Turizmdən gələn gəlirlər gizlədilir?

Son illərdə Azərbaycanda turizmin inkişaf etdirilməsi nəticəsində ölkəyə gələn turistlərin sayının çoxalmasına baxmayaraq adı çəkilən sahədən gələn gəlirlərlə bağlı məsələnin statistik rəqəmlərdə öz əksini tapmaması bəzi sualların ortaya çıxmasına səbəb olub. Əksər ekspertlər tərəfindən belə bir fikir vurğulanır ki, turizmdən gələn gəlirlərin dövlət büdcəsində əksini tapmaması daha çox vergi məmurlarının adı çəkilən sahəyə müdaxilə edə bilməməsi ilə əlaqədardır. Məsələ ilə əlaqədar "Yeniavaz.com"a verdiyi açıqlamasında ekspert Azər Mehdiyev deyib ki, ölkənin iri turizm mərkəzlərinin əksəriyyəti yüksək vəzifəli məmurların himayəsi altındadır: "Əgər turizm sahəsinin inkişaf etdirilməsindən daxil olan gəlirlər dövlət büdcəsində əksini tapmırsa, onda ortaya iki sual çıxır. Ya vergi məmurları yüksək vəzifəli rəsmilərin nəzarəti altında olan iri turizm obyektlərindən vergi toplaya bilmir, ya da dövlətdən böyük həcmdə vergi gizlədilir". Azər Mehdiyev: "Belə hesab edirəm ki, hazırda dövlət büdcəsi ilə bağlı müəyyən problemlərin yaşandığı bir vaxtda turizmdən gələn gəlirlərin şəffaflaşdırılmasına ehtiyac var. Turizmin inkişaf etdirilməsi nəticəsində büdcəyə əlavə hansı həcmdə vəsaitin daxil olması barədə məlumat verilməlidir. Əks halda turizmdən gələn gəlirlərin gizlədilməsi və ya yüksək vəzifəli məmurların vergidən yayınmaları barədə şübhələr davam edəcək. Zənnimcə vəziyyətdən çıxış yolu turizm sahəsini monopoliyaya alan məmurların bu sahədən təmizlənməsində, onların bizneslə birbaşa məşğul olmasına məhdudiyyətlər qoyulmasında, sağlam rəqabətə malik turizm məkanlarının saylarının artırılmasındadır",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top