"Nazirin xanımı" nümayiş olunacaq

Fevralın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş "Nazirin xanımı" tamaşası təqdim olunacaq. Teatrın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar Mədəniyyət İşçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.

Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova (Jivka) Hacı İsmayılov (Pera), əməkdar artistlər Şəlalə Şahvələdqızı (Dara), Aslan Şirinov (Çeda), Məsmə Aslanqızı, aktyorlar Vüsal Mustafayev (Raşa), Ləman İmanova (Nata) və başqaları ifa edir.

Satirik əsərdəki hadisələr partiyadaxili münaqişələrin baş alıb getdiyi ölkəyə yeni baş nazir təyin olunması ilə başlayır. Əvvəllər kasıb yaşamış nazirin xanımı ərinin yeni vəzifəsindən xoşhallanaraq bütün nazirliyi özü idarə etməyə başlayır. Kimisini işə düzəldib, kimini işdən çıxaran nazir xanımı beləcə özü də bilmədən ərinin işinə əngəl törədir. Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib. Qeyd edək ki, ikihissəli səhnə əsərinin premyerası 2014-cü il fevral ayının 5-də keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top