"Ana harayı" da bizi buna haraylayır"

Kinorejissor Vaqif Mustafayevin ssenarisi əsasında mərhum sənətkar Ceyhun Mirzəyevin quruluş verdiyi və baş rolu ifa etdiyi "Fəryad" filmində Qarabağ həqiqətlərini - Xocalı soyqırımını tam şəkildə ortaya qoyulub desək, yanılmarıq. 24 il keçməsinə baxmayaraq "Fəryad" filminə bu gün də maraqla baxılır. Özü də həyəcanla...Hər dəfə bu filmə baxanda o dəhşətləri bizə çatdıran Ceyhun Mirzəyevin ruhuna dualar oxumamaq mümkün deyil. Doğrudan da, o, bu film üçün çox çalışdı. Bu onun çəkildiyi son film olub. Özü bu filmini görə bilməyib. Hətta amansız ölüm ona imkan verməyib ki, heç olmasa filmin premyerasında iştirak etsin.

Bunu niyə xatırladım. Dünən Xocalı soyqırımı ilə bağlı Bakıdakı "Ana harayı" abidəsini ziyarət edərkən orada yüzlərlə xocalı gördüm. Onların üzündə o müdhiş gecənin dəhşətləri açıq-aydın sezilirdi. Elə bu təəssüratlarım əsasında bir yazı yazmaq istədim. Lakin bacarmadım. Birdən-birə "Fəryad"ın quruluşçu operatoru, görkəmli sənətkar, film tariximizə öz möhürünü vurmuş Kənan Məmmədovun çəkilişlər prosesi ilə bağlı verdiyi açıqlamasındakı bu sözlər yadıma düşdü. O deyirdi: "Filmin çəkiliş qrupu Naftalanda Xocalı qaçqınları məskunlaşan pansionata getdilər. İnsanlarla danışıqlar aparıldı, başa salındı ki, bu dəhşətlər barədə film çəkirik... Çəkiliş üçün bizə 100-150 nəfər adam lazım idi. Deməli 2 "İkarus" uşaq, böyük hamısı öz geyimində həmin təzə qar düşmüş yerə gəldi. Mən kameraya baxa-baxa insanları qar üstünə hərəsini bir formada "səpələdim". Əlimdə meqafon qışqırırdım ki, "filankəs belə dön, o yana uzan" və s. Bir də gördüm kimsə hönkürtü ilə ağlayır. Çevriləndə Ceyhunu gördüm. Soruşdum ki, "niyə ağlayırsan?" Dedi: "Bu insanlar xilas olsa da, indi "Xocalı" dəhşətini yenidən yaşayırlar".

Onun dediklərinə yalnız bu sözləri əlavə etmək istəyirəm: "Gün o gün olsun ki, Xocalını Bakıda deyil, elə Xocalının özündə yad edək. Bəlkə onda Xocalı dəhşətlərini belə yaşamarıq. Məncə, elə Bakıdakı "Ana harayı" da bizi buna haraylayır".

Qvami

DİGƏR XƏBƏRLƏR

Top