“ Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC fermerləri istehsalı artırmağa çağırıb

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC təchizat səviyyəsini öyrənmək və bölgələrdə yerli məhsulların tədarük potensialını yaratmaq məqsədi ilə regionlarda satınalan təşkilatlarla maarifləndirici görüşlərə başlayıb. ASC-dən "Yeniavaz.com"a verilən məlumata görə, bu gün Şəmkir-Qazax Regional Bölməsi üzrə (Ağstafa, Qazax, Gədəbəy, Tovuz, Şəmkir) Tovuz şəhərində dövlət satınalan təşkilatları, istehsalçılar və icra nümayəndələrinin iştirakı ilə regional müşavirə keçirilib. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH sədr müavini Xaliq Məmmədov müşavirədə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti tərəfindən cəmiyyətin yaradılması aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsullarının tədarük olunmasına, eləcədə satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə səbəb olacaqdır. Cəmiyyət dövlət başçısının tapşırıqları istiqamətində tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün regional görüşlər, sorğular, monitorinqlər keçirir. “Səhmdar cəmiyyət bu gün dövlətimizin başçısının da qeyd etdiyi kimi, kənd təsərrüfatı məhsulları istehsalçılarından istehsal etdikləri məhsulların elə tarlada alınıb daxili və xarici bazarlara satılması üçün davamlı fəaliyyət mexanizmi üzərində iş aparır”, - deyə Xaliq Məmmədov bildirib.


Bildirilib ki, hazırda Şəmkir-Qazax Regional Bölməsi üzrə 158 körpələr evi-uşaq bağçası, 6 mərkəzi xəstəxana, 95 icra nümayəndəlikləri keyfiyyətli ərzaq məhsulları ilə təmin edilir. Bütün bölgələrdə keçirilən bu görüşlərin məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, bölgədə istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsidir. Hər bir bölgədə yerləşən, təhsil müəssisəsi, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, eləcədə hərbi hissələrin ərzaq təminatı həmin bölgənin istehsal imkanları hesabına təmin olunarsa rayonlara böyük həcmdə vəsaitlər daxil olacaq. Əsas məqsəd büdcə vəsaitlərinə qənaət, şəffaflığın təmin olunması, yerli istehsalın dəstəklənməsidir. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH sədr müavini Elşən Əsədov 300 nəfərin iştirak etdiyi müşavirədə Gəncə bölgəsində yaşayan fermerləri iqtisadi aktivliyə çağırıb: “Gəncə ətrafı rayonların fermerlərinin bütün məhsullarının alınmasına dövlət zəmanəti veririk. Bu bölgədə əsas prioritetimiz, idxalı əvəzləyən məhsulların – kartof, mərci, noxud, qarabaşaq və digər məhsulların intensiv əkininin genişləndirilməsidir. Bölgənin aktiv fermerlərini Cəmiyyətlə əməkdaşlığa, arxasında dövlət zəmanəti dayanan müqavilələrin imzalanmasına dəvət edirik”. Regional görüşdə satınalan təşkilatların ərzaq məhsullarına tələbatı elektron portalından (tedaruk.az) istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar izah olunub. Tövsiyə olunub ki, hər bir satınalan təşkilat portalda öz tələbatını düzgün yerləşdirməli, dövlət vəsaitlərindən düzgün istifadə edilməsi məqsədi ilə verilən tələbatlar real ehtiyaclara uyğun olmalıdır. Bu istiqamətdə uşaq bağça müdirələrinin, xəstəxana nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, portalla işləmək bacarıqları ətraflı şərh olunub. Regional müşavirənin sonunda satınalan təşkilat nümayəndələri tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün təkliflərini səsləndirib. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC regionlarda satınalan təşkilatlarla maarifləndirici regional müşavirələri davam etdiriləcək.

Xatırladaq ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 aprel 2016-cı il tarixli № 1944 Sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir. Cəmiyyət 01 yanvar 2017-ci tarixindən etibarən satınalan təşkilatların (təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələri, digər dövlət obyektləri və s.) təchizatının həyata keçirilməsinə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top