"İllərlə işləyib kitabda yazılmayan o sirri tapmaq lazımdır" - MÜSAHİBƏ VİDEO

Azərbaycan kinosundan danışanda klassik filmlərimiz göz önünə gəlir. Hər dəfə baxdıqca bir hiss, bir ovqat yarada bilən belə filmlərimiz unudulmur. Bu gün də Azərbaycanda filmlər çəkilir. Belə filmlərdən biri də “Dolu”dur. Qarabağ müharibəsindən bəhs edən bu film az bir vaxtda geniş izləyici kütləsinin sevgisini qazana bildi. Bu filmdə ən çox bəyəndiyimiz obrazlardan biri də “Drakon” obrazıdır. “Yeniavaz.com” “Drakon”la - aktyor Rza Rzayevlə müsahibəni təqdim edir.

“Aktyor məktəbini keçənlər insanlara özlərini təqdim edə bilməmişdilər”

- Sizin haqqınızda internetdə axtarış etdim, müsahibələrin birində deyirsiniz ki, "mənim doğulduğum bölgədə aktyorlara pis baxırlar". Buna səbəb nədir, aktyor olmaq niyə pis sayılsın?

- Bizdə bölgə, region söhbəti süni məna daşıyır, başqa anlam verir. Sözsüz ki, ümümi anlayışlar var və kiçik anlayışlar toplusundan yaranır. Böyük vətən anlayışı da bölgələrdən yaranır. Bunu süniləşdirərək başqa yönlərə apardıqlarına görə, biz hər zaman bölgə anlayışından qaçırıq. Mən Naxçıvanda doğulmuş Azərbaycanlıyam. Naxçıvan Azərbaycanın spesifik bölgəsidir. Hər tərəfi sərhəddir. Orada yaşayan insanların düşüncəsinə dörd bir tərəfdən çəkilən çəpərlər də böyük təsir göstərib. Orada insanlar daha çox milli adət-ənənələrə bağlı və daha çox düşüncələrində siyasiləşmiş insanlardır. Siyasi təfəkkürləşmiş insanlar çox olduğu üçün əsasən dövlət işlərinə maraq göstərirlər. Hüquqşünas olmağa, politoloq olmağa can atıblar. Müsahibələrimin birində zarafatla belə bir ifadə işlətmişdim; Naxçıvanda analar uşaqlarına lay-lay deyəndə - mənim nazir balam, prezident balam kimi əzizləyirlər (gülür). Təbii ki, bunlar zarafatdır. Ancaq zarafatlar, lətifələr özbaşına yaranmayıb. Deməyim odur ki, siyasi aktiv düşüncə bizim bölgədə daha üstündür. Mənim doğulduğum məhəllədə əsasən ata tərəfimiz bir yaşayıb. Milli adət-ənənələrə riayət edən insanlar olublar. Bölgəmizdə çox ağır durum olub sovet vaxtı. Mən bu baxımdan o ifadəni işlətmişəm. Yəni, o şəraitdə yaşayan insanlar aktyor sənətinə ciddi yanaşmayıblar. Bir az da, əsas səbəb kimi onu göstərə bilərəm ki, aktyor məktəbin keçənlər özlərini insanlara bəlkə də daha doğru təqdim edə bilməmişdilər. İnsanları güldürmək, dırnaqarası klounluq etmək kimi hərəkətlər camaatın şüurunda bərqərar olub. Ancaq əslində aktyorluq sənəti böyük sənətdir. Böyük gücü ondan ibarətdir ki, şəxsiyyətlə sənət birləşəndə daha effektiv bir iş sərgiləmiş olursan. Bütün sahələrdə mənfi və müsbət insanlar olduğu kimi, aktyorluq sənətində də var. Dəyərli insan hansı sahədə olarsa, o sahəni dəyərli edir.

“İdman zalında olarkən gəlib məni aparıblar və aktyor kimi seçiblər”

- Bəzi aktyorlar reklam çarxlarından, bəziləri müəllimlik etməklə qazanırlar. Siz necə, ancaq çəkildiyiniz kinolardan qazanırsınz?

- İki il bundan öncəyədək, yəni rejissorluq sənətini oxumayana qədər Türkiyəyə getməyənə kimi dövlət işində çalışmışam. Naxçıvanın Bakıdakı Nümayəndəliyində işləyirdim. Əsasən ictimai işlərlə məşğul olmuşam. İçimdə hansısa qüvvə var idi ki, o məni harasa dartırdı. Heç özümdə bilmirdim ki, nə vaxtsa gəlib rejissor, aktyor olaram. Bu haqda heç vaxt düşünməmişəm. Bu günə qədər yaşadıqlarımı düşünəndə görürəm ki, nəyinsə dalınca qaçdığım olmayıb. Heç aktyorluğun dalınca da qaçmamışam, məni aktyorluq özü tapıb. İdman zalında olarkən gəlib məni aparıblar və aktyor kimi seçiblər. Mənim arzu-istəklərim olmayıb, çoxunu dəb xatirinə eləmişəm. İnsanın yetişkənlik dövrü olur, onda hiss elədim ki, mənim içimdə aktyorluq eşqi var. Hiss edirdim ki, boğuluram, yaşaya bilmirəm və özümü heç cürə ifadə edə bilmirəm. Bir vaxt İradə Tuncay məni jurnalistikaya gətirdi. "Ədalət" qəzetində yazılar yazdım. O, mənə bir vaxta kimi çox kömək oldu, həyat eşqi verdi, tutacaq yerim oldu. Sonra hiss etim ki, o da bir mərhələdir, keçdi. Sonra yenə başladım darıxmağa. Səbəbləri çox idi. Elə şeylər var ki, onu ictimaiyyətə demək olmur. İkinci sənət dediyim sonradan mənim tutacaq yerim oldu. “Dolu” filminə çəkilməyimdə Elxan Cəfərovun rolu oldu. Mən kinostudiyanı tərk etmişdim, dönməyəcəyimə söz vermişdim. Elxan Cəfərovun “səndən başqa alternativim yoxdur” deməsi məni yenidən filmə çəkilməyimə səbəb oldu. Rejissor kimi, insan kimi onun haqqında eşitmişdim. Bəlkə də dediyi söz rejissor taktikası idi. Ancaq mən razılaşdım. Bu filmlə qətiləşdirdim rejissor-aktyor olaraq qalacağımı.

“Biz hələ kinonu iqtisadiyyata çevirə bilməmişik”

- Aktyorlar kino sənətində maddi durumun yaxşı olmadığını deyirlər. Yəni çəkildikləri villalar, maşınlar sadəcə kinolardadırmı?

- Dünyanın ən gəlirli sahəsi kinodur. “Hollivud”a dünyanın "para makinası" deyirlər. Sadəcə kino bir yerdə pullu, bir yerdə pulsuz sənətdir: Azərbaycanda aktyorluq, kino sənəti pullu sənət sayılmır. İlk növbədə əhalinin sayı azdır. Kino o cəmiyyətlərdə pul gətirir ki, orada əhalinin sayı çoxdur. Bununla bərabər kino iqtisadiyyata bağlıdır. Bəstəkər üçün bir pianino, şair üçün qələm-kağız, rejissor üçün o qədər şey lazımdır ki... Bunlar hamısı maddiyyata bağlıdır. Kino çəkmək üçün tək kamera bəs etmir. Lazım olur ki, bina qurursan, bina partladırsan, bununla yanaşı, nə qədər insan lazım olur. Biz kinolarda az aktyorlardan istifadə edirik ki, maliyyə çox getməsin. Kinoya qoyulan pul geri qayıtmalıdır. Kinoda pul olmayanda keyfiyyət aşağı düşür. Bu sənətə gələndə bilməlisən ki, burada pul yoxdur. Azərbaycanda bir kinostudiya var. Onun bir direktoru, iyirmi və ya bir az çox işçisi var. Özəl prodakşnlar çox azdır. Biz hələ kinonu iqtisadiyyata çevirə bilməmişik. Az-çox dövlətin kinoya yardımı var, bunun hesabına hələ ki, ayaq üstə qalır. Dövlət dəstək olanda həm kinoya xeyir olur, həm kinonun qarşısını alır. Ona görə ki, kino iqtisadiyyata çevrilə bilmir. Rejissor filmi çəkir, filmin satılmasına heç bir məsuliyyət daşımır.

- “Cavad Xan” filmindən sonra kinodan uzaqlaşmışdınız, səbəb nə idi?

- Mən kinoya “Bəsdir, ağalama” filmi ilə gəlmişəm. Rejissor Rövşən Almuradlı idi. Hər zaman deyirəm, yenə deyəcəm, məni kinoya Rövşən Almuradlı gətirib, dəstək olub. Hazırda heç bir sənət bağlılığımız, münasibətimiz yoxdur. Bu münasibətlər pozulub. Məni kinoya gətirən də, kinodan uzaqlaşdıran da o adam olub. “Cavad Xan” filminin çəkilişləri vaxtı orada bir çox problemlər yaşadıq. Buna haqsızlıq da deyə bilərəm. Həmin filmə qədər Rövşən Almuradlı ilə çox möhkəm dostluğumuz var idi. “Cavad Xan” filmində sənət adamlarının elə bir sifətini gördüm ki…

- İstərdim “Dolu” filmindən danışasınız...

- Məni tamaşaçılar “Dolu” filmindən tanıyıb. Ancaq o filmə qədər mən "Ünvansız qız” serialına çəkilmişəm. Küçədə gəzə bilmirdik. Bir anın içində məşhurlaşdıq. Ondan sonra bir çox hadiəsələr baş verəndi və arada boşluqlar oldu. Bir də peşəkar aktyor sənətim yox idi. Bizdə elədir ki, nə qədər peşəkar olsan da, diplomun olmasa, səni o sahəyə işə götürmürlər. Əgər sənin istedadın varsa, sən özün də oxuya bilərsən. Universitet sadəcə sənə davamlı şəkildə hansı vəsaitlərdən oxumağı məsləhət görür. Prakitka insanı öyrədir. Mən univeristet oxumağın əleyhinə deyiləm, ancaq dediklərim də əsas şərtdir. Dediyim kimi, kinostudiyadan ayrılmışdım, dövlət işlərində işləmək istiyirdim. Kinostudiyada Əliqulu Səmədov var, ikinci rejissor kimi çalışıb. Onu tanıyırdım, məni bir neçə filmlərin sınaq çəklişlərinə dəvət etmişdi, ancaq getməmişdim. “Dolu” filminin də sınaq müddəti başlamışdı. Əliqulu müəllim bir ay öncə mənə zəng vurub: "Gəl, sınaqlarda iştirak et",- demişdi. Ona dedim ki, çəkilmək istəmirəm, aktyor olmaq istəmirəm. Sonra daha mənə zəng olmadı. Mehriban Ələkbərzadə “Mart hadisələri”nə aid film çəkmişdi. Biz o tədbirdə Əliqulu müəllimlə görüşdük. O mənə dedi ki, sənin şəkillərini rejissora təqdim etmişəm. Get onunla görüş, görüşməməyin yaxşı çıxmaz. Dedim kimdir ki…? Dedi ki, Elxan Cəfərovdur. Kinostudiyaya gəldim, qapını açıb Elxan müəllimin otağına girdim. Mən içəri girən kimi Elxan müəllim dedi ki, “Drakon” sənsən. Bəlkə də onun rejissor taktikası idi. Həyatımda Elxan Cəfərovun önəmli yeri var.

- Ölkədə yeni rejissorlar var, neçə illərdir kinolar çəkirlər. Uğurlu rejissorlar varmı?

- Millət, cəmiyyət olaraq çox istedadlı millətik. Bizə Türkiyədə Şilton Gibsrt deyirdi ki, siz texniki məsələlərə qaçmayın, sizin gücünüz xəyal gücünüzdədir. Bizim millətdə xəyal gücü çox yaxşı inkişaf edib. Əgər bir millətin keçmişində belə yaradıcı insanlar varsa, olubsa, yenə olacaq. Bizim kino təfəkkürümüz də var. Kinonu yaradan rejissorlarımız olubsa, yenə olacaq. Psixologiyada, fəlsəfədə belə termin var: “bizim şəxs olaraq yaşamadığımız hadisələri, millətimiz bizdən bir-iki əsr öncə yaşayıbsa, o hadisələr bizim şüuraltımızda bərqərar olur”. Biz onun daşıyıcısıyıq. Bizim təfəkkürümüzdə kino təfəkkürü var. Bunun da yaranma səbəbləri var. Kinonu yaradan iki böyük dövlət olub. Biri SSR olub, ikincisi, Hollivud (ABŞ). Sovetlərin içərisində olduğumuz üçün o təfəkkür bizdə də yaranıb. Bizim insanlar gedib Rusiyada təhsil alıblar, o peşəni dərindən öyrəniblər. Çoxu qayıdıb gəlib, Azərbaycanda rahatlıqla tətbiq edə biliblər. Gürcülər də bu mərhələni keçdilər. Gürcü filminə baxanda səsini kəssən belə, müəyyən etmək olar ki, bu gürcü filmdir. Bizdə rejissorlar o mərhələyə gəlib çata bilmədilər. Həsən Seyidbəyli, Hüseyn Seyidzadə bir çox rejissorlar buna cəh etmişdilər. Məsələn, “Nəsimi”, “Axrıncı Aşırım”, “Qərib cinlər diyarında”, "Sehirli Xalat”, “Dəli Kür”, "Ögey Ana” və s. peşəkarlıq baxımından çox gözəl filmlərdir. Bizdə də yaxşı rejissorlar ola bilər, onun üçün yaxşı məktəb keçməlisən. Gedib xaricdə rejissorluq oxumaqla qayıdıb Azərbaycan kinosunun əsaslarını yaza bilmərik. Bunun üçün bizim özümüzdə kino akademiyası yaradılmalıdır. Rejissor uniformasız hərbçidir. Başqa dövlət bizə hərbçi yetişdirə bilməz.

“Bir çox yazarlar ssenari yazmaq istəyirlər, ssenari yazmağa iddialıdırlar”

- Ədəbi yaradıcılıqla aranız necədir, nə isə yazırsınız? Bildiyimə görə film ssenarisi də yazmaq planınız var.

- Bu gün ssenari yazmıram. Hamısını yazmışam, çəkəcəyim ssenariləri yazmışam. Ona yaxın film ssenarim var. Son olaraq 47 dəqiqəlik “Geyinilməmiş ayaqqabılar” filmini çəkmişəm. Bu yaxınlarda təqdimatı olacaq. Bu film aprel döyüşlərinə həsr olunub. Maliyyə problemimiz imkan vermədi tam çəkək. Ssenarini yazanda da maliyyəni düşünüb yazırıq. Yəni nə qədər maliyyə var, ona uyğun yazmışam. Ona görə ki, həyata keçirə bilim. Altı günə çəkmişəm. Belə praktikalar var. Az maliyyə sərf etməklə keyfiyyətli filmlər çəkilə bilər. Bizdə bir çox yazarlar deyirlər ki, ssenari yazmaq istəyirlər. Bu gün ssenari yazmağa iddialıdırlar. Onlar bilmirlər ki, kitab oxumaqla ssenari yazmaq olmaz. Bunu bir çox yazarlar unudurlar. Kinoya yaxın hansısa fakültədə oxumaqla ssenarist olmaq olmaz. Çünki kino kommersiyadır. Kommersiya sona qədər öyrədilmir. Bu gün ssenaristlik üçün yazılan o kitablar artıq köhnəlib. Həmçinin rejissorluq qaydaları haqqında yazılan kitablar da köhnəlmiş sayılır. Artıq həmin qanunlarla kino çəkmək olmaz. Kino o qədər sürətlə hərəkət edir ki, qanunlar hər gün dəyişilir. Biz kitab oxumaqla, filimlərə baxmaqla kino çəkəcəyik, həm də ssenari yazacağıq. Bu mümkün olacaq bir şey deyil. İllərlə işləyib kitabda yazılmayan sirləri tapmaq lazımdır. Həm hekayə, həm roman yazıb, həm də ssenari yazmaq kimi bir anlayış yoxdur. Bizdə belə nümunələr var. Gözəl romanlar, gözəl ssenarilər - hamıda bu alınmır. Amma tövsiyə edirəm ki, yazarlarımız yazsınlar. Biz də çoxluğun içindən yaxşıları seçib götürə bilək.

Ruzbeh Məmməd

"İllərlə işləyib kitabda yazılmayan o sirri tapmaq lazımdır" - MÜSAHİBƏ VİDEO

DİGƏR XƏBƏRLƏR

Top