Şəki sakinindən "Yeniavaz.com"a müraciət - Nazirlikdən AÇIQLAMA

Şəki rayonunun Baş Göynük kənd sakini Mustafayev Soltan Salam oğlu "Yeniavaz.com" saytına müraciət edib. O, üzləşdiyi problemlə bağlı bunları deyib: "1954-cü il Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşam. 19 il kənddəki "Qafqaz" kolxozunda işləmişəm. Bir müddət öncə pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Şəki Şöbəsinə müraciət etmişəm. Lakin oradan mənim müraciətinə müsbət cavab verilməyib".

Şikayətçinin sözlərinə görə, ona şöbədə deyiblər ki, kolxoza işlədiyi müddətdə minimum əmək günü normasını yerinə yetirməyib: "Bildirdilər ki, 19 ildə cəmisi 5 ilin minimum əmək günü normasını yerinə yetirmişəm. Ona görə də pensiyaya çıxa bilmərəm".

Mustafayev Soltan Salam deyir ki, kəndləri dağlıq ərazidə yerləşdiyindən ilin 6 ayında kolxozda iş olmayıb və ya ayda bir-iki gün iş olub. İlin qalan 6 ayında isə hər ayda cəmi 10-15 gün iş olub.

Şikayətçinin sözlərinə görə, iş günləri normasını yerinə yetirməməsinin səbəbi ondan asılı məsələ olmayıb: "Hər halda iş olsaydı, gedib işləyərdik. Bizə deyirdilər ki, ilin filan aylarında bu günlərdə iş olmayacaq, biz neyləyə bilərdik? Xahiş edirəm, problemə aydınlıq gətirilməsinə köməklik göstərəsiniz".

Məsələ ilə əlaqədar saytı olaraq "Yeniavaz.com" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərdik.

Nazirlikdən sorğumuza verilən cavabı təqdim edirik: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, kişilər 63 yaşına çatdıqda və azı 12 il sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Kolxoz və sovxozlarda iş stajı tam tarla dövrü və ya tam il ərzində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olması barədə sənədə əsasən müəyyən edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika Dövlət Arxivinin Şəki Filialının 06 fevral 2017-ci il tarixli 53 nömrəli arayışına əsasən Şəki rayon Baş Göynük kənd sakini Soltan Salam oğlu Mustafayev "Qafqaz" kolxozunda 1979-1996-cı illərdə həmin kolxoz üzrə müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirmədiyi üçün onun həmin illər üzrə 5 il iş stajı toplanır. Nəticədə vətəndaş 2 il hərbi xidmətlə birlikdə 7 il (5 il + 2 il = 7 il) iş stajına malikdir".

Nazirlik bildirir ki, vətəndaş S. S. Mustafayev yuxarıda göstərilən qaydada tələb olunan 12 il sığorta stajına malik olmadığı üçün onun qanunvericiliklə yaşa görə əmək pensiyası hüququ yaranmır.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top