Yunan nazir: Türklər adalara ayaq basmayacaq

Türklər “yunan adalarına” ayaq basmayacaq və Türkiyə yeni “təxribatlar” halında cavabını alacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın milli müdafiə naziri Panos Kammenos Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “türklər Kardak adasına (yunanlar İmia adlandırırlar) çıxmaq istəsəydilər, bunu edərdilər” sözlərini şərh edərkən bildirib. Türkiyə və Yunanıstan Kardak qayalıq adaları üzərində mübahisə edirlər. Bu mübahisə 1996-cı ildə iki ölkə arasında az qala silahlı münaqişəyə səbəb olmuşdu. P. Kammenos qeyd edib ki, onlar “yunan adalarına” ayaq basa bilməyəcəklər: “Biz buna mane olacağıq. Əgər onlar ayaq bassalar, o zaman onların oradan necə qaçacaqlarına baxarıq”. Onun sözlərinə görə, Yunanıstanın indiki hökuməti 1996-cı ildəkindən fərqlənir və o geri addım atmayacaq: “İstənilən təxribata cavab veriləcək. Biz Çavuşoğluna xatırladacağıq ki, hazırda baş nazir Simitis deyil, Tsiprasdır, xarici işlər naziri Panqalos deyil, Kotziasdır, müdafiə naziri isə mən özüməm. Onların bayrağı dalğalanmayacaq”,

Xatırladaq ki, 1996-cı yanvar ayında iki ölkə arasında tarixə Kardak böhranı kimi düşən hadisə baş verib. Belə ki, “Figen Akat” adlı türk gəmisi 25 dekabr 1995-ci il tarixində Egey dənizində Kardak qayalıqlarındakı quru əraziyə çıxıb. Bu hadisədən sonra Yunanıstan dəniz qəzasının öz su sərhədlərində olduğunu iddia edib. Türkiyə isə həmin ərazinin özünə məxsus olduğunu bəyan edib. Yunanıstan ordusu bir müddət sonra şərqdəki kiçik adaya əsgər göndərərək bayraq sancıb.Türkiyənin keçmiş baş naziri Tansu Çillər “O bayraq enəcək, o əsgər gedəcək” deyərək ölkə ordusunun müharibəyə hazır olduğunu bildirib və yanvarın 30-da adaya əsgər göndərilməsini istəyib. Türk SAT və SAS komandaları Şərqi Kardağı mühasirəyə alan yunan donanmasının arasından keçərək yaxınlıqdakı ikinci adaya (Qərbi Kardak) gecə əməliyyatı keçərməklə türk bayrağını sancıb. Daha sonra ABŞ və NATO-nun işə müdaxiləsi ilə gərginlik azaldılıb və böhrandan əvvəlki vəziyyətə qayıdılıb.

DİGƏR XƏBƏRLƏR

Top