Musiqili Teatr turizm şirkətləri ilə əlaqə yaradır

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir ilkə imza ataraq maraqlı bir layihəyə start verib. Belə ki, Musiqili Teatrda ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə dəyirmi masa arxasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş Sektorunun məsləhətçisi Rüstəm Mehtizadə ilə yanaşı, bir sıra turizm şirkətlərinin rəhbərləri - Əziz Şiriyev ("BakuTravel-Tourism"), Ülvi Süleymani ("ViaCaucasus"), Nərmin Məmmədova ("Master Travel"), Sənan Şıxəliyev ("Victory Tour"), Əminə Məmmədova ("Benefit Travel"), Cavad Cavadov ("ALDE Tour"), Səbinə Nəsirova, Nizami Həsənov ("Aristokrat Travel") və başqaları iştirak ediblər.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu işgüzar görüşün mədəni turizmin inkişafına böyük təsiri ola biləcəyini söyləyib. "Son zamanlar ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı imzaladığı bir sıra sərəncamlar, verdiyi tapşırıqlar turizmin nə qədər vacib və ölkə üçün prioritet sahə olduğunu bir daha təsdiq edir. Bu yaxınlarda teatrımız İranın məşhur komediya aktyoru, güneydə yaşayan milyonlarla soydaşımızın sevimli gülüş ustası Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə tamaşa hazırlamaq haqqında qərar qəbul etdik. "Bəxtəvər" adlı bu tamaşada həm Azərbaycan Dövlət Musiqili Teatrının, həm də Təbriz Teatrının aktyorları rol alacaq. Sürprizlərlə zəngin olan bu layihənin bir çox özəllikləri var. Onlardan biri də bilet satışı ilə bağlıdır. Belə ki, tamaşanın biletləri ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılacaq. Mədəni turizmin inkişafına yardımçı olmaq nöqteyi-nəzərindən bu səhnə əsərini tamaşaçılara Novruz Bayramı günlərində təqdim etməyi planlaşdırırıq. Bayram günlərində bir sıra ölkələrdən, qardaş Türkiyədən, İrandan, xüsusən İranın soydaşlarımızın sıx yaşadığı bölgələrindən, əsasən də Təbrizdən ölkəmizə çoxsaylı turistlərin gələcəyi proqnozlaşdırılır. Biz istərdik mədəni turizmin inkişafı baxımından yerli turizm şirkətləri də bu prosesdə fəal iştirak etsinlər". O daha sonra deyib: "Təklif edərdim ki, məsələn, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrın binasını da əlavə edəsiniz. Və yaxud tur-paketlərin mədəni istirahət hissəsinə Musiqili Teatrın hazırladığı klassik tamaşalarımızı - dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan", "Ər və arvad" kimi əsərləri də daxil etmək olar. Repertuarımızda rus bölməsinin hazırladığı səhnə əsərləri ilə yanaşı, bir sıra tamaşalar var ki, ingilis dilinə tərcümə olunub və tərcümə sətirlər - qaçan titrlər vasitəsilə tamaşaçılara təqdim olunur. Bu və digər məsələləri reallaşdıra bilsək, əməkdaşlığımızı genişləndirsək, ən azı mədəniyyətimizin təbliği baxımından bu, çox mühüm bir addım olar".

Qonaqlar da gələcək əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüblər.

DİGƏR XƏBƏRLƏR

Top