Son 9 ayda Azərbaycanda 500-ə yaxın müəssisə bağlanıb RƏSMİ STATİSTİKA

Prezidentin köməkçisi: "Sarkisyan sözünün üstündə durmadı"

Fərqli millətlərə məxsus insanların nikahından doğulan uşaqlar: Hansı daha gözəldir? FOTOLAR

çərşənbə axşamı, 17 oktyabr 2017
TR EN RU

Menu

çərşənbə axşamı, 17 oktyabr 2017
EN TR RU

TÜRK DÜNYASI

Türkmənistan öz qazını Avropa bazarına nəql üçün yollar axtarır

08.11.2016 13:28

Son illərdə dəfələrlə öz təbii qazını dünya bazarına nəql etmək üçün müxtəlif vasitələrə əl atan Türkmənistan bununla bağlı bir çox layihələri həyata keçirməyə nail olsa da, hələlik arzu etdiyi nəticəyə nail ola bilməyib. Xüsusilə Türkmənistan üçün xüsusi önəm daşıyan türkmən qazının Avropaya nəqli Aşqabad üçün şirin röya olaraq qalmaqda davam edir. İş orasındadır ki, türkmən qazının Avropaya nəqlinin məhz Rusiyadan asılı olduğu Qərbdə və Şərqdə heç kimə sirr deyil. Bu baxımdan Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədovun Moskvaya son səfəri diqqəti cəlb edib. Buna səbəb Putinlə Berdımuhammədov arasında hər görüşün tərəflər üçün önəmli hesab edilməsidir. Bunun da səbəbləri aydındır. Türkmənistan özünün neytrallığını elan etdikdən sonra Moskva Aşqabada siyasi və hərbi baxımdan təsir etmək imkanlarını müəyyən qədər itirmiş olub. Hər halda Aşqabadın neytrallıq çərçivəsində bölgədə hərbi, siyasi və iqtisadi maraqları olan ölkələrlə münasibətdə tarazlaşdırılmış siyasət yeridilməsinə üstünlük verməsi müəyyən məqamlarda Rusiyanı qane etmir. Moskva siyasi, hərbi və iqtisadi baxımdan Türkmənistanın özünün daha çox təsir dairəsində olmasını arzulayır. Buna paralel olaraq Kreml Türkmənistanı da Avrasiya İqtisadi İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görməyi daha məqsədəuyğun hesab edir. Bu məqsədlə ara-sıra Taliban təhlükəsi ilə Türkmənistanı təşvişə salmağa cəhd edən Moskva hələlik qarşı tərəfi buna inandıra bilməməkdədir.

Bununla belə öncədən də aydın idi ki, Putinin Berdımuhammədovla görüşündə Rusiya onu maraqlandıran məsələləri danışıqların əsas müzakirə hədəfinə çevirəcək. Lakin o da istisna edilmirdi ki, Berdımuhammədovun Moskva səfərində Aşqabad türkmən qazının Avropaya nəqli məsələsini önə çıxaracaq. Bunu ehtimal etməyə əsaslar da vardı. Belə ki, Türkmənistan prezidentinin Moskvaya səfəri ərəfəsində Aşqabadda Xəzər qazının Avropaya nəqlinə dair Azərbaycan, Türkiyə və Türkmənistanın neft-qaz nazirləri, həmçinin Avropa Komissiyasının Energetika təhlükəsizliyi məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin iştirakı ilə danışıqlar keçirildi. Xəzər qazının Avropaya nəqli ilə bağlı Aşqabadda aparılan danışıqlar barədə mətbuata açıqlama verən Avropa Komissiyası rəsmisi Şefçoviç bununla bağlı tərəflər arasında konkret razılığın əldə edildiyini bildirib. Şefçoviç: “Biz Aşqabad danışıqlarında konkret olaraq Xəzər qazının Avropaya nəqlinin strateji əhəmiyyət daşıdığını və bununla bağlı layihənin həyata keçirilməsinin vacibliyini vurğuladıq. Belə qərara gəldik ki, 2019-2020-ci illərdə Xəzər ətrafı respublikalarda ( Türkmənistan, Azərbaycan) hasil edilən qazın Avropaya nəqlini reallaşdıraq. Tükmənistan prezidenti Berdımuhammədov da türkmən qazının Avropaya nəqlinin strateji önəm daşıdığını və bunun üçün mövcud imkanlardan maksimum şəkildə istifadə edəcəyini söylədi. Bütün hallarda hazırda Xəzər qazının Avropaya nəqlinə nail olunması bizim üçün böyük önəm daşıyır”,-deyib.

Lakin Şefçoviçin məsələ ilə bağlı digər açıqlaması Moskva üçün daha gözlənilməz olub. Belə ki, Şefçoviç bildirib ki, hazırda Xəzər qazının həm Xəzər dənizinin dibi ilə çəkiləcək qaz kəməri, həm də İran ərazisi ilə Avropaya nəqli nəzərdə tutulur. Xəzər, daha dəqiq desək türkmən qazının Avropaya nəqli məsələsində İran variantının gündəmə gəlməsi isə Moskvaya yaxşı heç nə vəd etmir. Belə ki, əgər Moskva dünənə kimi Xəzərin dibindən çəkiləcək qaz kəmərinin inşasına yol verməyəcəyini bəyan edərək bunu ekoloji təhlükəsizlik ilə bağlayırdısa, İran ərazisi ilə türkmən qazının Avropaya nəqli baş tutacağı təqdirdə Kreml buna mane olmaq üçün hər hansı bəhanə tapa bilməyəcək. Öz növbəsində Şefçoviç bir daha vurğulayıb ki, hazırda Avropa Birliyi türkmən qazının Avropaya nəqli ilə bağlı Tehranla danışıqlar aparır. Avropa komissiyasının rəsmisi: “Türkmənistan öz qazını dünya bazarına nəql etmək üçün çoxşaxəli qaz kəmərlərinin çəkilməsinə üstünlük verir. Ona görə də İran ərazisi ilə türkmən qazının Avropaya nəql edilməsi Türkmənistanın maraqlarına cavab verir. İran ərazisi ilə türkmən qazının Qərb bazarına nəqli həm də Avropanın enerji təhlükəsizliiynin təmin edilməsində önəmli rol oynayacaq”,-deyib.

Türkmənistan Almaniya ilə məsələni razılaşdırıb

Berdımuhammədovun Moskva danışıqları ərəfəsində Rusiya mətbuatı türkmən liderin avqust ayında Almaniyaya baş tutan səfərini xatırladıblar. Həmin vaxt türkmən liderin Berlinə səfəri Rusiyada müəyyən qədər təəcüblə qarşılanmışdı. Çünki faktiki olaraq AB tərəfindən Rusiyaya qarşı sanksiyaların davam etdiyi bir vaxtda Kremlə xoşagəlməz münasibət bəsləyən Almanyaya Berdımuhammədovun səfəri Moskva üçün heç də arzu edilən hesab edilmirdi. Türkmənistan prezidentinin o dövrdə Berlin səfəri Almaniya mətbuatında da müəyyən qədər anlaşılmaz qarşılanmışdı. Çünki faktiki olaraq Almaniya kansleri Angela Merkelin Berdımuhammədovla görüşünə ehtiyac duyulmurdu. Bununla bağlı Almaniyanın nüfuzlu “Die Zeit” qəzeti yazmışdı ki, Berlin belə görüşə ehtiyac duymurdu, Aşqabad isə bu səfərə nəyin səbəb olduğu barədə susur. Sonralar mətbuata sızan məlumatlara görə, Berdımuhammədovun Berlinə səfərinin təşəbbüskarı məhz Türkmənistan olub. Alman diplomatların mətbuata sızdırdıqları məlumata görə, Türkmənistan tərəfi bu görüşə bir neçə ay ərzində ciddi şəkildə hazırlaşıbmış. Berdımuhammədovun Almaniyaya səfəri ilə bağlı Mərkəzi Asiya üzrə tanınmış ekspert Mixael Laubş isə DVV-yə verdiyi müsahibəsində Türkmənistanın ölkə iqtisadiyyatına, xüsusi ilə neft-qaz sektoruna alman iş adamlarının sərmayə qoyması üçün çalışdığını və Berlinə səfərin də buna xidmət etdiyini söyləyib. Laubş o vaxt qeyd etmişdi ki, Türkmənistan öz qazını Çinə nəql etsə də, bundan istədiyi qədər gəlir əldə edə bilmir. Ona görə də Türkmənistan öz qazını alternativ yollarla dünya bazarına nəqli üçün yol axtarır və bu baxımdan Almaniyanın yardımına ümid edir. Avropanın türkmən qazına ehtiyacının olduğunu, ancaq hazırki mərhələdə Türkiyə ilə AB arasında əmələ gələn qarşıdurma nəticəsində Merkelin Türkiyə ərazisi ilə türkmən qazıının nəqlində maraqlı olmadığını vurğulayan Laubş: “Türkmənistan Türkiyə ilə AB və Rusiya arasında vasitəçi ola bilər və bu müstəvidə də öz qazının Qərb bazarına nəqlində tərəflərin razılığını ala bilər. Ola bilsin ki, Türkmənistanda Almaniyaya səfəri məhz bu müstəvidə dəyərləndiriblər. Hər halda Avropa üçün də Rusiyadan daha az asılı olan Türkmənistanla iqtisadi əlaqələri genişləndirmək daha məqsədəuyğun görünür”,-deyib.

İki ölkə rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Merkel insan hüquqlarının müdafiəsi, Avropanın insan hüquqları təşkilatlarının Türkmənistana səfərləri və bu sahədə əməkdaşlığın genişləndirilməsi, Aralın xilas edilməs və Əfqanıstanda təhlükəsizliyin təmini məsələlərinin əsas müzakirə hədəfi olduğunu vurğılayıb. O bununla belə türkmən qazının Avropaya nəqli barədə müzakirələrin aparılıb-aparılmadığı barədə bir kəlmə də olsa deməyə ehtiyac duymayıb. Berdımuhammədov isə öz növbəsində türkmən qazının Avropaya nəqli məsələsində Almaniyanın əsas oyunçulardan biri olduğunu və bununla bağlı tərəflərin əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bəyan etdi. Onun dediklərindən belə çıxıb ki, tərəflər türkmən qazının Avropya nəqli barədə hansısa razılığa gəliblər, ancaq bu barədə geniş danışmağı məqsədəuyğun hesab etmirlər.

Həllini gözləyən problemlər

Berdımuhammədov Moskvaya səfər etməzdən əvvəl belə demək mümkünsə türkmən qazının Avropaya nəqli barədə Qərb tərəfinin mövqeyini öyrənmişdi. Bu da Berdımuhammədovun Moskvada adı çəkilən məsələ ilə apardığı danışıqlarda tarazlaşdırıcı mövqedən çıxış etməsinə gətirib çıxardı. Belə bir fikir vurğulandı ki, Türkmənistan faktiki olaraq Avropaya türkmən qazının nəqli məsələsində Rusiyanı özünə rəqib hesab etmir və bu məsələdə tərəflər eyni layihədə birgə iştirak edə bilərlər. Oxşar mövqenin əvvəllər Azərbaycan və Türkiyə tərəfindən də səsləndirildiyini nəzərə alsaq, onda Türkmənistanın belə bir mövqeyi başa düşüləndir. Məsələnin digər tərəfinə gəlincə, Moskvada da yaxşı başa düşürlər ki, türkmən qazı olmasa belə, Avropa İran qazınnın nəqlinə başlayacaq və bu amil də Qərbin Rusiya qazından asılığının azalmasına gətirib çıxaracaq. Belə bir vəziyyətdə isə Rusiya üçün Azərbaycan, Türkiyə və Türkmənistanın Avropaya qaz nəqlini həyata keçirməyi nəzərdə tutan eyni layihədə iştirak etməsi daha məqsədəuyğun hesab edilə bilər. Berdımuhammədovun Putinlə görüşündə təbi ki, türkmən qazının Avropaya nəqli və bu məsələdə tərəflərin ortaq qaz kəmərindən, nəqliyyat dəhlizlərindən birgə istifadə, yenilərinin işə salınması, regional təhlükəsizlik, Taliban təhlükəsi, qarşılıqlı iqtisadi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi və digər məsələlər geniş şəkildə müzakirə edilib. Türkmənistanın dövlət başçısı rusiyalı həmkarını noyabrın 26-27-də BMT çərçivəsində Aşqabadda keçiriləcək beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı konfransda iştirak etməyə dəvət edib. O deyib ki, Rusiya prezidentinin bu konfransda iştirakı yalnız Orta Asiya deyil, həm də cənub istiqamətindəki digər ölkələrə çıxış əldə etməyə imkan açan nəqliyyat dəhlizlərinin inkişafına yeni təkan verərək Rusiyaya da milyardlarla dollar gəlir gətirəcək. Öz növbəsində Putin Berdımuhammədovla görüşündə hər iki ölkə üçün önəm daşıyan məsələlərin həllində tərəflərin ortaq mövqedən çıxış etdiyini söyləsə də, həllini gözləyən problemlərin mövcud olduğunu da etiraf edib. O həllini gözləyən problemlərin nədən oibarət olduğunu söyləməsə də, söhbətin həm türkmən qazının Avropaya nəqli, həm də bölgədə Rusiyanın hərbi-strateji, siyasi və iqtisadi baxımdan daha da möhkəmlənməsindən getdiyi istisna edilmir. Berdımuhammədovun Moskva səfəri göstərdi ki, türkmən lider öz qazını Avropa bazarına Rusiyanın razılığı ilə nəql etmək arzusundadır və bu məsələdə Moskvanı qıcıqlandıran addımlar atmayaraq yenə də tarazlaşdırıcı siyasətini davam etdirəcək.

Əziz Mustafa

Oxundu 314

© 2017 - NSPSOLUTIONS