"Adam bu insanların necə deputat olmağına təəccüb eləyir" - Qulu Məhərrəmli VİDEO

Yeniavaz.com saytı teletənqidçi, professor, əməkdar jurnalist Qulu Məhərrəmli ilə müsahibənin ikinci hissəsini təqdim edir. Qulu müəllim müsahibənin bu hissəsində ictimaiyyəti maraqlandıran bir çox mövzularda sualları cavablandırıb.

- Qulu müəllim, indiki dövrdə gənc bir jurnalist kimi işə başlasaydınız, necə jurnalist olardınız?

- Sovet dövrünün jurnalistikasında adını belə qoymuşdular: Kütləvi informasiya və təbliğat vasitələri. Sovet sistemi avtoritar bir sistem idi, gizlətmirdi ki, mediadan təbliğat vasitəsi kimi istifadə eləyir. Sistemdə idi fərq - demokratik sistemlə avtoritar sistem eyni ola bilməz. Çünki qaydalar başqadır, yanaşmalar başqadır. Hər dövr öz media, jurnalistika sistemini formalaşdırır. Mən jurnalistikaya sovet dövründə başlamışam - təxminən 70-ci illərin ortalarından. Tələbəlik illərindən yazırıq, reportajlar aparırıq və s. Müstəqillik illəri - müəyyən bir dövr jurnalistikanın çiçəklənməsi dövrü idi. Bunu mən aid edirəm 80-ci illərin axırından 2000-ci ilə qədər olan dövrə. Yəni onda media cəmiyyət üçün həqiqi mənada müəyyən təsiredici bir vasitə idi. İndiki media sistemi idarəolunan media sistemidir. İdarəolunmanın da müsbət tərəfləri var.

Ancaq idarəolunan sistemdə jurnalistin ortaya çıxması, fərqlənməsi bir az çətindir. Məsələn, mən "Yeni gün" proqramı aparırdım, onda bir televiziya var idi, adamlar buna çox baxırdılar, hər sözü zərrəbinlə seçməli olurdun. Amma eyni zamanda yeni hava əsir, yeni küləklər gəlirdi. Çünki 90-cı illərin əvvəlindən başlanan demokratik proses və kifayət qədər güclü bir külək, demokratiya küləyi var idi. İnsanlar bir az söz azadlığından da sui-istifadə edirdilər və s. İndi bir az kəməri çəkmək lazımdır, sıxmaq lazımdır. Amma bununla yanaşı, 10 il içərisində söz azadlığı cəmiyyət üçün bir dəyər idi, sözün təsiri var idi. Yəni siz onda bir adamı tənqid eləyəndə ictimai qınaqdan ehtiyatlanırdı. İndi bir televiziyanı tənqid elə, bir məmuru tənqid elə, bir oliqarxı tənqid elə onun özünün qəzetləri var, onun maliyyələşdirdiyi media qurumları var, onun heç vecinə də deyil, əksinə, sizə hücum eləyəcək ki, bu yalnışdır və s. Sovet sistemində ümumi maraqlar anlayışı var idi, indi parçalanmış maraqlardır. Burada hökumətin də marağı var, oliqarxın da marağı var, əlində səlahiyyət olan bir məmurun da marağı var, amma çox təəssüf ki, dövlətin marağı yoxdur.

Hansısa bir məmur yalnışlığa yol veribsə, onu tənqid eləməliyik. Sən oğurluq eləməməlisən, sən dövlətin gücünü azalda bilməzsən. Ona görə bu məsələlərə diqqət yetirmək lazımdır. İnsanlar bilsin ki, dövlətin mənafeyi, millətin mənafeyi hər şeydən öndədir.

- Elə bir mövzu varmı ki, əməkdar jurnalist Qulu Məhərrəmli bu mövzuda yazmağa tərəddüd edir, risk eləmək istəmir?

- Mənə elə gəlir ki, düşünə bilən insanların hamısının içərisində o cürə mövzular var, o cümlədən də Qulu Məhərrəmlinin. Mövzular var ki, o barədə yazmaq istəyirsən, burada bir az tərəddüddən və qorxudan çox, zaman önəmlidir, yəni məqamıdırmı? Bu anlayış var. Məsələn, mənim "Ayna" ilə bağlı müəyyən elədiyim proqramlar var. Baxıram ki, bunların bir çoxunu yazası olsam, artıq yazılıbdır.

Mən adamların yaltaqlığından heyrətə gəlirəm. Baxmayaraq ki, ömür boyu çox peşəkar yaltaqlar görmüşəm, usta yaltaqlar görmüşəm, cilddən-cildə girən yaltaqlar görmüşəm. Baxıram ki, naqisliklərin potensialı tükənməzdir. Naqisliklər cilalanır, insana zərər verən bakteriyalar, parazitlər kimi artır, çoxalır, sağlam hüceyrələrə hücum edirlər. Yaxud insan xarakteri ilə bağlı olan qorxu. İnsanlar çox qorxaqdılar. Təhlükəsizliklə bağlı yanaşma fərqlidir, qorxaqlıq başqadır. Yəni siz bir adama bu sözü demək istəyirsiniz - tutaq ki, o vəzifə sahibidir, amma qorxursunuz ki, sizi işdən çıxardar. Ölçüb-biçirsiniz və deyirsiniz ki, əşi, deməsəm yaxşıdır, nə işimə qalıb. Amma baxırsınız ki, onun elədiyi davranış ictimai əxlaqı zədələyir. Tutaq ki, mənim Tofiq Hacıyevin müdafiəsi ilə bağlı yazım yazılmaya da bilərdi. Ancaq mən görürdüm ki, bir neçə akademik bir akademikə qarşı vuruşur. Bu akademik isə on akademikə bərabərdir - yaratdıqları, yazdıqları, düşüncəsi, işığı və Azərbaycan elminə verdiyi faydası ilə. Yəni neyləmək lazımdır, bu dəyəri qorumaq lazımdır. Bunun üçün riskli addım atmaq lazımdır. Həmin addım sonradan nəticə etibarı ilə sənə zərər verə bilər, amma sən sonradan öz vicdanının qarşısında məğrursan, səni anlayan insanların qarşısında başı yuxarısan, üzü ağsan.

Bir də bilirsiniz, cəmiyyətdən gəlmə bir çox problemlər var. O mövzuları yazmağın hiss eləyirsən ki, zamanı yetişməyib, səni doğru-dürüst anlamırlar. Bu bir az başqa cürə qavranıla bilər. Təbii ki, bunu da götür-qoy edirsən və onda bir az bundan çəkinirsən. Amma çəkinmədiyimiz müəyyən mövzular da var ki, biz onlar barədə yazırıq.

Məsələn, mən "Ayna"da "Virus" adlı bir yazı yazmışdım. Sanki cəmiyyətə virus düşüb, sağlam ağılda olan insanlar belə davranışlarında, hərəkətlərində o qədər ciddi nöqsanlara yol verirlər ki, bunu anlamaq olmur.

İnsanın kamil olması üçün, mükəmməl olması üçün o tamahına yiyəlik eləməlidir. İnsan tamahına yiyəlik eləyə bilmirsə...

Mən nəvəm üçün, nəticəm üçün sərvət yığım, rahatlıq istəyim, bunlar problemdir. İnsan nəfsinə hakim ola bilmirsə, çox ciddi problemlər çıxır ortaya. Bizə də çox hücum elədilər, gülməli ittihamlar yazdılar. Mən doğrudan baxdım və gördüm ki, narahat olmuram. Çünki mənə ünvanlanan ittihamlar heç on metr aralıda da dayanmır. Mən bir vətəndaş olaraq ideal deyiləm, amma çalışmışam ki, çalışdığım hər yerdə işə müəyyən dərəcədə bir fayda verim. İnsan mühitdən mühitə düşür və bizim üçün ən böyük problem odur ki, biz prinsiplərimizə yox, mühitə uyğunlaşırıq. Mühitə uyğunlaşmada da insanın canına çox mənfi hava hopur. Bax o mənfi hava hopanda sən adiləşirsən, adi biri olursan, kütlənin içində əriyirsən. Yəni sənin səsin şəxsiyyətin səsinə çevrilə bilmir. Problem bundadır.

- Hər kəs cəmiyyətin düzəlməsi imkanlarından danışır. Kimisi deyir ki, cəmiyyət aşağıdan yuxarıya doğru dəyişməlidir, kimisi də bu fikirdədir ki, yuxarıda oturan insanların baxışı dəyişməlidir. Hər iki yanaşmanı da özünə görə əsaslandıranlar var. Bu məsələ ilə bağlı sizin fikirləriniz maraqlıdır.

- Əlbəttə, həm aşağıdan dəyişmə istəyi, cəhdi olsa, həm də yuxarıdan dəyişmə istəyi olsa, bunlar üst-üstə düşsə, nə gözəl cəmiyyət yarana bilər. Mən hesab edirəm ki, dəyişmə cəhdi çox nadir hallarda yuxarıdan baş verir. Əgər yaxşı təşkilatlana bilirsə, dəyişmələr adətən aşağıdan baş verir, yəni özümüzdən, ailədən. Mən bu qaydanı qəbul edirəm, 10 ailə bu qaydanı qəbul eləyəndə...

Oğurluq olmasın, yalan olmasın, ikiüzlülük olmasın, dürüstlük olsun. Ailələr cəmiyyətin özəyidir, kollektivlər cəmiyyətin özəyidir. Bu əxlaqı, bu davranışı tirajlayanda o böyük bir sahəni tutur. Siz də öz çevrənizə baxın, mən də öz çevrəmə baxım - nə qədər dürüst insanlar var. Naqislər də çoxdur, belə deyək, yaramazlar da çoxdur, oğrular da çoxdur, yəni biz bunları görürük, amma mənim duyduğum bir şey var - o cür naqis adamlar, o cür passiv adamlar, o cür idarəsiz adamlar mən görürəm yaxşıları görəndə hansı hisləri keçirirlər. Onlarda bir qibtə, onlara oxşamaq dərdi var. Onu duyuram və bu da ümid verir. Pareto analizinə görə 80-nin 20 faiz məsələsi var. İqtisadi cəhətdən belədir ki, normal şəkildə əhalinin 20 faizi şəhərdə yaşaya bilir, 80 faiz aqrar sahədə, kənd şəraitində yaşayır, məhsul istehsal eləyir, şəhərə də göndərir və s. İndi baxın, bizdə hər şey baş-ayaqdır, əhalinin 80 faizi şəhərdə yaşayır, 20 faizi kəndlərdə yaşayır. Ona görə də nə mal-qara saxlayan var, nə bəsləyən. 80 faiz 20 faizə göz dikib.

Eləcədə normal cəmiyyətdə 80 faiz normal adamlar olmalıdır, 20 faiz pis ola bilir. Onda bir norma kimi qəbul eləmək olar bunu. Çünki 80 faiz 20 faizə təsir eləyə bilir, onu belə deyək, öz mənəvi mühitində saxlaya bilir. Yuxarıdan-aşağıdan dəyişmə də belədir. Əgər yuxarıda çalışanların 20 faizi korrupsiya ilə məşğul olursa, bunu başa düşmək olar, amma 80 faizi cəmiyyətin yaxşılığını istəyirsə və cəmiyyəti irəli aparmaq istəyirsə, bu cəmiyyət üçün böyük uduşdur. Amma bizdə fəlakətdir. Bizdə oliqarxların 80 faizi korrupsiya ilə məşğuldur, 20 faizinə dürüst demək olur, bilmirəm bəlkə 20 faizdir, ya bəlkə 5 faizdir. Yəni bax bu qanunauyğunluq var cəmiyyətdə. Bu qanunauyğunluqları insan duyur. Amma ifadə eləməyə çətinlik çəkir. Ona görə də bu cəmiyyətdə insan hər zaman ümid edir ki, dəyişiklik olacaq, yenilik olacaq, il təzələndi, görəsən, nə olacaq? Adamlar bunu gözləyir. İnsanların içində işıq çoxdur, hətta ən pis adam yaxşı adamların içində özünü yaxşı göstərməyə çalışır. Bu nə deməkdir? Bu o deməkdir ki, özünün naqis olduğunu bilir və duyur. Niyə özünü yaxşıya bənzədir, niyə yaxşının şəklini alır, niyə şeytan mələk cildinə girir? Çünki insanlar mələyi sevir, insanlar yaxşını sevir. Yəni başlanğıc yaxşıdadır. Qaranlıq, naqislik buna qarşıdır. Daim yaxşının yolunun üstünə dəyirman daşı qoyulur, maneələr yaradılır. Nəyə görə bütün pis işlər qaranlıqda baş verir? Çünki qaranlıq o pərdəni örtür.

Bax bizim işimiz, medianın işi işıqdır, yolu işıqlandırmaqdır. Biz televiziyalara deyirik ki, nəyə görə bu qədər müğənni dəbdədir? Nəyə görə bu cəmiyyətin qəhrəmanları müğənnilərdir, şou-biznes adamlarıdır? Nəyə görə ekranlarda alimlər, elm adamları, fikir adamları, düşüncə adamları yoxdur? Nəyə görə cəmiyyətə xeyir verə biləcək insanlar bu dərəcədə gizlində, aşağıda saxlanılır. Yəni bizim məqsədimiz cəmiyyəti dəyişməkdisə, biz Pareto analizində deyildiyi kimi, 80 faizə müraciət eləməliyik. Yox əgər biz işlərin elə bu şəkildə getməyini istəyiriksə, biz o 20 faiz qaranlıqdakıları işığa çıxarıb onları 80 faizə çevirməliyik, çeviririk. Problem buradadır. Bu problemi aradan qaldırmaq üçün mən elə bilirəm ki, cəmiyyət güclü olmalıdır, vətəndaş cəmiyyəti formalaşmalıdır, dürüst adamlar önə gəlməlidir, nümunələr yaxşı olmalıdır. Belə olanda təbii ki, cəmiyyət öz hədəflərini düz tapır.

Mənim kifayət qədər yaşım var, Allah verən ömrü yaşayırıq, amma düşünürsən bunları ki, uşaqlarımız necə olacaq? Nəvələr necə olacaq? Onlar hansı cəmiyyətdə yaşayacaq? Onlar necə təhsil alacaq? Onlar doğrudanmı bu zibillənmiş mühitlə yaşayacaqlar? Doğurdanmı onlar çirklənmiş havada yaşayacaqlar? Baxın, son 1 ildə 9 min nəfər ölkəni tərk eləyib. Bu statistika nə dərəcədə doğrudur, bilmirəm. Yəni insanlar köçürlər, gedirlər. Bu məni çox məyus eləyir. Siz deyin, dünyada Azərbaycandan yaxşı bir ölkə varmı? Allah hər şeyi verib, gözəl torpaqlar, çaylar, meşələr, təbiət, fərqli iqlim qurşaqları. Belə olan şəraitdə bu məmləkətdə biz niyə normal yaşamayaq ki? Mənim tanıdığım çox dəyərli insanlar var ki, Avropada yaşayırlar, İsraildə yaşayırlar. Onlarla yazışırıq, hərdən adama sual verirlər ki, siz orada necə yaşayırsınız? Mən doğrudan istəmirəm belə sual verilsin. Azərbaycan balaca bir yerdir, əhalisi o qədər də çox deyil. 10 milyon əhalini idarə eləmək də rahatdır, yönəltmək də rahatdır.

Baxın, kənd təsərrüfatı sahəsində cəhdlər edirlər ki, nəsə yaradaq, məhsul bolluğu yaradaq. Buna niyə keçən ildən başlayırıq? Axı bunu 10 il qabaq da başlamaq olardı? Daha doğrusu, qərarlara baxsanız, var, amma icra olunmur, problem ondadır.

- Gündəmi siz də izləyirsiniz, bəzi deputatların açıqlamaları böyük rezonansa səbəb olur, müzakirə edilir, ittihamlar səsləndirilir. Problem jurnalistlərdədir, yoxsa deputatlar danışa bilmir?

- Yox, problem hər ikisindədir. Deputat ictimai şəxsdir, bilməlidir ki, onun hər sözü mediada keçir və yəni buna müxtəlif rəylər verə bilərlər. Mediada da başqa belə ciddi problemlər yoxdur, ona görə işi belə sözlərin üstündə qurur. Məsələn, Aqil Abbas həddindən artıq səmimi bir adamdır. Səmimiyyəti onun özünə də zərər verə bilir. Dil insanda təkcə danışmaq üçün deyil, həm də susmamaq üçündür, danışmamaq üçündür. Beyin nədən ötrüdür, beynin funksiyası var, yəni şüuraltı bir proses gedir, orada mexanizm var, yəni bu deyilsin, yoxsa deyilməsin. Əlbəttə, bizim Milli Məclisdə - çox deyə bilmərəm, amma bir neçə babat deputat var. Ancaq ümumilikdə götürəndə ümumi səviyyə çox aşağıdır. Adam bu adamların necə deputat olmağına, orada niyə oturdulmağına təəccüb eləyir. Bilmək lazımdır ki, parlament qanunverici orqandır, ora gələnlər əsasən hüquq adamları olmalıdır və s. Bizim görkəmli alimimiz Şirməmməd Hüseynov Azərbaycan cümhuriyyətinin parlamentinin hesabatlarını çap eləyir. İki cildi buraxıb, indi üçüncü cild çap olunacaq. O parlamentin hesabatlarını mən oxuyuram və bu millətin dövlət quruculuğu, parlament quruculuğu, təfəkkür zənginliyi, dil zənginliyini, düşüncə zənginliyini görürəm, polemika aparmaq qabiliyyətini görürəm. İndi insanların oxuması, mütaliəsi, məlumat alması üçün mənbələr həddindən artıq çoxdur. Amma niyyət, məqsəd, düşüncə bu dərəcədə məhduddur. Adam buna heyrətlənir.

Baş verənlər nəyin əlamətidir? Cəmiyyətdə barışıq ruhu yoxdur. Cəmiyyətdə bir qəzəb var, əsəb gərginliyi var. İnsanların bir-birini anlamaması var. Çox təəssüf ki, bəzən ocağın üstünə yağ tökən kimi media da bunu qızışdırır. Niyə qızışırıq? Çünki müzakirə eləməyə başqa mövzu yoxdur. Biz bu gün problemləri də müzakirə eləyə bilirik. Amma biz hansısa deputat bunu dedi, hansısa deputat onu dedi məsələsin müzakirə edirik. Dedi də, öldürməyəcəksən ki. Bir sözün üzərinə ip salıb buna bu dərəcədə, bu şəkildə miqyas vermək olmur. Özü də bəzən baxırsan abırlı adamlardır, ancaq bu cür ifadələr işlədirlər. O heç ki, düşüncə etibarı ilə xəstə olan adamlar var. Məsələn, Məmməd əmin Rəsulzadə haqqında bir gənc layiq olmadığı bir tərzdə danışmışdı. Baxırsan ki, bu adamın düşüncəsi belədir, bu belə tərbiyə alıb.

- Ölkədən gedənlər mövzusuna toxundunuz. Maraqlıdır, siz gənc olsaydınız, ölkədən gedərdiniz, yoxsa qalıb mübarizə aparardınız?

- Mən gedənləri qınamıram. Çünki insan rahat yaşamaq istəyir. Mübarizə aparmaq da olmur çox vaxt, yəni sözün düzü budur. Mübarizə aparmaq üçün sən mediadan istifadə edirsən, tənqid eləyirsən, sərt şəkildə bəyanatlar verirsən, fikirlərini deyirsən. Bu mübarizə də uzunmüddətli, səmərəli olmur. Bir gün səni yaxşı halda məhkəməyə verirlər, pis halda həbs eləyirlər, başqaları da buna baxıb nümunə götürür. Deyir bu bölgünü kiminlə apardın? Cavab verir ki, gözü çıxmış qardaşımla. Bu pis nümunə insanları hətta ən yaxşı, ən yumşaq mübarizədən də çəkindirir. Amma bunlarla yanaşı, mən çox səmimi şəkildə deyirəm ki, getməzdim. Yəni mən o yaşda olsaydım, qalardım.

Nicat

Qulu Məhərrəmli

DİGƏR XƏBƏRLƏR

Top