Çavuşoğlu yunan həmkarını ərköyün uşaq adlandırdı

Yunanıstan və Türkiyənin bir çox bənzər yönləri var, xalqımız yunan adalarına gedir, onlar Türkiyəyə gəlirlər, amma bir ərköyün uşağın bunların hamısına kölgə salmasına ilk növbədə Yunanıstan imkan verməməlidir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri yunanıstanlı həmkarı Nikos Kotziasın açıqlamalarını şərh edərkən deyib. Yunanıstanla əlaqələrə önəm verdiklərini deyən M. Çavuşoğlu bununla belə, Egey adaları, uçuş xətti və s. məsələlər barədə fərqli mövqələrə malik olduqlarını qeyd edib: “Ancaq gərginliyin artmaması üçün bununla əlaqədar mexanizmlər var, danışıqlar aparılır. Lakin bu koalisiya ortağınız (N. Kotzias) sizin daim bu anlayışımızı yox edəcək addımlar atır, açıqlamalar verir, təxtibata çəkir. Səbrimizin də bir sərhədi var. Sonsuz səbrim yoxdur. Yunanıstanın indiki hökuməti də bu ərköyün uşaq olan nazirdən narahatdır. Onlara güc nümayişini göstərməyə ehtiyacımız da yoxdur. Türk əsgərinin lazım olduğu zaman nə edə biləcəyini ən yaxşı onlar bilirlər. Ən yaxşı hökumət bilir. O ərköyün uşağa yaxşı başa salsınlar”.

Xatırladaq ki, N. Kotzias Türkiyə Silahlı Qüvvələr Baş Qərargah rəisi Hulusi Akar və qoşun komandirlərinin yanvarın 29-da Kardak qayalıqlarına səfəri barədə sualı cavablandırarkən bildirmişdi ki, H. Akar Kardak qayalıqlarına çıxmaq istəyərdi, amma çıxa bilməzdi, çünki Yunanıstan bütün tədbirləri görmüşdü. Hazırda Yunanıstanda baş nazir Aleksis Tsiprasın başçılıq etdiyi SİRİZA partiyası ilə “Müstəqil yunanlar” (ANEL) partiyası koalisiya quraraq hökuməti idarə edirlər.

Qeyd edək ki, 1996-cı yanvar ayında iki ölkə arasında tarixə Kardak böhranı kimi düşən hadisə baş verib. Belə ki, “Figen Akat” adlı türk gəmisi 25 dekabr 1995-ci il tarixində Egey dənizində Kardak qayalıqlarındakı quru əraziyə çıxıb. Bu hadisədən sonra Yunanıstan dəniz qəzasının öz su sərhədlərində olduğunu iddia edib. Türkiyə isə həmin ərazinin özünə məxsus olduğunu bəyan edib. Yunanıstan ordusu bir müddət sonra şərqdəki kiçik adaya əsgər göndərərək bayraq sancıb.Türkiyənin keçmiş baş naziri Tansu Çillər “O bayraq enəcək, o əsgər gedəcək” deyərək ölkə ordusunun müharibəyə hazır olduğunu bildirib və yanvarın 30-da adaya əsgər göndərilməsini istəyib. Türk SAT və SAS komandaları Şərqi Kardağı mühasirəyə alan yunan donanmasının arasından keçərək yaxınlıqdakı ikinci adaya (Qərbi Kardak) gecə əməliyyatı keçərməklə türk bayrağını sancıb. Daha sonra ABŞ və NATO-nun işə müdaxiləsi ilə gərginlik azaldılıb və böhrandan əvvəlki vəziyyətə qayıdılıb.

DİGƏR XƏBƏRLƏR

Top