"Asya"nın vəfatından 12 il ötdü

Bu gün Xalq artisti Xuraman Hacıyevanın (7 mart 1945 - 15 fevral 2005) dünyasını dəyişməsindən 12 il ötür.

O, 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Arşın mal alan" bədii filmində oynadığı Asyası ilə daha çox tanındı və sevildi. Elə Gənc Tamaşaçılar Teatrının aktrisası (1972-ci ildən 15 fevral 2005-ci ilə qədər (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb), Xalq artisti Xuraman Hacıyevaya həmin obrazın adı ilə "Asya" deyə müraciət olunması da buna sübutdur. Deyilənlərə görə, rejissor Tofiq Tağızadə həmin rolu ona gözəl və hədsiz dərəcədə səmimi olduğuna görə veribmiş.

Sənət yoldaşları Xuraman Hacıyevanın həyatı boyu təbiiliyi və səmimiyyətini qoruyub saxladığını dəfələrlə vurğulayıblar. Yenə deyilənlərə görə, o, gözəllikdə Leyla Bədirbəyliyə bənzəyirmiş. Yaşa dolandan sonra da gözəlliyini itirməyibmiş. Yaşını ona vermək olmurmuş, cavan və təravətli görünürmüş.

Bundan sonra da o bir neçə filmə çəkildi və yaddaqalan obrazlar yaratdı. "Bakıda küləklər əsir"də Solmaz, "Birisigün, gecəyarısı"nda Laura, "Lətifə"da Xəlilova, "Gilas ağacında" uşaq, "Hökm" filmində Zərifə, "İşgüzar adamlar"da Xalidə və digər filmlərdə müxtəlif səpkili rollar ifa etdi. Gənc Tamaşaçılar Teatrında oynadığı Ceyran ("Yolda"), Qızılgül ("Aycan"), Gülsüm ("Yadındamı?"), Gülzar ("Tamahkar"), Cemma ("Ovod"), Humay ("Komsomol poeması"), Yetər ("Hacı Qəmbər"), Cəvahir xanım, Nəzakət ("Büllur sarayda" və "Sən həmişə mənimləsən") kimi səhnə obrazlarını da aktrisanın yaradıcılıq nailiyyətləri saymaq olar. Amma elə Asya kimi də yaddaşlarda qaldı.

Burada bir haşiyə çıxmaq istərdik. Çoxları elə bilir ki, bu onun ilk rolu olub. Amma Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel Qasımovun sözlərinə görə, bu heç də belə deyil. Sən demə, Xuraman xanım ilk dəfə Tariyel müəllimlə birgə Seyid Hüseynin "Şirinnaz" hekayəsi əsasında hazırlanmış "Gənclik macərası" adlı televiziya tamaşasında oynayıb.

...Amma Xuraman xanım aktrisa kimi uğurlu olsa da, şəxsi həyatında xoşbəxt ola bilməyib.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top