çıxacağıq. Birimiz gedib zibilliyə, birimiz gedib teatrın səhnəsinə, birimiz kinostudiyaya, birimiz isə isə üfüqə - Allah qatına gedib çıxacağıq. Bir də sənə kimsə deyəndə ki, burada düz eləmədin, bax, onda gərək düşməyəsən onun canına ki, mən beləyəm, mən yaxşıyam, məndən yoxdur. Sənə deyiləndə ki, bunu düz eləmədin, burada yanlış var - "təşəkkür edirəm" demək lazımdır. Sonra həmin cümləni günlərlə, aylarla düşünmək lazımdır. Bəlkə o cümlənin harasındasa həqiqət var.

"Mənə verilən rolda, Kamranın içində olan obrazı axtarıb tapıram"

- Şəxsi keyfiyyətlə, aktyorluq obrazı yaxın olmalıdırmı?

-Təbii. Əgər mən nə edirəmsə özümdən çıxış edirəm. Mən heç vaxt obraz yaratmıram. Bizim üçün hər bir insan forması var; ağıla gələn və gəlməyən. Oğru və türmədə yatan bir cəllad düşünək. Bəlkə də, o da bir atadır, həm də yaxşı ərdir. Mənə verilən rolda, yəni Kamranın içində olan o obrazı axtarıb tapıram. Hər bir insanın içində pis tərəf də var. Lakin biz onu üzə çıxmağa qoymuruq. Kinodakı mənfi obrazlar bizim içimizdə yatan ikinci özümüzük.Və mən özüməm kinoda da. Yox, mən rol yarada bilmərəm. Mənim bu barmaq izlərimdən heç kimdə yoxdur. Ona görə də mən özüm-özümü oynayıram, tarix üçün mən maraqlıyam, Yusif, Aydın, nə bilim digər obrazlar yox. Rejissor günlərlə oturub fikirləşir ki, bu personaj kimin əyninə biçilib. Mənə kimlərsə nəsə deyəndə, aktyor sənətinə ağız büzəndə deyirəm ki, bir dəqiqə dayanın, bizim sənətin İlahm Hüseynovu var. Çox peşəkar aktyordur. Yəni mütləq obrazla, şəxsiyyət arasında bir asılılıq olmalıdır.

"Kinomuz da o səviyyədədir"

- Azərbaycan kino sənəti hansı səviyyədədir?

- Mənə görə mənim səviyyəmdədir. Bir başqasına görə onun öz səviyyəsindədir. Bir dəfə mənim müəllimimə kimsə dedi ki, Azərbaycanda teatr ölüb. Vaqif İbrahimoğlu qayıdıb dedi ki, özün ölmüsən, mən ölməmişəm. Mən öləndə mənim üçün teatr sənəti öləcək. Bu gün kino sənəti acınacaqlı bir vəziyyətdədir. Bilmirəm bu cümləni demək nə dərəcdə düzgündür. Bir də görürsən sosial şəbəkələrdə aləmi dağıdırlar ki, bizdə kino belə, elə. Mən onlara deyirəm ki, səhiyyəmiz, iqtisadiyyatımız, idmanımız, necədirsə, kinomuzda o səviyyədədir. Bunu deməklə iqtisadiyyatı, səhiyyəni pisləmirəm və şübhə altına qoymuram. Müstəqilliyimiz cavandır, biz də inkişaf edə-edə gedirik. Üç il bundan qabaq "Vicdan haqqı" kimi serial yox idi. Beş il bundan qabaq "Qarabağ" kimi futbol komandamız yox idi. Ancaq bu gün bunlar var. Düzdür, bu daha sürətli ola bilərdi. Mənim ümümiyyətlə aktyorlara yazığım gəlir. Bəli, ölkədə sənətlə məşğul olanlara mənim yazığım gəlir. Ayrı qazanc yeri yox. 170-180 manatla gəl yaşa, ailə saxla. Necə?! Bunun kimsə həllini desin, deyim mümkündür. Axı mümkün deyil. Ona görə durub aktyorları analiz edim, deyim bu yaxşıdır, bu pisdir... Hamımız eyni qazanın içində qaynayırıq. Bütün bunlara baxmayaraq, Azərbaycan mədəniyyəti var. Fuad Poladov, Ramiz Novruz və digər belə sənətkarlarımız varsa, deməli Azərbaycanın mədəniyyəti var.

"Biz Hollivuddan yaxşı çəkirik"

- Aktyor kimi yerli filmləri, başqa ölkədə çəkilən filmlərlə müqayisə edirsiniz?

- Biz Hollivuddan yaxşı çəkirik. İnanmırsan? Bilirəm, inanmırsan! Hollivud bizim şərtlərlə film çəkə bilməz. Çox uzağı demirəm - qonşu Türkiyədə aktyor həftəsinə iyirmi-otuz min pul alır. Hələ mən Hollivuda gedib çıxmıram, mən Avropanı demirəm. Yəni, şərtlər başqadır. Onların texniki təhcizatı başqadır. Məsələn, Türkiyənin məşhur seriallarından biri olan, "Möhtəşəm yüz il" (Muhteşem Yüzyıl ) serialı. Film qurtarır - 15 dəqiqə titrlar gedir; 4 pirotexnik, 6 rejissor assenti, 7 qrimyor, 4 aşpaz, 8 şofer və s. Yəni bir serialdan yüz insan yararlanır. Bizdə nə qədərdir? Onlar bax buna görə bizim şərtlərlə film çəkə bilməzlər. Vallah, çəkə bilməzlər! Biz bu şəraitdə film çəkiriksə, ən pisdən tutmuş, yaxşımıza qədər qəhrəmanıq. Türkiyədə kinoya yeni addım atan bir uşağa deyirəm ki, mən sizinlə söhbət etmək istəyirəm. O qayıdıb deyir ki, mənim prodüserimlə danışın. Bizdə isə aktyorların prodüseri var anlayışı yoxdur. Prodüserim də, aşpazım da, fəhləm də özüməm.

"Hollivud elə hoqqalardan çıxıb ki, yenilik haqqında danışmaq qeyri-mümkündür"

- Elə bil bütün mövzular işlənib. Ancaq eyni mövzulara uyğunlaşdırılıb, yenilik etmək olarmı?

- Türkiyədə gözəl seriallar çoxdur. Ancaq mən o aktyor sənətini bəyənmirəm. Bunu mən deyirəm və sözümün üstündə də dururam. Böyük aktyorlardan çox üzr istəyirəm! Çox sevilə, bəyənilə bilər. Bu dəqiqə onu sübut etməyə nə həvəsim, nə də vaxtım yoxdur. Qısaca onu deyirəm: gözəl, "maska" oğlanları gətirib serialın baş roluna qoymaq... Təbii ki, onlar da istedadlıdırlar. Kino bildiyimiz kimi, yaradıcı yox, texniki sənətdir. Avropa və Amerika, həmçinin Türkiyə, İran - bu ölkələr filmin texnikasını çox yaxşı bilirlər. Model oğlanları kinoda oynada bilirlər. Konkret buna sənət yox, el dilində nazlanmaq deyirlər.

Dünyada ən çətin bir şey varsa, o da ilk olmaqdır. İlki edəndə yenilik olur. Ancaq serialda nə yenilik olacaq ki... Hollivud elə hoqqlardan çıxıb ki, yenilik haqqında danışmaq qeyri-mümkündür. Məsələn, xarici filmlərdə olan o boyda ordunu gətir. Hardan gətirək? Ona nə qədər pul lazımdır, nə qədər geyim lazımdır. Nə qədər qılınc, nə qədər qalxan, at, araba və s. Onlar hər yerdə möhürlərini qoyublar. Azərbaycan "Mersedes 190" istehsal etsəydi, nədənsə danışmaq olardı. İkinci bir tərəfi odur ki, peşəkar olmayan aktyorlar da çoxdur. Elələri var ki, əllərini idarə edə bilmir, yeriyə bilmirlər. Aktyor "gəlirəm" yerinə "cəlirəm" deyir. Bu aktyordan nə gözləyəsən axı? Bu aktyorla hollivuddan danışıb yenilik eləmək istəyirsən? İndi o aktyoru gətirsən, mənə salam verməz başlayar sənətdən danışmağa. Deyər ki, sənət belədir, elədir, dərs keçər adama.

- Hansı filmləri bəyənirsiniz?

- Yaxşı işlər var. Gənclər var, onları bəyənirəm. Ancaq indi yadıma sala bilməyəcəyəm. Azərbaycan istedadlı insanlar ölkəsidir. Allah bizdən heç nə əsirgəməyib. Maraqlı kinolar var. Uğursuzluqlar çoxdur. İstəməzdim elə olsun. Mən istəyərdim kinostudiyamız işə düşsün və peşəkar adamlar çalışsın.

- Kino sahəsində yeni planlarınız varmı, nə yenilik gözlənilir?

- Hələ ki, yaşamaq istəyirəm. Başqa heç nə istəmirəm. Deyir Allahı güldürmək istəyirsənsə, planlarından danış. Yaşamaq və sevdiklərimin yanımda olmasını istəyirəm, dua edirəm.

- Poeziyaya marağınız necədi?

- Ağıla gəlməyəcək qədər çox sevirəm poeziyanı. Yaddaşla bağlı çox əziyyət çəkirəm.

- Hansı şairləri oxuyursunuz?

- Vaqif bayatlı Odər, Ramiz Rövşən. Rüstəm Behrudi və s.

Ruzbeh Məmməd

Kamran Yunisov

DİGƏR XƏBƏRLƏR

Top