Nazir: "Azərbaycanda işsizlik səviyyəsi Fransa və Finlandiyadan da aşağıdır"

"2016-cı ildə əvvəlki illə müqayisədə Azərbaycanda 2 dəfədən çox, yəni 56 min 631 nəfərin məşğulluğu təmin edilib. Görülən kompleks tədbirlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Belə ki, işsizlik səviyyəsi İspaniyada 19,6 faiz, Fransada 9,9 faiz, Finlandiyada 8,8 faiz, Xorvatiyada 12,8 faiz, Belçikada 8 faiz, Bolqarıstanda 7,7 faiz, Danimarkada 6,2 faiz, Latviyada 9,7 faiz, Litvada 8 faiz, Portuqaliyada 11,2 faiz, Slovakiyada 9,7 faiz, Sloveniyada 7,9 faiz, İsveçdə 6,9 faiz, Rumıniyada 6 faiz, Niderlandda 6 faiz təşkil etdiyi halda, Azərbaycanda 5 faiz həddindədir". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Yeniavaz.com"a verilən məlumata görə, bunu nazir Səlim Müslümov bildirib. Onun sözlərinə görə, Azərbaycan qlobal iqtisadi böhran şəraitində işsizlik və yoxsulluğun artmasının qarşısının alınmasında digər ölkələrlə müqayisədə əhəmiyyətli nəticəyə nail olub.

Nazir deyib ki, aparılan sosial-iqtisadi siyasət ötən dövrdə yoxsulluğun kəskin şəkildə azaldılması sahəsində əldə olunmuş nailiyyətin də qorunub saxlanmasına imkan verib: "Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın dünya üzrə ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici ölkəmizdə 5,9 faiz səviyyəsində olduğu halda, məsələn, Macarıstanda 14,5 faiz, Portuqaliyada 19,5 faiz, Rumıniyada 25,4 faiz, Latviyada 22,5 faiz, Litvada 22,2 faiz, Yunanıstanda 21,4 faiz və s. səviyyəsindədir".

Səlim Müslümov qeyd edib ki, ehtiyac meyarının məbləğinin artırılması ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin daha da genişlənməsinə səbəb olub: "Cari ildə də işsiz və işaxtaran vətəndaşlar üçün dövlət təşkilatlarında iş yerlərinin yaradılması və bu barədə məşğulluq orqanlarına məlumatların təqdim olunması işləri aparılır. Yalnız onu qeyd etmək kifayətdir ki, təkcə bu ilin yanvar ayında məşğulluq orqanlarının xətti ilə artıq 17 min 410 nəfər işsiz və işaxtaran şəxsin iş yerləri ilə təminatı həyata keçirilib. Cari ildə 103 nəfər işsiz və işaxtaran şəxs ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təmin olunub. Bu məqsədlər üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 6 milyon manat ayrılıb. Həmin vəsait hesabına ölkə üzrə təqribən 1400-dən yuxarı ailənin özünüməşğulluq layihələrinə cəlb edilməsi təmin olunacaq. Əgər hər ailədə orta hesabla 4-5 nəfər ailə üzvünün olduğunu nəzərə alsaq, bu proqram 6 mindən artıq insanın rifahında müsbət dəyişikliklərə imkan yaradacaq". S. Müslümov vurğulayıb ki, ümumilikdə il ərzində əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsinə, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ümumən sosial sabitliyin təmin olunmasına yönələn tədbirlər davam etdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top