"Kimsə qolundan tutub gətirib ki, sən bu televiziyada diktor ol" - Xalq artisti VİDEO

Günümüzdə radio və televiziya diktorları çoxdur. Bu çoxluq getdikcə keyfiyyətə də təsir edir. Uzun illərdir radioda eşitdiyimiz bir xoş səs var və bu səs öz sehri ilə insanların qəlbini oxşaya, yaddaşında qala bilib. Haqqında danışdığımız səs sahibi xalq artisti Eldost Bayramdır. “Yeniavaz.com” Eldost Bayramla müsahibəni təqdim edir.

- Eldost müəllim, necəsiniz?

- Çox sağ olun, Allaha şükür, yaxşıyam. Onsuz da yaxşı idim, son vaxtlar daha yaxşıyam. Azərbaycan Radiosunun 90 illiyi və Azərbaycan Televiziyasının (AzTV) 60 illiyidir. Eyni zamanda yubiley ilidir. Həmçinin dövlətimiz mənim uzun illər ərzində çəkdiyim əməyi qiymətləndirib və ən yüksək titulu təqdim edib - Xalq artisti titulunun sevincini yaşayıram.

- Xalq artisti adına layiq görüldüyünüz üçün saytımız adından sizi təbrik edirik...

- Minnətdaram, çox sağ olun! Mən bir dəfə demişəm, Əməkdar artist olmağın məsuliyyətinə bir az dözmək olardı, amma Xalq artisti olanda çiyinlərinə daha böyük məsuliyyət düşür. Elə bilin Azərbaycan bayrağının altında farağatda dayanmısan. Həmişə elə farağat vəziyyətində dayanasan ki, bu adı doğruldasan. Təbii ki, öz işinlə, öz əməlinlə.

- Sizin əsas fəaliyyətiniz Azərbaycan radiosu ilə bağlıdır. Necə oldu ki, radio diktoru olmağa qərar verdiniz?

- Lap uşaq vaxtından o həvəs məndə olıub, Azərbaycan diktorlarının səsini eşidən vaxtdan. Mən Kürdəmir rayonunda, kənddə böyümüşəm. Kürdəmir rayonunun kasıb, toz-torpaqlı, ancaq bərəkətli bir kəndi var idi, Çöl Ərəb kəndi. Muradxan kəndi ilə üzbəüz, Mollakənd yolunun üstündə. Orada doğulmuşam, orada böyümüşəm. Uşaq olanda qonşu kənddən - anamgilin kəndindən Ərəbxanadan bir xətt çəkdilər, kabellər qoydular . Soruşdum ki, bu nədir? Dedilər kəndinizə radio çəkirik. Mənim üçün qeyri-adi idi. Axı bu radio nə olan şeydir? Çəkdilər, ona şəbəkə radiosu deyirdilər. Maşallah, o radio neçə il işlədi. O radioda, diktorların səsinə qulaq asandan yəni, Aydın Qaradağlı, Ramiz Mustafayev və xanım diktorların səsini eşidəndən sonra məndə diktorluğa həvəs oyandı. Düzü, uşaq vaxtı adam bilmir hansı işin sahibi olacağını, tərəddüd edib sonralar dəyişir. Amma mən bir dəfə dedim sözümü və axıra qədər getdim arxasınca. Düzdür, mənim radioya gəlişim uzun çəkdi. Mənim hesabıma görə uzun çəkdi bu və mən 25 yaşımda institutdan sonra mən radio-televiziyaya gəldim. Y.Qaqarin adına pioner və məktəblilər sarayında il yarım metodist işlədikdən sonra, 1972-ci il aprel ayının 1-dən radioya işə girdim və diktor-təcrübəçi kimi fəaliyyətə başladım.

- Səhv etmirəmsə, adını çəkdiyiniz diktorlarla sonradan iş yoldaşı oldunuz ?

- Aydın Qaradağlı ilə 8 il iş yoldaşı oldum. Mən tamamilə Aydın Qaradağlının təsirinə düşmüşdüm. Onun səsi analoqu olmayan bir səs idi. Tam milli, azərbaycanlı səsi onda var idi. Köhnə kişilərin səsinin əzəməti, kövrək ana laylasının həzinliyi var idi onun səsində. Bu təsirə düşən tək mən deyildim. Aydın müəllim 80-ci ildə dünyasını dəyişib, ancaq indiyə qədər də o təsir qalıb bir çoxlarında. Mən çalışdım ki, o təsirdən çıxım. Sonradan mən öz yolumu, öz oxuma metodumu tapdım.

- Siz "televiziyadan fərqli olaraq, radioda səs, diksiya önəmlidir” deyirsiniz. Səsdən əlavə diktorda hansı özəllik olmalıdır?

- Birinci növbədə savad olmalıdır. Sonra sırf vətənini, millətini, xalqını sevməlisən. Xalqla, xalqın varlığı ilə qürur duymalısan. Öz dilini çox yaxşı bilməlisən. Birinci növbədə diktor dili, səsi ilə insanların diqqətini çəkir. Dilin təmizliyinə, tələffüz elədiyin sözlərin təmizliyinə fikir verməlisən. 90 ildir radio var. Azərbaycanda 1926-ci ildən radio fəliyyət göstərir. İndiyə qədər də radio etalon hesab olunur. Televiziya sinkretik sahədir. Televiziya radionun əsasında formalaşıb. Bizim radioda praktika keçmək üçün bəzi televiziya diktorları gəlirdilər. Radioda güclü müəllimlər, korifey insanlar var idi. Yenə deyirəm ki, ilk növbədə dili çox yaxşı bilməlisən. Ümümi dünyagörüşün olması çox lazımdır.

- Öz səsinizi efirdə eşidəndə hansı hisslər keçirirsiniz?

- Mən son zamanlar televiziyaya, ekrana çıxmışam. Bəzi insanlar məni məclislərdə görüblər. Belə deyək də, görənlər görmüşdülər, görməyənlər görməmişdilər. Azərbaycanda 10 milyona yaxın əhali var. O radioya qulaq asanların hər biri radio diktorun səsini eşidib öz anlamında onun obrazını yaradır. Biri qəhrəman kimi, biri bir başqa cür. Hərə bir formada təsəvvür edir. Özlüyümdə ilk vaxtlar öz səsimdən zəhləm gedirdi (gülür). Xoşum gəlmirdi səsimdən. Qulaq asırdım öz səsimə. Ancaq bilirsiniz, o vaxt maqnitofon almışdım qəzetlərdən, kitablardan materiallar oxuyurdum və səsimi yazıb-dinliyirdim.Dəfələrlə yazırdım, dəfələrlə xoşum gəlmirdi pozurdum. Ona görə xoşum gəlmirdi ki, axı məndən öncə orada korifeyler var idi. Onların hərəsinin səsi bir aləm idi. Hərəsinin səsi bir Azərbaycan idi. Onların qarşısında Eldost Bayram kim idi ki..? Öz səsimə qulaq asırdım, sonra onların səsinə qulaq asırdım. Müqayisə edirdim xoşum gəlmirdi təzədən yazırdım. Sonradan illər keçdi - 45 ildir ki, mən işləyirəm, 2009-cü ildən pensiyaya çıxmışam. Sağ olsun Səhmdar Cəmiyyətimizin prezidenti məni saxladı, efirdən bir addım da uzaqlaşmağa qoymadı. Uzun bir müddətdir ki, mən mikrofon qarşısındayam. Yaradana qurban olum!. Sizin sözünüzlə desəm, öz səsimə belə təsnifat verərdim: təsadüfən eşidib yanından biganə keçilib gedilə bilməyən bir səs. Məcbursan bir də təzədən qayıdıb baxasan. Tutaq ki, studiyada bir yazı oxuyuramsa, bu səs kimindir deyə qayıdıb maraqlanırlar.

- Özəl radiolarda bəzi aparıcılar vulqar sözlərdən istifadə edirlər. Yəqin ki, siz də bu halların şahidi olmusunuz. Bəzi aparıcılar bunun bir üslub olduğunu deyir, bəziləri isə efir sərbəstliyi kimi qələmə verirlər.

- Öz dilimi son dərəcə sevirəm və ömrümün axırına qədər sevəcəyəm . Vulqar söz işlədən o aparıcılara qulaq asan insanlar özlərini necə hiss edirlər? Özümü qoyuram bir yana. Hərdən dəli kimi oluram. Evdə də mübahisə edirəm yoldaşımla. Deyir ki, sən özünə niyə bu qədər əziyyət verirsən? Ona da təsir edir axı. Bəzən qulaq asanda diksinirəm. Axı gül kimi sənin “vaxt” sözün var, niyə “zaman” sözü işlədirsən ki…Zaman sözünü ora zorla niyə salırsan? Qəribə burasındadır ki, doğrudanmı bizi Allah belə yaradıb ki, mütləq kiminsə ətəyindən tutmalıyıq? Niyə sənin ətəyindən tutmurlar? Axı sən Azərbaycanlısan! Kimdən əskiksən? Bütün dünya sənin tolerantlığından, muğamatından danışır. Muğamat da havayı yerə gəlmir e, Allaha qurban olum, o genlə əlaqədardır. Türkiyədə “da2” şəkilçisi bitişik yazılır. İndi mən oxuduğum materiallarda “da” bitişik yazılır və bunun əziyyətini çəkirəm. Bax belə şeylər yandırır adamı. Qarışıqlıq olsun, ancaq sən mənliyini saxla. Sən özünün olanını qoru, heç başqasınınkını götürmə, bizə lazım deyil. Mən şuraların, yəni qabaqlar bədii şuralar var idi - onların tərəfdarıyam, ləğv edilməsinin tərəfdarı deyiləm. Həyat sübut elədi ki, mütləq bədii şuralara böyük ehtiyac var. Mütəxəsislərdən toplanmış şuralara ehtiyac böyükdür. Təsadüfi adamlar gəlib münsiflər heyətində oturur. Dünənki uşağı gətirib münsiflər heyyətinə üzv qoyurlar. Bax, aparıcılar da belədir. Kimsə qolundan tutub gətirib ki, sən bu televiziyada danış, bu radioda çıxış elə. Bizim dövrümüzdə nəzarət var idi. Nöqtəni, vergülü tələffüz ilə verməyəndə deyirdilər ki, get sədrin müavinin yanına, bəs sən niyə o səhvi etmisən.

- Əvvəllər radiolar da az idi, diktorlar da. İndi yetərincə çoxdur. Sizcə, kəmiyyət keyfiyyətə də təsir edibmi?

- Yaxşı hazırlayanda təsir etməməlidir. Seçib hazırlamaq lazımdır. Özəl televiziyalarda, radiolarda gözəl aparıcılar var. Elələri var ki, maşallah, mən həsəd aparıram. Təmiz Azərbaycan dilində səlis danışan aparıcılar vardır. İngilis, rus dilində, türk sözlərindən və s. qatıb istifadə edirlər. Aparıcıların bəziləri danışıqda rus, ingilis sözlərindən istifadə edirlər. Özümüz buna nəzarət etməliyik. Bir şeyi yaddan çıxarmaq lazım deyil ki, televiziya və radioya xalqımız ömür boyu hörmətlə yanaşıb, ona görə də, etalon kimi baxırlar. Bizdə o vaxt belə idi, hansısa sözü bilməyəndə deyirdilər ki, heç narahat olma, dur radionu aç, gör diktorlar necə tələffüz edirlər. Onlar necə tələffüz edirlərsə, deməli, o doğrudur. Həqiqətən də elə idi. Artıq o bağlar qırıldı. Təəssüf ki, qırıldı. Aparıcıları hazırlamaq lazımdır. Onun da kökü ailədən və bağçadan başlayır. Azərbaycanın ən dəyərli sərvəti onun dilidir. Dili qorumaq lazımdır. Xalq dili ilə tanınır.

Ruzbeh Məmməd

"Kimsə qolundan tutub gətirib ki, sən bu televiziyada diktor ol" - Xalq artisti

DİGƏR XƏBƏRLƏR

Top