Fəxri Ağayev: "Müvəffəqiyyət təkcə maddi imkanlarla deyil, həm də mənəvi dəyərlərlə ölçülür" - VİDEO

.

Bu yaxınlarda tanınmış peşəkar idarəçi Fəxri Ağayevin "Fəxri Yol"adlı sayca ikinci kitabı çap olundu və qısa müddət ərzində geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandı. Müəllif ilk kitabında - "Saxla zamanı, gələr zamanı"nda olduğu kimi yeni kitabında da şəxsi təcrübələrinə geniş yer verib. "Fəxri Yol" haqqında və eyni zamanda da müəllif barəsində oxuculara daha geniş məlumat vermək məqsədilə Fəxri Ağayevi "Yeniavaz.com" xəbər saytının redaksiyasına dəvət etdik.

"İnsanlar deyirlər ki, bizdə şərtlər çox fərqlidir"

- Fəxri bəy, sizi tanımayanlar üçün özünüzü təqdim edərdiniz?

- Fəxri Ağayev. 43 yaşım var. Peşəkar idarəçiyəm. Hal-hazırda AAAF Holdinqdə vitse-prezidentəm, bundan əlavə mən həm də biznes konsultantam. Ölkədə yerli və xarici şirkətlərə idarəetmə sistemlərinin tətbiqi və şirkətlərdə uyğunlaşdırılması konsultasiyalar verirəm. Biznes təlimçiyəm, liderlik, natiqlik, zamanın idarəedilməsi və idarəçiliyin əsasları mövzusunda təlimlər verirəm. İndiyə qədər Azərbaycanda təxminən 30 mindən artıq gəncə təlim və seminarlar vermişəm. Bundan əlavə olaraq mən həm də bloggerəm. Bu blogun qurulmasından məqsəd, şəxsi inkişaf, peşəkar karyera və bu kimi mövzularda gənclərimizə və orta idarəçilərimizə dəstək olmaqdı. Mənim həm də yazıçılıq fəaliyyətim də var. Azərbaycanda iki kitabım dərc olunub: "Saxla zamanı, gələr zamanı" və "Fəxri yol". Əlavə olaraq həm də müxtəlif KİV-ə, qəzet və jurnallara Azərbaycanda iqtisadiyyat, biznes, idarəçilik, effektivlik mövzularında məqalələr yazıram. Ən son mən həm də idmançıyam. Marafonçuyam, xaricidə müxtəlif ölkələrdə yarı marafon və marafon yarışlarında iştirak edirəm.

- İkinci kitabınız olan "Fəxri yol"un bu yaxınlarda təqdimatı oldu, bu münasibətlə sizi təbrik edirəm. Oxucuların kitaba münasibəti necə oldu?

- Kitabı yazarkəndə, təqdimatda da vurğuladım ki, bu kitabın Azərbaycanda uğurlu olacağına ona görə inanıram ki, bu xaricilərin nə etməmiz gərəkdiyi haqda kitab deyil. Adətən bizdə xaricilərin uğur hekayələrini və ya təlimlərini dinləyəndə, onların kitablarını oxuyanda biz azərbaycanlıların ilk reaksiyası o olur ki, bu bizdə mümkün deyil. İnsanlar deyirlər ki, bizdə şərtlər çox fərqlidir. Belə şeylər ancaq Yaponiya, Amerika kimi ölkələrdə mümkündü. Bu kitabı yazan orta statistik, sravi, sadə azərbaycanlıdır. Bu kitabı yazarkən adının ikinci sözü "yol" ona görə qoyuldu ki, çünki bu yoldur. 120 kq çəkisi olan, 18 il siqarət çəkən insan bu gün 42 km marafon qaça bilirsə və bunu insan yol kimi keçibsə, hər bir insan bunu edə bilər. Elə buna görə də kitab ciddi şəkildə tutuldu, oxundu. Kitabla bağlı çox müsbət rəylər aldım. Düşünürəm ki, Azərbaycanda insanların sağlam həyat tərzinə dəstək olacaq kitablardan biridir.

"Ayıblarımızı neftdən gələn gəlirlərlə örtürdük"

- Sizə görə cəmiyət olaraq bizim əsas problemlərimiz nələrdir?

- Düşünürəm ki, biz azərbaycanlıların bir neçə əsas problemlərə baxsaq, şəxsi həyatımızda, sağlamlığımızda, seçdiyimiz peşələrdə, təhsilimizdə biz bilgisizik. Hesab edirəm ki, birinci növbədə problemimiz bilgisizlik və məlumatsızlıqdır. Biz öz həyatmızda, sağlamlığımızda, peşəmizdə olduqca bilgisizik. Məhz elə buna görə də Azərbaycan biznesində bugün olan kiçik bir çalxantı çox şirkətlərin yaralarını və problemlərini ortaya çıxardı.

- Ölkədə böhran var idi yoxsa bizə təzə məlum olub?

- Belə deyim, bir insanın səhhətində baş verən bir problemə baxsaq, biz görərik ki, insan infarkt keçirir, ətrafındakı hər kəsin reaksiyası nə olur? Təxminən belə: "Lay divar kimi adam idi, birdən infarkt keçirdi". Amma o insanın infartk keçirmədən öncə 20 illik həyatına nəzər salsaq görərik ki, 20 il siqaret çəkib, qeyri-sağlam qidalanıb, həyatında idman olmayıb. Bunu heç kim nəzərə almır. O insanın 50-60 yaşda problemlərinin ortaya çıxması, 20-30 il əvvəlki həyatı ilə birbaşa bağlıdır. Ona görə Azərbaycanda bu işi anlayan iqtisadçılar və nəzəriyyəçilər var. Bu adamlar bilirdilər ki, bugünkü biznes bir çox problemləri və sıxıntılarını güclü satış və böyük gəlirlərlə örtürlər. Milli marketinq formundakı çıxışımda da vurğuladım ki, biznesi alverdən fərqləndirən elmi-analitik yanaşmadır. Bizim illərdir iş adamlarımız, sahibkarlarımız, idarəçilərimiz biznesdə iki hissəyə diqqət ediblər: satış və mühasibatlıq. Yəni, gəliri gətirən və hesablayan. Bizim biznesimizdə maliyyəçilik, maliyyə analitikası, müştəri xidmətləri, insan resurslarının peşəkar idarəedilməsi, şirkətdə çalışanların effektivliyinin artırılması, motivasiya sistemlərinin qurulması və strateji yanaşma olmayıb. Bütün bunların olmaması biznesimiz üçün qeyri-adi uğur deyildi, sadəcə bunun üstü örtülürdü. Ayıblarımızı neftdən gələn gəlirlərlə örtürdük. Amma hal-hazırda kiçik bir çalxantı oldu və bütün problemlər ortaya çıxmağa başladı. Düşünürəm ki, bugünkü qarşılaşdığımız vəziyyət kifayət qədər normaldır. Daha öncəki müsahibələrimdə də bunu vurğulamışam, ölkələrin və şirkətlərin qarşılaşdığı böhranlar hamısında eynidi. Biz dünyadan təcrid olunmuş ölkə deyilik. Dünyada baş verən proseslər təbii ki, başqa ölkələr kimi bizə də təsir edir. Burada çox vacib məqam budur ki, ölkələri, şirkətləri və qurumları fərqləndirən qarşılaşdıqları vəziyyətlərə verdikləri reaksiyadır. Burada önəmli olan sürətli, bilgili və cəsarətli olmaqdır.

- Çox təbii haldır ki, insanlar çox pul qazanmaq istəyirlər. Bunun üçün nə lazımdır?

- İlk öncə onu vurğulamaq istərdim ki, biz gənclərimizə pul qazanmaq, müvəffəqiyyət mövzusunda doğru mesajlar verməliyik. Birinci mesaj budur ki, hansısa mövzuda idarəçi olmaq və pul qazanmaqdan söhbət gedirsə, ilk öncə bunu deməliyik: dürüst pul qazanmaq. Bizim ölkədə sıxıntılardan biri budur. İkinci vacib məqam budur ki, nədənsə Azərbaycanda müvəffəqiyyət maddi imkanlara bərabər olur. Amma mən hesab edirəm ki, bu belə deyil. Bir çox hallarda belə deyil. Hal-hazırda mən onlarla azərbaycanlı iş adamları tanıyıram ki, hansılar ki qazandıqları milyonunu hamısını vemrəyə hazırdı. Yetər ki, o milyonları qazananda övladının 15-16 yaşına çatmasını necə gözündən qaçırdığını geri qaytarsın. İnsan o geri qaytara bilməyəcəyi bir çox məqamları pul qazanmaq üçün qurban verir. Maddi imkanları güclənir, amma sağlamlığını itirir. Mən iş adamları ilə görüşəndə sual verirəm, sən 45-46 yaşına çatdın bir infarkt keçirdin, şəkər xəstəliyin var dəyərmi bu var dövlətə?! Ona görə mən düşünürəm ki, bu mövzularda gənclərə doğru mesajlar verməliyik. Maddi imkanlar bizim həyatımızın hissələrindən biridir. Biz sağlam olmaylıyıq, maddi imkanlarımız da olmalıdı, mənəvi dəyərlərimiz də olmalıdır. İnsan sevdiyi peşədə çalışaraq maddi bəhrəsini görməlidir, amma eyni zamanda simasını itirməməlidir.

Düşünürəm ki, hər bir insanın müvəffəqiyyətli olması üçün üç vacib məsələ var. Birinci növbədə məqsədlər olmalıdır. Dəqiq və böyük məqsədlər. İkinci növbədə əzmkarlıq olmalıdır. Qarşımıza çıxan problemlərlə ruhdan düşmədən, sınmadan, geri addım atmadan yola davam eləyək. Üçüncü disiplindir, biz öz planlarımızı icra edib məqsədlərimizə çatmaq üçün hər gün səhər oyanmağa özümüzü məcbur hiss etməliyik.

"Gənclərin ölkəni tərk etməsi kimi bir hal varsa, necə olur olsun bizim də bunda ciddi mənada payımız var"

- Ölkədə iş tapa bilməyən xeyli diplomlu gənc var. Bu gənclər niyə iş tapa bilmirlər?

- Universitet məzunu olmaq çox nisbi anlayışdır. Bunu bütün çıxışlarımda da vurğulayıram. Ali təhsilli olmaq ayrı, bilikli olmaq ayrı, diplom sahibi olmaq ayrı-ayrı şeylərdi. Diplom heç bir şeyin sığortası deyil. Xüsusilə iş həyatında diplom sığorta deyil, diplomun arxasında əgər bilik yoxdursa, bir gənc imtahandan imtahana dərs oxuyubsa. 4 il ərzində universitetə gedib-gələrək dərslərdə mövcud olubsa onun kimi minlərlə insan var. Azərbaycanda gənclərin iş tapa bilməməsinin bir neçə səbəbi var. Seminarlarımı dinləyən xanımlardan biri mənə yaxınlaşdı, dedi ki, Fəxri bəy, mən mühasibəm, mənim iş tapma ehtimalım nə qədərdir? Cavab verdim ki, iş tapma ehtimalı hər zaman var və sadəcə bir sual verdim ki, sizi digər iş axtaran 100 mühasibdən fərqləndirən bir səbəb nədir? Dedi ki, mühasibatlığı bilir, ümumi qaydaları bilir. Dedim ki, o zaman siz sıraya duraraq 1001-ci olacaqsınız. Bir insanı digərlərindən fərqləndirən, qeyri-adi xüsusiyyəti, savadı yoxdursa onun iş axtarmaq prosesi uzanacaq. Ona görə düşünürəm ki, gənclərimiz öz üzərilərində durmadan işləməlidirlər. Aldıqları təhsildən əlavə bilgilərə sahib olmalıdırlar. Ən sadə misal: Müsahibə üçün 1 vakansiya üçün 100 nəfər müraciət edirsə hamısına eyni sualı verirəm: iki dəqiqə özün haqda danış. Amma 100 nəfərdən 95 nəfəri özü haqda sistemli, məntiqli, yaddaqalan və ardıcıl məlumat verə bilmir. Bir insan öz biliklərini nümayiş etdirməkdə sıxıntı çəkirsə, söz ehtiyatı zəifdirsə o insan şirkətin məhsullarını necə təqdim eləyəcək? O insan insanlarla necə yaxşı ünsiyyət qura bilər? Ona görə bu kimi məqamlar var. Gənclərə iş axtarmaqla bağlı tövsiyəm ruhdan düşməsinlər.

- Yaxşı CV necə hazırlanmalıdır, CV-də nələrə diqqət eləmək lazımdır?

- Azərbaycanda insan resusrları ilə bağlı peşəkar mütəxəssislər var. Onlar bu suala daha yaxşı cavab verə bilərlər. Amma mən işəgötürən və üst idarəçi olaraq buna qısa cavab verim. CV çox vacibdir, insanlar çox vaxt özləri haqda məlumat yazanda şişirdirlər. Türkcə, komputeri bildiyini yazmaq sanki əlavə iki qulağım da var yazmaq kimidir. CV-də lazımsız məlumatlar olmamalıdır. Həm də çox məlumat içində vacib olan məqamlar sönür. Mənim tövsiyəm budur ki CV-yə lazımsız məlumatları yazmasınlar. CV bir insanın işgüzar obrazını göstərən sənəddir. Ona görə ordakı şəkilə diqqət etmək lazımdır. Divanda, oturan yerdə, əllər divarda romantik obrazda şəkillər olmamalıdır. Bəzən belə şeylər olur. İngilis dilini mükəmməl bilməyən adamın ingiliscə CV yazmağının bir mənası yoxdur. CV-nin ingiliscə olması bir bəyənatdır ki, mən bu dili bilirəm. Qarşıma gələn 100 ingilis dilində olan CV sahiblərindən 99-u ingiliscə bilmir. CV konkret olmalıdır, əsas məqamlar ön plana çıxmalıdır. 3-4 telefon nömrəsi olmamalıdır. CV çox ciddi bir sənəddir. Bəzən gənclərin CV-də yazdığı elektron ünvanların adları çox gülməli olur. Məsələn, "[email protected]", "[email protected]" və s. Ciddi bir gəncin sənədində bu və bənzər qeyri-ciddi qeydlər yolverilməzdir.

- Bu yaxınlarda "Kanadaya necə getmək olar?" adlı bir seminar keçirilmişdi, həmin seminara gözləniləndən qat-qat artıq iştirakçı qatılmışdı. Gənclər niyə ölkədən getmək istəyirlər?

- Bu gənclər çox ciddi beyin sərmayəsidir. Ümumiyyətlə bütün gənclər ölkə üçün sərmayədir. Hesab edirəm ki, Azərbaycanın bugünkü gəncliyi haqda mənə sual verirlər ki, razısınızmi gənclərdən? Cavab verirəm, təbii ki razıyam! Necə olmalı idisə elədir gənclik. Biz necə idiksə indiki gənclikdə elədir. Çılğın, qanı qaynayan. Niyə türklər gənclərə dəliqanlı deyirlər? Çünki, qanı qaynayır, cəmiyətdə qəbul edilən streotipləri qəbul etməmə haqlarından istifadə edirlər. Biz, yaşda böyüklər onlara doğru nümunə olmalıyıq. Biz onlara doğru istiqamət göstərməliyik. Gənclərin ölkəni tərk etməsi kimi bir hal varsa, necə olur olsun bizim də bunda ciddi mənada payımız var. Getmə səbəbləri ali təhsil almaq üçündürsə, bu çox yaxşıdır. İlk sualda cavab verdim, problemlərimizin başında bilgisizlik durur. O gənclərimiz təhsil alıb ölkəyə bilik gətirəcəklər. O zaman getsinlər, oxusunlar, özlərini yetişdirsinlər. Qərb mədəniyyətindən doğru dəyərləri alıb bura gətirsinlər. Çünki, bizim buna çox böyük ehtiyacımız var.

Gənclərin ümumiyyətlə ölkədən kütləvi şəkildə getmə səbəbləri də müxtəlifdir. İş tapa bilməmə, bilgisizlik. Burda iş tapa bilməyən xaricidə çox çətin iş tapa bilər. Azərbaycanda ana dilini bilərək iş tapa bilməyən, Avropada ingiliscə, almanca bilmədən necə iş tapacaq. Mənə elə gəlir ki, 30-35 yaşlı insanlar daha çox gedirlər ölkədən. Bu fikrimcə böyük problemdir. Azərbaycanda elədir ki hər yerdə peşəkarlar qəbul olunmur, ona görə gənclərimiz gedirlər.

Rasim Məmmədli

Fəxri Ağayev: "Müvəffəqiyyət təkcə maddi imkanlarla deyil, həm də mənəvi dəyərlərlə ölçülür"

DİGƏR XƏBƏRLƏR

Top