Rusiya və İsrail diplomatları Lapşinlə bağlı Azərbaycanın cavabını gözləyirlər

Rusiya və İsrail səfirliklərinin əməkdaşları Azərbaycan tərəfindən Bakı istintaq təcridxanasında olan Rusiya-İsrail bloqeri Aleksandr Lapşin ilə görüş haqqında sorğuya cavab gözləyirlər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu bloqerin vəkili Eduard Çernin deyib. O bildirib ki, A. Lapşinlə görüşü olub: “Saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Hər şey normaldır”. Vəkil əlavə edib ki, bloqerin işi üzrə məhkəmə prosesinin başlama müddəti barədə hələ heç nə məlum deyil: “Rusiya və İsrail səfirliklərinin əməkdaşları Azərbaycan tərəfindən Aleksandr Lapşin ilə görüş haqqında sorğuya cavab gözləyirlər. Bu barədə müraciət edilib”.

Qeyd edək ki, ikili vətəndaşlığı (İsrail və Rusiya) olan A. Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb. Belarus Ali Məhkəməsi bloqerin Azərbaycana ekstradisiyasına dair qərar verib.

Xatırladaq ki, A. Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

DİGƏR XƏBƏRLƏR

Top