"Məni bu hala salan yaşadıqlarımdır" - xəstəxanalıq olan aktrisa

Əməkdar artist Naibə Allahverdiyeva səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Ötən ilin yay ayında əsəb dispanserində müalicə olunan aktrisanın bir neçə gün öncə halı yenidən pisləşib. Dünən isə o, təcili yardımla Bakı Sağlamlıq Mərkəzinə gətirilib.

"Yeniavaz.com" xəbər verir ki, musavat.com saytının əməkdaşı əməkdar artisti xəstəxanada ziyarət edib. N. Allahverdiyeva qan təzyiqindən əziyyət çəkdiyini və keçirdiyi stress nəticəsində halının pisləşdiyini deyib:

“Bir müddət öncə yolda əsəb keçirdim, təzyiqim 250-ə qalxdı. Həmin ərəfədə müalicə olundum, səhhətim yaxşılaşdı. Sonra yenidən halım pisləşdi. Bütün orqanlarımı yoxlatmışam, sağlamam. Mənimki əsəbdəndir. Üç gün öncə yaşadığım gərginliklə bağlı təzyiqim qalxdı, dərman içsəm də, təzyiqim düşmədi. Dünən isə təcili yardım ilə xəstəxanaya gətirildim. Həkimlər sağ olsunlar, bacardıqlarını edirlər. Lakin hələ də özümü pis hiss edirəm, beynim pozulub, fikrim tez-tez dağılır. Həkimlər deyir əsəbdən krizis keçirirəm. Məni bu hala salan yaşadığım stressdir".

Danışarkən göz yaşlarını saxlaya bilməyən aktrisa gərginliyinin səbəbini isə tam açıqlamayıb: "Halım pisdir, əsəbi olmağımın səbəbini tam olaraq açıqlamaq istəmirəm. Onu deyim ki, bu hal iş qrafikim ilə bağlı deyil. Mən heç vaxt işdən qorxmamışam. Öz sənətimdən zövq alıram. Həyatımız tək işdən ibarət deyil, bu haqda danışmaq istəmirəm".

(Aktrisa danışa-danışa səhhətinin yenidən pisləşdiyini bir daha vurğulayır)

"Başımda, ayaqlarımda dəhşət ağrı var. Ayaqlarımda üyüşmə var. Heç yaxşı deyiləm. Bilmirəm axırım necə olacaq".

Halının pisləşdiyini deyən aktrisanın həyat yoldaşı Yusif bəy onun təzyiqini ölçür və yüksək olmadığını bildirir.

N. Allahverdiyeva xəstəxanada pərəstişkarlarının ona göstərdiyi qayğıdan və sevgidən də bəhs edib: "Burada mənə çox yaşxı baxırlar. Pərəstişkarlarım tez-tez məni ziyarət edir. Hələ bir xanım var, şəkər xəstəsidir, təzyiqi 300-ə qalxır. Amma mənim yanımdan əl çəkmir. Mənə hədiyyələr alır, şirniyyat və içkilər gətirir, üzü isə daim gülür, ondan pozitiv enerji alıram. İnsan xəstə olanda pərəstişkarları tərəfindən nə qədər sevildiyinə bir daha əmin olur".

Əməkdar artist ona baş çəkən həmkarlarından da danışıb: "Hamı iş adamıdır, mənimlə maraqlanmayanlardan incimirəm. Həmkarlarımdan Nübar Novruzova, Almaz Mustafayeva, və Əjdər Həmidov ziyarətimə gəlmişdi. Zəng edib maraqlananlar da az deyil. Allah hamıya can sağlığı versin. Mən də tezliklə sağalmaq istəyirəm. Mart ayında tamaşam var. Yəqin ki, o zamana kimi sağalacağam. Hamını tamaşama dəvət edirəm".

DİGƏR XƏBƏRLƏR

Top