Ləman Ələşrəfqızı: "Jurnalistikamız irəli yox, geri getdi" - MÜSAHİBƏ

Ləman Ələşrəfqızı... Bu adı son 10 ildə Azərbaycan televiziyasını izləyən bütün tamaşaçılar demək olar ki, tanıyır. Xüsusilə də, ANS-də efirə gedən "İç xəbər" və "Xəbərçi" verilişlərindən. Bu müsahibəni yazmamışdan əvvəl müxtəlif sahədə çalışan təxminən 10 nəfərə belə bir sual verdim: "ANS telekanalından yadınızdakim qalıb?". Xatırlananlar arasında Ləman Ələşrəfqızının da adı var idi. Halbuki, o, heç vaxt ANS-in efirinə çıxmayıb, hətta bir qədər obrazlı desək, tamaşaçının gözünə girməyib. Eləsə, niyə bu qədər sevilib, tanınıb? Bunun bir səbəbi hazırladığı yüksək səviyyəli reportajlar və əlbəttə ki, bir də o reportajı çatdıran səs olub. Onunla çox məsələlərdən danışdıq, jurnalistikadan, sənədli filmlərdən, biraz da ANS-dən. "Yeniavaz.com"un budəfəki redaksiya qonağı əməkdar jurnalist Ləman Ələşrəfqızıdır.

- Ləman xanım, sizi demək olar hamı tanıyır. Amma buna rəğmən təqdimatınızı bir də öz dilinizdən eşidək.

- Məni elə jurnalistikaya gələndən Ləman Ələşrəfqızı kimi tanıyırlar. Ata familiyam Dadaşovadır, ər soyadım İsmayılova. Amma nə subaylığımda, nə indi soyaddan istifadə etməmişəm. Ata adını soyad kimi istifadə eləyənlərin bəlkə də birincilərindənəm. Düşünürəm ki, düz eləmişəm. Atam bizi - 7 övladını zəhmətlə böyüdüb. Sadə, zəhmətkeş adamın populyar olmaq imkanı nadir hallarda olur. Mən onun adını ölkə üzrə məşhur edə bildim, bunun sevincini ona yaşatdım. Bu gün də atamın adının adımla yanaşı çəkilməsi əminəm ki, onun ruhunu sevindirir.

- Çox yaxşı. Bəs Ləman Əliəşrəfqızı aktiv jurnalistika üçün darıxırmı?

- Əslində yenə də aktiv jurnalist fəaliyyəti ilə məşğulam. Çalışdığım sahə bilirsiz ki, mətbuatla münasibətləri əlaqələndirən bir sahədir.Amma jurnalist fəaliyyətinin 12 ilini televiziyada, 8 ilini müxtəlif kütləvi informasiya vasitələrində keçirən bir adam kimi darıxmağım da təbii görünə bilər. Çoxları kimi jurnalistikaya göydəndüşmə gəlməmişəm. Xəmirim jurnalistika ilə yoğrulub. Birinci ili BDU-ya daxil ola bilməyəndə sənədlərimi 3 saylı texniki peşə məktəbinə vermişdim. Burda bir il ərzində mətbəə işini öyrəndim, çap məhsulları, ofset çap-filan. Yəni, belə desək jurnalistikanın mətbəəsinə belə bələdəm. (gülür)Daha çox sənədli film hazırlamaq üçün darıxıram desəm daha düz olar.

"ANS-in vicdanlı işçilərindən olmuşam"

- ANS-dən ayrılmağınız barədə danışmısız, yazmısınız. Sizdən əvvəldə bir neçə jurnalist ayrılmışdı. Bu nə ilə bağlı idi, maddi problem idi yoxsa rəhbərliklə yola getmədiniz?

- Danışmadım, yazdım və yazdığım bir statusla da ANS-lə yollarımı ayırdım. İndi ANS-in bağlı olduğu bir vaxtda istəməzdim ki, söhbətimizi onun üzərində quraq. ANS məktəbdir, televiziya jurnalistikasını orada öyrənmişəm. Özləri də bu gün etiraf eləyərlər ki, vicdanlı işçilərdən olmuşam. Adım heç vaxt nə qalmaqallarda, nə intriqalarda, nə rüşvətdə hallanıb. Adi reportyorluqdan sənədli film hazırlayan müəllifə kimi yüksəlmişəm. Müxtəlif illərdə "İç xəbər"in redaktoru, rəhbəri, "Xəbərlər"in xüsusi müxbiri olmuşam. Əlbəttə, ətrafımda müxtəlif hadisələr cərəyan edib, çox haqsızlıqlar olub, savadlı qalıb kənarda savadsıza meydan verilib, amma demişəm mənə nə? Başımı aşağı salıb işimi görmüşəm. Fikirləşmişəm ki, hərəni öz adıyla çağıracaqlar. Bu gün bu fakt öz təsdiqini tapır. Efirə itələyib camaata sırıdıqları kadrların çoxu ortalıqdadır. Çoxunun yazı qabiliyyəti sıfır, başqa özəllikləri yox. Siz də onlardan yox, məndən müsahibə götürürsüz. (gülür)

- Bəs bir jurnalist kimi yox, tamaşaçı kimi ANS-in yoxluğu sizcə necə hiss olunur?

- ANS Azərbaycan mediasında öncüllərdən biri idi. ANS-in xəbərləri ilə böyüyən nəsil var. Onların gözü axtarır o xəbərləri. Müxtəlif adamların, ANS-lə bağlı müxtəlif suallarına hər gün demək olar ki, cavab verirəm. Küçədə, marketdə nə qədər adam yaxınlaşıb məndən soruşur ki, ANS açılacaqmı? Adamların çoxu hələ də məni ANS-in işçisi sayır. Əlbəttə o boşluğu görürlər ki, soruşurlar da.

"Cümlə yaza bilməyən bu adamlar efirə çıxıb tanınmaq istəyirlər"

- Bir müsahibənizdə demişdiniz ki, "jurnalistika mənim üçün o qədər əlçatmaz idi ki, fikirləşirdim məndən jurnalist olar, ya yox". Sizcə indiki gənclər üçün jurnalistika əlçatandır?

- Bəli, mən 10-cu sinfin birinci rübünə kimi Rus dili və Ədəbiyyatı İnstitutuna hazırlaşırdım. Baxmayaraq ki, Azərbaycan ədəbiyyatını beş barmağım kimi bilirdim, əla mütaliəm vardı, kitabxanada demək olar ki xarici ədəbiyyat qoymamışdım, hamısını alıb oxumuşdum, buna rəğmən jurnalist olmaq beynimdən keçmirdi. Çünki o illərdə jurnalistika, hüquq, şərqşünaslıq kimi fakültələrin bizim kimilər üçün olmadığını düşünürdüm. Birinci rübdən sonra fikirləşdim ki, bəlkə fililogiyaya verim sənədlərimi? Elə də etdim. İki 4 qiyməti ilə, yəni 8 balla konkursa düşdüm. Şifahi imtahandan 5 almaq şansım vardı, onu da Zinyət Əlizadə əngəllədi. Xatırlayıram ki, məndən imtahan götürən Yolçu Piriyev Zinyət xanımdan çox xahiş elədi ki, bu qıza gəl 5 verək. Çünki, Seyid Əzim Şirvaninin “Könül ta var əlində” qəzəlini, Ordubadinin “Gizli Bakı” əsərində Sona xanım surətini necə gözəl danışmışdımsa, Yolçu müəllim heyran qalmışdı. Amma üçüncü sualda- cümlə təhlilində bir balaca yanlışım olmuşdu. Zinyət Əlizadə o səhvə görə mənə 4 yazdı. Düşünürəm ki, bu da bir qismətdir və nə yaxşı mən o ili filologiyaya qəbul olmadım. Çünki, o diplomla yəqin ki, indi hansısa orta məktəbdə dərs deyirdim. Çünki indiki gənclərdən fərqli olaraq mən çox da gözüaçıq olmamışam. İndi maşallah, kimi axtarsan jurnalistikada tapırsan. Əksəriyyəti də kənar ixtisas sahibləridir. Onların çoxu jurnalistikaya tramplin kimi baxır, gəlir, özünü tanıdır, əlaqələr qurur, çıxıb gedir vəzifəyə-filana.

- Bu yaxınlarda Jurnalistika fakültəsinin dekan müavininin internetdə səs yazısı yayılmışdı. Həmin səs yazısında idarəçi xanım tələbələrə sosial şəbəkələrdə müəyyən mövzularda yazmağı qadağan edir. Sizcə gələcəyin qələm sahiblərinə beşikdən senzuranın tətbiq olunması nə dərəcədə doğrudur?

- Əlbəttə doğru deyil. Heç doğru deyil. Orda Şirməmməd müəllim varsa və bu ixtiyar yaşında hələ də söz deyə bilirsə, onun tələbəsi niyə deməsin ki? Jurnalistika fakültəsinin missiyası, məramı, məqsədi də buna xidmət edir axı. Jurnalistika fakültəsi həmişə başqa fakültələrdən fərqlənib. O biri fakültələrdə imtahanı pulla yazdıranda jurnalistikada bu olmayıb. Məsələn mənim yadıma gəlir ki, tələbəlikdə bircə dəfə Azərbaycan tarixi fənni üçün bizdən pul yığdılar. O vaxtlar Azərbaycan tarixi fənni təzə tədris olunmağa başlanmışdı və biz sovet uşaqları da öz tariximizdən məlumatsızdıq. Sonralar mən tarix fakültəsinin müəlliminin üzünə vurmuşdum bu faktı. Özü də dəfələrlə. O da gülə-gülə deyirdi ki, Allah heç kimi sənin dilinə salmasın. (gülür) Yəni dediyim o ki, jurnalistsənsə, deməli danışmalısan, söz deməlisən, fikir, mövqe bildirməlisən. Onda bu fakültədə o uşaqlara nə öyrədirlər?

- Maraqlı sualdır. Amma mən sizdən başqa bir suala cavab istəyəcəm. Jurnalist kimi bir neçə il parlamentdə çalışmısız. Hardan başladız parlament müxbirliyinə?

- "Olaylar" dan. Burda işə başlayanda məni parlamentə göndərdilər. Dedilər, get görək səni akkreditə edirlərmi? Getdim, o vaxt MM-im mətbuat xidmətinin rəhbəri Aqşin Babayev idi. Onunla görüşdüm, suallarına cavablarım yəqin Aqşin müəllimi qane etdi ki, məni parlamentə akkreditə etdilər. Amma bəlkə də sonradan Aqşin müəllim buan görə təəssüf hisi keçirib. Çünki, mənim həqiqətən də maraqlı parlament fəaliyyətim oldu. Yazdığım informasiyalar ertəsi gün qəzetlərdə maraqlı reaksiyalara səbəb olurdu. O informasiyaların nəticəsi olaraq məsələn Zeynəb Xanlarova durub deputat seçildiyi Tərtərə gedirdi, bir başqası anlayırdı ki, səs verdiyi qanunu arada oxumaq da lazımdır. Başqa sözlə, oxumadığın, tanış olmadığın, (mən hələ yazmadığın demirəm ha) qanuna səs verə bilməzsən. Məsələn “Qrant haqqında” qanun belələrindən idi.

- O yazınız az qala lətifəyə çevrilmişdi bir aralar. Nə baş vermişdi?

- Həmin qanunu AMİP müzakirəyə təqdim etmişdi. O vaxt qrantı indiki kimi çox sevmirdilər. Cəmi 7 maddədən ibarət kiçik bir qanun idi. Günlərin bir günü bu qanun yetərsayla qəbul olundu. Mən də foyedə bir sorğu apardım. Azı 10 deputata yaxınlaşıb soruşdum ki, bu gün onu qəbul elədiyiniz Qrant haqqında qanun nədir? Cavablardan şok keçirmək olardı. Biri deyirdi "əşi, nə bilim, su krantı" , biri deyirdi, qrant beynəlxalq münasibətlərdir . Sonda gedib parlamentin bufetində oturub ofisianta demişdim ki, yeməyə "qrant" var? Yazıq üzümə təəccüblə baxıb demişdi ki, deyəsən bir-iki gün əvvəl vardı, amma bu gün bişirməyiblər. Yəni, bufetdəki ofisiant və ya parlamentdə oturan deputat, fərqi yoxdu. Bu şeylərə baxanda jurnalistikamız irəli yox, geri getdi.

- Neçə il parlament müxbiri oldunuz?

- Səhv eləmirəmsə 3 il - 1996, 1997 və 1998.

- Bəs televiziyada?

- ANS-də cəmi bir neçə dəfə getdim Milli Məclisə.

- "Molotov kotlet"i süjetiniz kanal rəhbərliyi tərəfindən necə qarşılandı?

- Kanal normal qarşıladı ki, süjet efirə getdi. Amma Milli Məclis yox. Əslində parlament bu süjeti ciddiyə almalıydı. Çünki orada qəbul olunan qanunlar bizim həyatımızı, taleyimizi müəyyən edir. Qanunu qanun hazırlayanların özü pozanda bu adama çox pis təsir edir. Amma mən bu məsələdə xüsusilə həmkarlarımı qınadım. Deputatları ərköyünləşdirən parlament jurnalistləridir. Onlar həmişə tərif yaza bilməzlər. Hərdən gərək tənqid də yazsınlar. Necə ki, bizim gəncliyimizdə bunu yazan onlarla jurnalist vardı. Xalid Kazımlı, Azər Hüseynbala, Tapdıq Fərhadoğlu, Əziz Mustafavə s.

"Əlini tutdum, dedim, sənin əlin mənim cibimə niyə girməlidir?"

- Heç sizə rüşvət təklifi olubmu ki, bunu elə yox, belə yaz?

- O qədər. Yadıma düşən birini deyəcəm. 2005-ci ildə "İç xəbər" təzə açılmışdı, "Şərq bazarı" tərəfdə yüksək mərtəbəli bina inşa edən tikinti şirkətinin kranı aşmışdı. Adam ölməmişdi, amma çox təhlükəli bir vəziyyət yaranmışdı o ərazidə yaşayan sakinlərin həyatı üçün. Çəkilişə getdim, iş adamı süjetin efirə verilməməsi üçün məni dilə tutmağa başladı. Gördü alınan məsələ deyil, bir paçka pulu "Damas"ın açıq pəncərəsindən içəri atıb qaçdı. Sürücüyə dedim ki, Novruz qaç bu adamın dalınca. Novruz gedib adamı gətirib gəldi. Buna oxşar hadisələr sonralar da başıma gəlib. Yasamalda qazla bağlı çəkiliş aparıram. Operator bir az kənarda kadrlar işləyir, mən də müsahibə götürdüyüm şəxslə-sədr müavini ilə dayanmışam. Bir də gördüm adam əlini paltomun cibinə saldı. Əlini tutdum, dedim, sənin əlin mənim cibimə niyə girməlidir ki? Kişi qıpqırmızı oldu, az qala dili topuq çaldı. İşə gəldim və vəziyyəti rəhbərliyə dedim. Çünki, efirə vermək istəyirəm, amma kadrım yoxdu sübut üçün. Sağ olsun, Mirşahin müəllim. Dedi efirə də verəcəksən, bu dəqiqə səndən də üzr istəyəcəklər. Həqiqətən də 10 dəqiqə sonra sədr zəng vurub müavinin hərəkəti üçün məndən üzr istədi.

- Ən yadda qalan reportajlarınız hansılardı, yadınızda qalanlardan danışardınız.

- Çox olub. Amma biri həmişə dodağımı qaçırdır. Deməli, İç xəbərdə işləyirəm. Bir nəfər şikayət edib ki, 6 ildir bir avtomobil şirkəti onun şəxsiyyət vəsiqəsini “girov” götürüb, qaytarmır. Səbəbi detallı yadımda deyil. Amma getdim adamı evində çəkdim və məlum oldu ki, sən demə şikayətçinin bu 6 ildə həyatında çoxlu hadisələr olub. Məsələn adam evlənib, şəxsiyyət vəsiqəsi olmadığından evlilik formal xarakter daşıyır. Uşaq doğulub, şəxsiyyət vəsiqəsi olmadığından doğum şəhadətnaməsi ala bilmirlər və s. Şikayətçi ilə həmin müəssisəyə getdik. Şəxsiyyət vəsiqəsini qaytarmayan rəhbər adamın adı Bağırdır. Bizi görən kimi adam taksiyə minib qaçdı. Biz də onun dalınca. Yolda yüksək sürətlə paralel gedirik maşınlarda . "Əzizbəyov" metrosuna çatanda Bağır müəllim taksidən düşdü ayaqla qaçmağa başladı. Mən, operator və şikayətçi də onun dalınca. Əzizbəyovdakı uzun yeraltı keçiddən çölə çıxanda gördüm operatorla şikayətçi Bağır müəllimi yaxalayıblar.. Təngi-nəfəs “ Bağır müəllim niyə qaçırsız?” sualıma təsəvvür edin ki, adam belə cavab verir. “Mən yas yerinə tələsirdim”.(gülür) Çox komik bir vəziyyətdir, danışdıqlarımın hamsı süjetdə var, yəni operator qaça-qaça hamısını lentə alıb və biz Bağır müəllimlə birlikdə qayıdırıq onun müəssisəsinə, adamın 6 il əvvəl aldıqları şəxsiyyət vəsiqəsini özünə qaytarırlar. Mən də soruşuram ki, bunu verəcəkdizsə, niyə bizi bu qədər qaçırdırdın? (gülür).

"Mənə ayıb olar mən gedib kiməsə deyim ki, bu filmi çəkmək üçün bu qədər pul lazımdır"

- Elə mövzu olubmu ki, işləmək istəmisiniz, amma alınmayıb?

- Əlbəttə. Məsələn, “Sonbeşik” filmini çəkəndə istəyirdim ki, Fransaya gedim.Çünki, Ceyhun Hacıbəylinin həyatından bəhs edən bu filmin əsas hissəsi orada çəkilməliydi. Çünki adam cəmi 27 ilini Azərbaycanda yaşayıb. Cümhuriyyətin nümayəndə heyətinin tərkibində tərcüməçi-müşavir kimi getdiyi Fransadan ömür boyu qayıda bilmədi.40 ildən çox yaşadığı ölkədəydi onun hər şeyi. Evi, iş yeri, nəvələri, xatirələri, və s. Amma maliyyə problem üzündən o filmi burda hazırladım. Çox bəyənmişdi dostlarım, sosial şəbəkədə Ceyhun Hacıbəyli ilə bağlı film ciddi reaksiyaya səbəb olmuşdu. Onda düşünmüşdüm ki, gör mən bu filmin detallarını Fransada çəksəydim, necə olardı? Amma çox şükür ki, “Artilleriya Allahı” , “Sərdar” filmlərini ürəyim istəyən kimi çəkə bildim. Tiflisdə, Sankt Peterburqda, Çində. Rus-yapon müharibəsinin getdiyi Port Arturda.Hansı ki, orada bizim genarallarımızın ayaq izləri, neçə-neçə azərbaycanlı döyüşçünün qəbirləri qalıb.Bu gün deyirıəm nə yaxşı o filmlər var. hansı ki, hər bir məktəbli üçün, hər bir tələbə üçün, hər bir vətəndaş üçün ən yaxşı dərslik rolunu oynaya bilər. Reallaşdıra bilmədiyim daha bir neçə filmlərim də qalıb. Allah ömür və imkan versə mütləq bu işi davam etdirəcəm.İndiki vaxtda heç kimə deyə bilmərəm ki, pul verin, gedim bu filmi çəkim.Bu mənə ayıb olar.

DİGƏR XƏBƏRLƏR

Top