“Bir mətndən hamı eyni şeyi hiss edəndə mətn ölür”

Əsərlər var ki, onlar illər keçsə də oxunur, o əsərlərdən sitatlar dilimizin ucunda ilişib qalır. O dahi misralardan bir neçəsini misal gətirə bilərik. “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur” (Cəlil Məmmədquluzadə); “Həyat bacarıqsız şəkildə hazırlanmış mərasim yeməyinə bənzəyir. İnsan səbirsizliklə deserti gözləyir, amma əsl ləzzətli yemək - o yağlı qovurma səssiz-səmirsiz yeyilmişdir” (Frans Kafka); “İnsan bir işə etsə vərdiş , çətin olsa belə görulər bu iş” (Nizami Gəncəvi); “Təbii ki, bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa” (Çarlz Bukovski); “Bir gün, bir gün deyə irəliləyənlər “heçliyin” evinə çatarlar” (Miqel de Servantes). Bəzi insanlar yadda saxlaya bilmədiyi üçün sevdiyi sitatı yazıb saxlayır. Bu dəfə ədəbiyyat adamlarından sevdiyi əsərlərdən, sevdiyi sitatlar haqqında soruşduq.

Aqşin Evrən: “Bu gün anam öldü. Bəlkə də dünən ölüb, xəbərim yoxdur. Ahıllar evindən teleqram aldım: “Ananız vəfat etdi, dəfn sabahdır”. Baş açmaq olmur, bəlkə elə dünən ölüb?”. Bu abzas Nobel mükafatlı yazıçı Alber Kamyunun “Yad” əsərinin ilk cümlələridir. Bu hissəni həm mənim həyatıma, xarakterimə, baxışlarıma uyğun gəldiyi üçün, həm də əsərin bütün mahiyyətinin, nəhəng absurdist, ekzistensialist fəlsəfənin bu cümlələrdə cəmləndiyi üçün sevirəm.”

Mirmehdi Ağaoğlu: “Əvvəllər belə adətim vardı. Oxuduğum əsərlərdə xoşuma gələn sitatları, fikirləri bloknotuma qeyd edirdim. Hardasa iki dəftər bu cür qeydlərim var. Amma sonralar yəqin ki, vaxt darlığından bu adətimi demək olar tərgitdim. İndi demək olar çox az hallarda hansısa fikri dəftərimə qeyd edirəm. Əvəzində oxuduğum kitabda xoşuma gələn bir fikrin altından xətt çəkirəm və kitabın kənarına qeyd yazıram. Sizin sorğunuzdan sonra o köhnə dəftərlərimi vərəqlədim. Qarşıma Kamyunun bir fikri çıxdı. “Vəba” əsərində oxumuşdum. Və o fikri sizinlə paylaşmaq istəyirəm. Olduqca amansız fikirdir və mənə görə də belədir: “Şərlə ya əməkdaşlıq edirlər, ya da savaşırlar. Üçüncü yol yoxdur”.

Cavanşir Yusifli: “Sevmə səbəbi olur şübhəsiz, ama bu bilinməyə də bilər. Hansı kitabı nəyə görə sevdiyimi bilmirəm, indi o kitablardan ayrılsam belə… Bir vaxt Hüqonun “Gülən adam” romanını, yaxud Floberin “Madam Bovari” əsərini, Kamyunun “Yad”ını dəfələrlə oxumuşam, dediyiniz sitatları yazıb saxlamışdım. Ancaq sonralar anladım ki, bu təkrarsız şeyləri yazmaqla saxlamaq olmur, o dəftərlər qalmayıb indi, tapılmır. “Lolita” romanını ingilis və fransız dillərində oxumuşam, dildən ləzzət almaq üçün. Vaxtilə “Don Kixot”u ispan və fransız dillərində oxumuşam. Bir mətndən hamı eyni şeyi hiss edəndə mətn ölür, o cür mətnlər olub həyatımda, ancaq elələri var, ona mənim kimi heç kəs baxa bilməz. Məsələn, “zaman işləyir iliyimizə”. Yaxud, “Don Kixot”dakı epizodlar: Don Kixot növbəti dəfə döyülür, qəziyyədən sonra Sanço Pansadan soruşur ki, niyə qahmar çıxmadın? O da belə cavab verir: “Onlar səni döyəndə mən də özümü döyürdüm”. Yaxud Yusif Səmədoğlunun “Qətl günü” romanında: “…əlyazmaları gizlətməyin zamanı gəldi axı, ağalar”, yaxud Haqverdiyevin “darvazamızı fələk vurubdu…” kəlamı. Bu sözlər kitabdan insanın ürəyinə köçür. Qəlbimizə çox şeyləri köçürə bilməsək də, bu sözlər həmişə bizə yaxındır, nəfəs qədər. Amma, məni məzur tutun, seçmə səbəbini deyə bilməyəcəyəm, çünki sizin sualı cavablandıranda vaxtilə oxuduğum kitablara baxmadım, yaddaşımda necə qalıbsa, elə dedim. Bir şey var. Mən çox görkəmli, məşhur, ödül sahibi şairlərdən çox, talesiz şairləri sevirəm. Ürəyi dolu olsa da, yaza bilməyən, ya ömür qırılır, çatmır, ya da onlara verilən sözün vaxtı yetişmir. Onların mətnlərində qəribə ruh olur, misralar arasından qəribə meh vurur, bunu dərindən duya bilsən öz içində azarsan. Yəni çox sadə, amma sirli mətnlər olur klassik ədəbiyyatda. Yuxarıda dedim, sənin çox sevdiyin şeylər hamının olanda o mətn ölür, daha doğrusu donur, gözləməlisən ki, içindən başqa sirlər doğula və səndən başqa bir kəs bunu bilməsin. Buna ömür yetərmi?”

Kənan Hacı: “Ən çox sevdiyim cümlə N. Ostrovskinin “Polad necə bərkidi” əsərindəki bu cümlədir: “Həyat dözülməz olanda da yaşamağı bacarmaq lazımdır”.

Ehtiram İlham: “Səməd Vurğunun “Vaqif” dramı:

Nifrət, qan çanağı taclara nifrət,

Var olsun, Azadlıq, bir də Məhəbbət!”

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top