"Mətbuat bu cür biabırçı vəziyyəti açıb göstərirsə onu alqışlamaq lazımdır"

"Yeniavaz.com" xəbər portalının şəhərdə vətəndaşlar arasında keçirdiyi sonuncu sorğu cəmiyyətdə birmənalı qarşılanmadı. Sualımız belə idi: "İşğal olunmuş rayonlarımızın adlarını saya bilərsinizmi?". Sualımızı cavablandıran şəxslərdən bəziləri Daşkəsən, Ağsu kimi rayonlarımızın işğal olunduğunu bildirdilər. Sorğunu "Facebook" səhifəmizdə paylaşandan sonra sosial şəbəkə istifadçiləri arasında müzakirə mövzusu oldu. Bu sorğuya görə izləyicilərin bəziləri, danışan şəxsləri, bəziləri isə sorğunu hazırlayan jurnalistləri ittiham elədi. Onların iddialarına görə, jurnalistlər bu formada sorğu keçirməməlidirlər, vətənpərvərlik mövzusundakı qüsurlarımızı gizlətməlidirlər.

"Cəmiyyətdə həssaslıq həddindən artıq yüksəkdi"

Məsələyə münasibət bildirməsi üçün jurnalist, professor Qulu Məhərrəmliyə müraciət etdik. Professor "Yeniavaz.com"a açıqlamasında dedi ki, jurnalistikanın birinci funksiyası məlumatlandırmadır: "Yəni, o cəmiyyətdə, həyatda gedən proseslərlə bağlı insanları məlumatlandırır. Bu gün insanların həyatında nə baş verib onu çatdırmaq jurnalistlərin işidir. Bundan əlavə jurnalistlər maarifləndirmə işi də aparmalıdır. Amma konkret bu sorğu ilə bağlı birbaşa medianın funksiyasına aid deyil. Bu mövzular orta məktəb dərsliklərində olan materiallardı, bu tarixdi, tariximizin bir parçasıdır. Azərbaycanın müstəqilliyi ilə bağlı olan səhifələri bizim bütün şagirdlərimiz, övladlarımız bilməlidirlər. Televiziyalar, radiolar bununla bağlı daimi məlumatlar verirlər. Ona görə mən hesab edirəm ki, burdakı yalnışlıq bizim yetişən nəslin təfəkküründədir. Buna görə, hansısa saytı, jurnalisti ittiham eləmək olmaz. Əslində bir qəzet, bir sayt, bir televiziya proqramı bu cür biabırçı vəziyyəti açıb göstərirsə onu alqışlamaq lazımdır. Bundan nəticə çıxarmaq lazımdır. Mənə elə gəlir ki, biraz dözümlü yanaşmaq lazımdır, səhvlər hardadır onu tapıb düzəltmək lazımdır. Əlbətdəki hansısa sayt bu mövzuda bilgi verə bilər. Amma bu bilgi o şagirdə nə dərəcədə gedib çatır? Ona görə bu işlə məktəblər məşğul olmalıdır. Ailədə bununla məşğul olmaq lazımdır. Valideynlər tarixin bu parçalarını uşaqlarına anlatmalıdırlar. Hesab edirəm ki, burada jurnalistləri ittiham eləmək yalnışdı. Cəmiyyətdə həssaslıq həddindən artıq yüksəkdi. Media materialına bu cür yanaşmaq olmaz, əksinə bundan nəticə çıxarmaq lazımdır".

"Jurnalistin işi problemi qabartmaqdır"

Mövzu ilə bağlı sualımıza jurnalist Elçin Şıxlı da münasibət bildirdi. Onun sözlərinə görə, jurnalist mövcud vəziyyəti göstərməklə yanaşı həm də insanları maarifləndirməlidir: "Bu məsələdə sizi, yəni jurnalistləri ittiham edirlərsə çox nahaq yerə edirlər. Çünki, yalnış mövqedədirlər. Jurnalist əvvəl problemi qabardır, problemi üzə çıxarır, ondan sonra maarifləndirir. Mən həmin videonu izləmişəm, orada Xaçmazı işğal olunmuş rayon kimi göstərən uşağı maariflənmidrmək lazımdır. Ümumiyyətlə sizin işiniz bu problemi qabartmaqdır. Bu problemi tapıb qabartmısınız, buna görə sizə təhqir yox, tərif düşür. Amma eyni zamanda da bilməyənlər üçün işğal olunmuş rayonlar haqda materiallarda hazırlanmalıdır. Jurnalistin vəzifəsi həm də maarifləndirməkdir. Bu bənd var, amma əslində maarifləndirmək üçün əvvəlcədən gərək problem varsa üzə çıxarasan. İdeal varinat belədir. Amma hər halda sizə təhqir yox, çox sağ ol demək lazımdır ki, millətin bərbad vəziyyətini göstərirsiz".

"Jurnalistin işi qaranlıq otaqda işığı yandırmaqdır"

Məsələyə münasibət bildirən başqa jurnalist isə Coşqun Eldaroğlu oldu. O bildirdi ki, jurnalist istədiyi sualı verə bilər: "Siz sual vermisiz, vətəndaşlar da cavab verib. Ümumiyyətlə jurnalistin işi qaranlıq otaqda işığı yandırmaqdır, mebelin yerini dəyişmək deyil. Siz işığı yandırmısız, hamı görüb ki, reallıq nədir. Bizdə insanlara müəyyən missiya yüklmək də var. Hesab edirlər ki, jurnalist maariflənirməlidir, onun işi ancaq o olmalıdır. Demokratik ölkələrdə jurnalistlər nə ilə məşğuldurlar? Onlar reallığı göstərirlər, azad söz deyirlər. Yoxsa ki, biz işimizi gücümüzü atıb adamlara "ə zəbər ə, bə zəbər bə" öyrətməli deyilik. Məsələn, siz mövqe ortaya qoymadan sual verirsiniz. Bilmək istəyirsiniz ki, adamlar bilir, bilmir. Məndən soruşsalar deyərəm ki, əzizim bunları bilirəm hansı günlərdə işğal olunub. Çünki, bunu bizə əzbərlədiblər. Amma bunu xüsusi yadda saxlamağın, əzbərləməyin tərəfdarı deyiləm. Əlli məğlubiyyət günündənsə bir qələbə günü olmalıdır. Qələbə günün tezləşdirmək lazımdır. Biz nə qədər əzbərləyəcəyik? Filan gün, filan rayon, filan gün o biri rayon işğal olunub, bildik də bunu. Yeni nəsildə gəlir, bundan xəbəri yoxdur. Mənim qızım da soruşur ki, ata bu nədir? Məndə danışdım bunu, hə nə oldu? Danışdıq ki, gəldilər, qırdılar, dağıtdılar. Uşaq biraz da qorxub, narahat olur. Bu vətənpərvərliyi artırmır. Mənim mövqeyim belədir. Jurnalistin missiyası isə reallığı göstərməkdir".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top