"Dövr ünsiyyətin çərçivəsini daraldıb" - Qulu Məhərrəmli

Sokrat deyirdi ki, "İnsan, danış, görüm kimsən". Günümüzün real problemlərindən biri də, insanların ünsiyyəti, daha doğrusu, ünsiyyətsizliyi ilə bağlıdır. Elektron yazışmalar, virtual həyat insanların danışıq qabiliyyətində çətinliklər yaradır, ünsiyyəti çətinləşdirir.

Yeri gəlmişkən, bir neçə il öncə "IDC" analitik şirkəti "Facebook"un 18-44 yaş arası 7446 amerikalı istifadəçisi arasında sorğu keçirmişdi. Respondentlərin 50%-i smartfon istifadəçisi idi. Sorğunun nəticəsinə əsasən, rəyi soruşulanların 79%-i yuxudan oyandıqdan 15 dəqiqə sonra elektron poçtunu və sosial şəbəkədəki səhifəsini yoxlamaq üçün internetə daxil olduğunu bildirib. Respondentlərin 62%-i isə yuxudan oyandıqdan dərhal sonra internetə daxil olduğunu deyib. 18-24 yaş kateqoriyasında bu göstərici müvafiq olaraq 89% və 74% təşkil edib.

"Toyda ünsiyyətdə ola bilmədikləri halda, yas məclislərində dioloqa girirlər"

Teletənqidçi, professor, əməkdar jurnalist Qulu Məhərrəmli də insanlarımız arasında real ünsiyyətin azalmasını problemlərdən biri hesab edir: "Bunun müxtəlif səbəbləri var. Adamların məşğulluğu ilə bağlı, internet medianın sürətlə inkişafı və s. Bakı şəhərində ünsiyyətə mane olan səbəblərdən biri kimi tıxacları göstərə bilərəm. İnsanlar bir yerdən, başqa yerə getmək üçün saatlarla vaxt sərf edirlər. Biz buna çox vaxt əhəmiyyət vermirik, hərçənd, böyük sosial problemdir. Canlı ünsiyyəti azaldan vasitələr vardır: elektron yazışmalar, sosial şəbəkələr və s. Dövr ünsiyyətin çərçivəsini daraldıb".

Q. Məhərrəmli ünsiyyət problemindən çıxış yolu kimi bunları qeyd etdi: "Bunun qarşısını almaq üçün hesab edirəm ki, müəyyən formalar var. Onlardan ən əsası ictimai müzakirələr formasıdır. Bura kitab müzakirələrini da daxil etmək olar. Bu formada insanların bir yerə yığılıb hər hansı mövzunu müzakirə etməsi insanlarda ünsiyyət problemini azaltmış olar. Adamlar toyda ünsiyyətdə ola bilmədikləri halda, yas məclislərində dioloqa girirlər. Bu problemin öz sosial tərəfləri var, onu hər hansı vasitələrlə bağlamaq düzgün olmazdı".

"Xoşbəxt olduqları insanla birlikdə olanda da internetə meyl edirlər"

Sosioloq Cavid İmamoğlu isə mövzuya belə münasibət bildirdi: "Müasir dünyamızın adı texnologiya dünyasıdır. Biz də müasir texnologiya imkanlarının əsirləriyik. Bu problem qlobal səviyyədə özünü göstərir. Yəni, insanlar artıq iternetdən asılıdırlar. Bu asıllıq da hər bir sahəyə sirayət edir. Hər bir insanın həm professional inkişafında, həm ictimai təfəkküründə asıllıq sindromu var. Əyani əsas kimi smartfonu misal gətirə bilərik. Bu kimi vasitələr bizi gündəlik həyatımızdan, ictimaiyyətlə ünsiyyət qurmaqdan yayındırmış olur. Smartfonlar bizim həyatımızın tərkib hissəsinə çevrilib. Smartfonsuz qalan insanlar artıq özlərini tək hiss edirlər. Texnologiyanın zərərlərdən biri də təklik fobiyasıdır. Bu qədər insan içində şəxslər özlərini tək-tənha hiss edirlər. Artıq ünsiyyət qura bilməmək məsələsi ailə daxili səviyyədə də baş verir. Yəni ki, insanlar ən çox xoşbəxt olduqları insanlarla birlikdə olduğu halda belə, ünsiyyətə yox, internetə meyl edirlər. Çox təəssüflər olsun ki, beş yaşından başlayaraq uşaqlar da texnologiyanın əsirinə çevrilirlər. Bu acınacaqlı bir durumdur, inkişafın qarşısını alır. Smartfon sanki "əmzik" kimi uşaqlarda inkişafın qarşısını alır. Uşaq artıq ətraf aləmdən ayrı düşür, özünə qapalı olur. Bütün dünyada olduğu kimi, Azərbaycan da texnologiyanın əsirdir, buna görə də insanlar elektron vasitələrlə bir-biri ilə əlaqə saxlamalı olurlar. Bu da təbii ki, canlı ünsiyyətin qarşısını alır, beləliklə, canlı ünsiyyət qurmaqda çətinlik çəkirlər".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top