Vətəndaşlar müraciət etdi - su problemləri həll olundu

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinə və "Azərsu" ASC-yə daxil olmuş müraciətlər əsasında Hacıqabul rayonunun içməli su problemindən əziyyət çəkən Navahı qəsəbəsində layihə icra edilib və qəsəbədə yeni su təchizatı sistemləri qurulub. Bu barədə Yeniavaz.com saytına "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Növbəti mərhələdə digər kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur: "Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinə və "Azərsu" ASC-ə daxil olmuş müraciətlər əsasında Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni layihənin icrasına başlanılıb və qısa müddətdə tikinti-quraşdırma işləri yekunlaşıb".

Bununla 2300 nəfər əhalisi olan qəsəbənin içməli su təchizatı yaxşılaşdırılıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinə və "Azərsu" ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına daxil edilib və həmin kəndlərdə layihələrin həyata keçirilməsinə başlanılıb: "Xaçmaz rayonunun Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manaf-Oba, Seyidlər, Aşağı Ləgər və Gülalan, Ağsu rayonunun Elabad və Yenilik, Şabran rayonunun Təzəkənd və Dəvəçi, İsmayıllı rayonunun Kürdmaşı kəndlərində həyata keçirilmiş layihələr çərçivəsində həmin yaşayış məntəqələrində yeni içməli su təchizatı sistemləri yaradılıb. Ümumilikdə 5 rayonun 13 kənd və qəsəbəsində 30 km-dən artıq su xətti çəkilib. Bu layihələrdən həmin yaşayış məntəqələrinin 10 mindən çox sakin faydalanıb".

Qeyd edək ki, "Regional İnkişaf" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüşü ilə yaradılıb. Təşkilat ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində də işlər görür.

İctimai Birliyə 150 "qaynar xətt"i, elektron poçt ([email protected]), sosial şəbəkələr (www.facebook.com/regionalinkishaf, instagram.com/regionalinkishaf) vasitəsilə, 050 500 01 50 "WhatsApp" nömrəsi ilə əlaqə saxlayaraq müraciətlər, təkliflər, foto və video materialları göndərmək, eləcə də təşkilata könüllü kimi qoşulmaq (http://riib.az/site/bizeqoshul) mümkündür.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top