Aİ-92 markalı benzin yanacaqdoldurma məntəqələrində niyə fərqlidir?


Redaksiyamıza müraciət edən sürücülər bildirirlər ki, paytaxt ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində satılan Aİ-92 markalı benzinin keyfiyyəti bir-birindən fərqlənir. Bəziləri deyir ki, "filan" yanacaqdoldurma məntəqəsindən benzin alanda tez bitir, başqasından eyni həcmdə alınanda isə daha artıq yol sürmək olur. Bəziləri də deyir ki, ümumiyyətlə maşının işləməsində də benzinin fərqi hiss olunur. Hətta müşahidələrimizə görə, eyni markalı benzinin rənglərində də fərq var. Aİ-92 markalı benzin ölkəmizdə istehsal olunursa və yanacaq satan şirkətlər eyni yerdən alırlarsa buradakı fərqlərin səbəbi nədir?
Yeniavaz.com 
bu suallarla Azad İstehlakçılar Birliyi (AİB) sədri Eyyub Hüseynova müraciət edib.

AİB sədri bildirdi ki, ümumiyyətlə onun gəldiyi qənaət ondan ibarətdir ki, cəmiyyətdə bir məsələ danışılırsa o həqiqətdir: "Ən yaxşı ekspertiza ictimai rəydi. Bəli, ictimai rəyə görə, "filan" yanacaqdoldurma məntəqəsində Aİ-92 markalı benzin yaxşıdır, digərində pisdir. Mən adlarını da çəkə bilərəm. Hətta bizə ölkənin ən məşhur yanacaqdoldurma məntəqələrilə bağlı çox sayda şifahi şikayətlər daxil olur. Bu problem cəmiyyət arasında danışılır. Deməli, bu reallıqdır. Bizə avtomobilin mühərrikini sıradan çıxmasına səbəb olan, yanacaqdoldurma məntəqəsindən cəmi iki kilometr uzaqlaşandan sonra motorun sönməyi ilə bağlı müraciətlər də daxil olub. Bu onu göstərir ki, yanacaqdoldurma məntəqələrində tam yiyəsizlikdir. Heç bir nəzarət yoxdur. Cənab prezident ictimai nəzarət haqda danışmasına baxmayaraq, onlarda ictimai nəzarət kifayət qədər deyil. Yanacaqdoldurma məntəqələri sanki özlərini qapalı müəssisə kimi elan ediblər. Təəssüflər olsun ki, Azad İstehlakçılar Birliyi (AİB) yanacaqları ekspertiza edə bilən mükəmməl cihaz əldə edə bilməyib. Ola bilər ki, yanacaqdoldurma məntəqələri özləri bu işi eləyirlər. Bəlkə də aldıqları yerdə benzin belə olur. Bu məsələdə ciddi ictimai nəzarət lazımdır".

"Azpetrol": "Aİ-92 markalı benzinə hər hansı bir qatqının qatılması qanunvericiliyə ziddir"
Mövzu ilə bağlı yanacaq satan şirkətlərlə əlaqə saxlamağa çalışdıq. "Azpetrol"un mətbuat xidmətinin rəhbəri Camal Zeynalov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, benzinlərin yoxlanılması ilə "Azpetrol"da əməliyyat departamenti, eləcə də monitorinq şöbəsi məşğul olur: "Biz "Azpetrol" şirkəti olaraq digər şirkətlər kimi daxildə istehsal olunan Aİ-92 markalı benzini Heydər Əliyev adına Bakı Neft Emalı zavodundan alırıq. Aldığımız benzinə heç bir qatqı qatmadan yanacaqdoldurma məntəqələrinə ötürürük, ordan müştərilərə çatdırılır. Demək istəyirəm ki, yanacaqdoldurma məntəqələrindəki Aİ-92 markalı benzinə hər hansı bir qatqının qatılması qanunvericiliyə ziddir. Ona görə də biz, heç vaxt belə bir iş görməmişik, etmərikdə. Digər tərəfdən də istənilən yanacaqdoldurma məntəqələrində yanacağa hər hansı qatqının qatılması yanacaqdoldurma məntəqələrinin problemidir".

Şirkət rəsmisinin sözlərinə görə, "Azpetrol"da artıq avtomatlaşdırılmış idarəetmə sistemi tətbiq olunur: "Yəni bizim bütün yanacaqdoldurma məntəqələrimiz 24 saat ərzində izlənilərək nəzarət olunur. Yanacağa hər hansı qatqının qatılması bizdə qeyri-mümkündür. Bu həm qanuna ziddir, həm də bizim müştəri itirməyimizə səbəb ola bilər. Biz niyə müştərilərimizi itirək?! Əksinə çalışırıq yüksək xidmət göstərək. Çünki, bir dəfə narazı qalan müştəri ikinci dəfə xidmətimizdən istifadə eləmək istəmir".

"Lukoyl-Azərbaycan": "Benzinə İngiltərədə istehsal olunan "ECTO" qatqılar əlavə olunur"
"Lukoyl-Azərbaycan" şirkətinə ünvanladığımız sorğuya verilən cavaba görə, şirkət ölkəmizdə istehsal olunan Aİ-92 markalı benzini özlərinin neft bazasında Amerikada istehsal olunan müasir avadanlıqla filtrasiya edirlər. Filtrasiya prosesindən sonra benzinə İngiltərədə istehsal olunan "ECTO" qatqılar əlavə olunur. "Lukoyl-Azərbaycan"ın saytımızın sorğusuna veridiyi cavabda bu qatqıların avtomobilin mühərriki üçün üstünlükləri də qeyd edilib: mühərrikin daha etibarlı işləməsi, korroziyanın qarşısının alınması, istismar müddətinin artırılması, mühərrik yağının dəyişdirilməsi intervalının artması, səs və titrəmənin azalması, injektorda karbon çöküntülərinin formalaşmasının qarşısının alınması, katalizatorun istismar müddətinin artırılması.

Dövlət Komitəsi: "Yanacaqdoldurma məntəqəsi yanacağın tərkibinə hər hansı qatqı qata bilməz"
Əlaqə saxladığımız yanacaqdoldurma şirkətlərinin biri bizdə istehsal olunan Aİ-92 markalı benzinə heç bir qatqı qatmadan, digəri isə qatqı qataraq satır. Bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbova müraciət etdik.
F.Talıbov bildirdi ki, Azərbaycanda yanacaqla bağlı dövlət standartı var: "Bilirsiniz ki, yanacağın istehsalı bir müəssisədə həyata keçirilir. Daha yüksək oktan ədədli yanacaqlar isə xaricidən gətirilir. Hər birinə də standart tətbiq edilir. standartın tələbləri konkretdir. Satışı həyata keçirilən yanacaqdoldurma məntəqəsi üçün dəyişmir, bu vahiddir. Yanacaqdoldurma müəssisələri yanacağı alarkən və satışını həyata keçirərkən hansı improvizasiyalar edirlər, hansı qatqıları qatırlar, özlərinin düşündükləri və yaxud əsaslanmış, əsaslanmamamış hər hansı bir məsələ ilə bağlı heç nə deyə bilmərik. Çünki, bilirsiniz ki, qanunvericiliyə görə, sahibkarlıq fəaliyyətində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Biz yanacaqdoldurma məntəqələrində bu müddətdə heç bir yoxlama aparmamışıq. Artıq bir il keçib və qanunun qüvvədə olduğu növbəti bir ildə yoxlama aparmayacağımıza görə, hal-hazırda nə isə deyə bilmərik. Ona görə də baş verən dəyişiklikləri müşahidə eləmirik. Bu baxımdan əlavə heç nə deyə bilmirəm. Yanacaqdoldurma məntəqəsi standarta uyğun istehsal edilmiş yanacağın tərkibinə özlərinin hər hansı qatqını qatmaları düzgün deyil. Bu ancaq istehlakçıya təklif edilə bilər. Təklif oluna bilər ki, yanacağa filan məhsulu da əlavə edək, bu mühərrikə müsbət təsir edəcək. Bu istehlakçının öz seçimi ola bilər. Bunu məcburi şəkildə vermək olmaz. Daha doğrusu yanacaq satışı həyata keçirərkən istehlakçını xəbərdar etmədən belə edilirsə bu yolverilməzdir".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top