Fərqli millətlərə məxsus insanların nikahından doğulan uşaqlar: Hansı daha gözəldir? FOTOLAR

Polis Bakıda restoranda hesabı ödəməyən bu müştərini axtarır VİDEO

"Məktub yazıblar ki, niyə cinsi azlıqlara "gözün üstə qaşın var" deyirsiniz"

çərşənbə axşamı, 17 oktyabr 2017
TR EN RU

Menu

çərşənbə axşamı, 17 oktyabr 2017
EN TR RU

HƏMSÖHBƏT

“Sonuncu ölən ümidlərdir” romanı ilə mən ədəbiyyata gəldim

15.11.2016 18:14

Müsahibimiz yazıçı Varis Yolçiyevdir.

- Varis bəy, necəsiniz, özünüzü heç vaxt təqdim etmədiyiniz şəkildə təqdim edərdiniz?

- Həyatda daim axtarışda olan və bir ili on bir aydan, bir ayı iyirmi doqquz gündən, bir günü iyirmi üç saatdan ibarət olan adam - yəni heçnəyə vaxt çatdırmayan bir adam.

- Azərbaycanın bir neçə şəhərində görüşləriniz oldu, istərdik bu haqda danışasınız.

- 2008- ci ildən ədəbiyyatda varam. İlk görüşüm Qafqaz Unversitetində, bir gün sonra Lənkəran şəhərində oldu. Lənkəran dram teatrının binasındaydı, onda cəmi bir kitabım “Sonuncu ölən ümidlərdir”çap olunmuşdu. Lənkərana yaxın bütün rayonlardan insanlar gəlmişdi. Biz deyirik ki, bölgələrdə kitab az oxunur, ancaq mən o görüşdə şahid oldum ki, heç də elə deyil. Keçən il Gəncə şəhərində olan görüşümüz Gəncə Dövlət Universiteti və Gəncə Kitab Klubunun birgə layihəsi idi. O görüşümüz mənim yaddaşımda unudulmaz iz buraxıb. Bölgələrdə kitab oxuyurlar, ancaq bölgənin ən böyük problemi odur ki, kitab tapa bilmirlər. Gəncə kimi böyük şəhərdə kitab mağazaları yox idi. Şəmil Sadiqin başçılığı ilə “Hədəf” və “Xan” Nəşriyyatları Gəncədə böyük kitab mağazası açıblar. Gəncənin bütün yaradıcı gənclərini oraya toplaya biliblər. Bölgələrdə satılan qəzet, jurnallardır, onlar belə məhdud səviyyədə satılır. Rayonlarda kitab oxuyanlar çoxdur, sadəcə istədikləri kitabı tapa bilmirlər. Son görüşüm, qeyd etdiyim kimi, Gəncə şəhərində yerləşən “kitabevim.az “ da oldu.

“Sonuncu ölən ümidlərdir” mənim xeyrimə işlədiyi qədər də ziyanıma işlədi”

- “Sonuncu ölən ümidlərdir”, “Bir ovuc torpaq”, “Sənə inanıram” və “Metamorfoz”. Bu romanlar içərisində sizi tanıdan “Sonuncu ölən ümidlərdir” oldu. Bəs o biri romanlar zəif idimi, yoxsa?..

- “Sonuncu ölən ümidlərdir” romanı ilə mən ədəbiyyata gəldim. 90-cı illərdə xalq yazıçımız İsmayıl Şıxlı mənə uğurlu yol arzulayanda demişdi ki, “Ədəbiyyata gələcək və kifayət qədər iddialı addır”, tərifləmişdi məni. Ancaq mənim ədəbiyyata gəlişim xeyli yubandı. 2008- ci ildə ilk romanım - “Sonuncu ölən ümidlərdir” çıxdı. O vaxta qədər bir neçə hekayəm çap olunmuşdu. Öncədən planlaşdırmışdım ki, mən bu romanla məşhurlaşacam. O roman belletristik roman idi. Azərbaycanda tiraj 500 idisə, mən başımdan yuxarı hoppanmışdım, kitabı 10000 tirajla çıxarmışdım. Ancaq kifayət qədər bazarı araşdırmışdım, bilirdim ki, oxucu tələbə gəncdir, o da oxusa nəyi oxuyar. Sorğu keçirsək görərik ki, hamını sevgi və sevgi-dram, hətta deyərdim ki, melodram birləşdirir. O biri əsərlərim də kifayət qədər satıldı, ancaq “Sonuncu ölən ümidlərdir” daha məşhur oldu. Hətta Bakı kitab klubu ilin ən çox satılan romanı elan etdi. Hər il 2000 tiraj çap olunurdu. 2013-cü ildən isə nəşri dayandırdıq. Ona görə ki, on minlərlə pirat nüsxələr doldu bazara. Təkrar nəşrə ehtiyac qalmadı. Bu romanda hadisələr Bakı şəhərində cərəyan edir, hər bir gənc özünü orda görür. Bakının küçələrini tanıyır, eyni sevgi hisslərini onlar da yaşayır. Ondan sonrakı roman “Bir ovuc torpaq” vətənpərvərlik ruhunda yazılmış romandır. Romanda Qarabağ müharibəsi həqiqətləri var. Əsərdə yaradıcılığımın yeni bir şaxəsini göstərmişəm. Bu romanım da kifayət qədər oxundu, hətta təkrar nəşrə getdi. Bir romanıma 14, bir romanıma 32 seriyalı film çəkildi. “Bir ovuc torpaq” romanıma görə Mədəniyyət və Turizm nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” mükafatına layiq görüldüm. Həmin əsərlər Türkiyədə və Özbəkistanda türk və özbək dillərinə tərcümə olundu. Bu vaxta qədər 10 romanım çıxıb. Onluqdan kənar iki romanım çıxıb. Onlardan biri Amerika, biri Rusiyada çap olunub. Ən çox sevdiyim əsər Moskvada çıxan “Yanvarın 13 günü”dür. “Sonuncu ölən ümidlərdir” mənim xeyrimə işlədiyi qədər ziyanıma da işlədi. Ədəbiyyatın bəzi cami üzvləri sonrakı əsərlərimi oxumadan mənə hardasa o prizmadan baxırlar. Yazıçı öz yaradıcılığında çox şaxəlidirsə, onun hər şaxəsinə baxılmalıdır. Mənim əsərlərim təkcə Azərbaycanda yox, bir neçə ölkədə nəşr olunur, amma nəşriyyat hesabına. Kitab çıxarmağın, bildiyiniz kimi, bir neçə forması var. Paulo Koelho, Frederik Berbeder, Con Maksivel Kutzee, Orxan Pamuk gəlib Azərbaycanda nəşriyyata deyə ki, mənim kitablarımı çıxar. Belə şey olmuyub. Bunu nəşriyyatlar görür tanınmış yazıçıdır, onu çıxarmaqla pul qazanmaq olar və tərcümə edib çıxarırlar. Əslində biz də dünyaya elə çıxmalıyıq. Ancaq biz gedirik hansısa ölkəyə pulumuzu verib 10 nüsxə çıxarıb qoltuğumuza vurub gətiririk və deyirik xaricdə kitabım çap olunub. Özbəkistanda, Amerika qitəsində, Türkiyədə, Rusiyada nəşriyyat hesabına mənim kitablarım çap edilir.

- Nobel mükafatı alan yazıçılar müsahibələrində yazdıqları əsərlərdən narazı olduqlarını deyirlər. Bəs sizi əsərləriniz qane edirmi?

- Uzun-uzadı danışdığım “Sonuncu ölən ümidlərdir” romanını təzədən yazaram və başqa formada yazaram. Artıq onu belletristikadan çıxararam. İstənilən adamla mübahisəyə girərəm ki, o əsərin birinci hissəsi güclüdür. O biri əsərlərimdə də nəisə dəyişərəm yəqinki. Adam özündən gərək heç vaxt razı olmasın. Xüsusən də yaradıcı insan. Yaradıcı insanın özündən razı olması onun tükənməyi deməkdir.

- Klassik xarici əsərləri oxuyub dəfələrlə o əsərlərə qayıtmaq olar. Məsələn, Tolstoydan, Markesdən, Drayzerden və s. Bizdə gənc roman yazanların romanın bir dəfə oxuyub təkrar ona qayıtmaq təsadüfi hallarda olur. Sizə görə səbəb nədir?

- Adını çəkdiyiniz Dostoyevski, Hüqo və s. İndi onlar kimi yazıçı yetişirmi? Bu faktor təkcə ədəbiyyatda deyil, musiqi sənətində də belədir. Bethoven, Şopen, Motsart, Bax indi onlar yetişmir. Həqiqətən də dünya ədəbiyyatında, dünya musiqisində cılızlaşma gedir. İndi gənci kinoteatra, kitab oxumağa gətirmək çətindir. Çünki gəncin mobil telefonu var. O onun üçün daha maraqlıdır. Mobil rabitə və internet bütün sənət dünyasına öldürücü zərbə vurdu.

- Bəzi yazıçılar iri həcimli əsərlər yazmaq üçün maddi sıxıntı olduğunu deyirlər. Maddi çətinlik çəkən yazıçı roman yaza bilməzmi?

- Elə insan var ki, deyir mən maşınımı satıb kitab çıxarıram. Bu yolverilməz bir şeydir. Bəlkə həmin insan başqa sahədə özünü daha yaxşı ifadə edə bilər. Gəncləri hardasa başa düşmək olar. Yaşlı nəslin isə tanınıb uğur qazanması bir az çətindir. Anadan gəlmə insanın yolu olmalıdır. On min tirajla başlamışam, ancaq mənim “Üçbucaq” romanım iki min tirajla çıxıb. Dünyada gedən iqtisadi böhran bizdə də hökm sürür. Bu da yazıçıya təsir edir istər-istəməz. Bugünkü azərbaycanlının kitaba olan düşüncəsi ürək açan deyil. Belə bir şəraitdə hansısa gənc yazar risqə gedib böyük həcmli əsər çıxarmaq istəyirsə, çətin olar. Tanınmaq istəyirsə, o yazıçı hekayəsi ilə də tanına bilər. Şair üçün isə daha asandır. Hər hansı bir sosial şəbəkədə şeirini paylaşar və s. Pul qazanmaq istəyirsə, mən əminliklə deyə bilərəm ki, ədəbiyyatda pul yoxdur. Roman yazmaq üçün böyük həyat təcrübən və illər lazımdır. Ən böyük təcrübə yaşdır. Romançılıq janrı hardasa 40-45 yaşdan sonra yazılsa yaxşıdı. 18 yaşlı bir gəncin nə həyat təcrübəsi olar ki, roman da yazsın. Elə roman mənə göstərə bilməzlər ki, bunu 17 yaşlı adam yazıb və şedevrdir.

“Ömür çox qısadır, bacardıqca bu qısa vaxta çox şeyi sığdırmalısan”

- Sizin həyata baxışınız necədir? Həyat səhər-axşam oturub yazmaqdan ibarətdir təkcə?

-Təbii ki, yox. Hər bir insan həyata gələndə onun bir missiyası olur və onu istəyir həyata keçirsin. Ancaq bu missiya hər kəsdə müxtəlifdir. Əgər insan yazmağa gəlirsə onun əsas məqsədi yazmaq olacaqdır. O demək deyil mütəmadi yazasan, yazıçısan bütün iş-gücünü atıb ancaq yazmalısan. Mən öz vaxtıma sığışdırıram mütaliə etməyi, yazmağı və digər işləri. Həddən artıq mütaliə edən adamam. Uşaqlıqdan kitabların içində böyümüşəm. Mənə elə gəlir ki, hər bir insan mütaliə etməlidir. Bir yazıçı kimi mənim pərəstiş elədiyim, oxuduğum yazarlar var. Onların yeni əsərləri çıxanda mənim üçün toy-bayram olur. Orxan Pamuka qarşı bizdə başqa düşüncələr var. Deyirlər türkçülüyün qənimidir, ermənipərəstdir. Bir yazıçı kimi Orxan Pamuku çox bəyənirəm. Con Maksivel Kutzee çox sevdiyim yazıçılardandır. Joze Saramaqonu çox oxuyuram. Fəlsəfə ədəbiyyatını da çox xoşlayıram. Bundan başqa musiqi dinləmək var insanın həyatında. Ən çox bəyəndiyim bəstəkar Şopendir. Bizim instrumental musiqi yazan Eldar Mansurovu çox sevirəm. Azərbaycan muğamı var, insana enerji veririr. Bir fərd olaraq futbol azərkeşiyəm, həm də oynayıram. Stadionlara gedirəm, oyunları izləyirəm. Ömür çox qısadır, bacardıqca bu qısa vaxta çox şeyi sığdırmalısan. Tək yazmaqla həyat monoton, cansıxıcı görünər.

- Yeni yazdığınız roman varmı, oxucular bizdən bilmiş olsunlar?

- İyun ayında “Üçbucaq” çıxdı. Hal-hazırda “Yaşıl üzlü gündəlik” İstanbul nəşrinə hazırlanır. “Əzilmiş fotoşəkillər” ingilis dilində çıxacaq. Açığı konkret deyə bilmərəm hansı əsərim çap olunacaq. Mən 2008- ci ildən bu tərəfə hər il oxucuların görüşünə bir romanla gəlirəm. Bir ara bu ənənəni pozdum. Ancaq bu il də yeni roman olacaq.

- Müxtəlif ədəbi cəryanlar var. Ancaq sizi heç bir ədəbi polemikalarda demək olar ki, görünmürsünüz. Yazıçı üçün sakitlik, görünməmək yaddan çıxmaq demək deyilmi?

- Mənə elə gəlir ki, yazıçının görünməyi onun əsəridir. Yazıçı çıxıb özünü bəyan eləməyi və ya mahnı oxumağı, rəqs eləyib özünü göstərməyi, çığır-bağır salıb kimləsə dalaşmağı, kiminsə adını hallandırıb populyarlığı üstündə özünü göstərməyi, mənə elə gəlir, yol verilməzdir. Yazıçının ən böyük reklamı onun kitablarıdır. “Facebook”da izləyirəm, elə şairlər var kifayət qədər auditoriyaları var. Yəni yaxşı yazırlar, deməli oxunacaqlar da, tanınacaqlar da. Ədəbi gənclik çığırla- bağırla yox, yazdıqları ilə tanınsalar, daha yaxşı olar. Ədəbiyyat belədir ki, istedadlı adam əvvəl-axır özünə yol açacaq, həyatda yerini tapacaq.

- Özünüzdən sonra gələn gənc nəsil yazarlara tövsiyələriniz ...

- Yazıçı dostlarımız var, onlar gənclərə məsləhət görürlər ki, ədəbiyyata gəlməyin, özünüzü bədbəxt etməyin. Mənim fikrim tam fərqlidir. Ümümiyyətlə insan nikbin olmalıdır. Bir dəfə müsahibə verəndə demişdim ki, mənim məqsədim Nobel mükafatı almaqdır. Gözü götürməyənlər hay-küylə qarşıladılar ki, iddiasına bax, gör özünü hara qaldırır. Mən demirəm Nobelə layiqəm. Mən deyirəm ki, 20 mərtəbəli binanın iyirminci mərtəbəsinə çıxmaq istəyən, ancaq hələ birinci mərtəbəsinə çıxmağa hazırlaşan bir insanam. Düşünürəm ki, nə olacaqsa bundan sonra olacaq. İnsan öz imkanlarını, perspektivlərini görməyi bacarmalıdır.

Ruzbeh Məmməd

Oxundu 759

© 2017 - NSPSOLUTIONS