"Xalçaların üzərindəki ornamentləri başa düşsəydik, tariximizə daha dərindən bağlanardıq"

Bu şənbə günü Azərbaycan Xalça Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov "Azərbaycan xalçaçılığında bədii təfəkkür və inanc yaddaşının varis elementləri" mövzusunda mühazirə keçirəcək. Təqdim olunacaq mühazirədə naxışların məna və təzahür formalarının unudulmuş və inanc yaddaşının kodlaşmış qatlarında qalmış, lakin varis hesab edilən sadə naxışlardan bəhs ediləcək. Bu barədə muzeyin əməkdaşı İlahə Məmmədova saytımıza məlumat verib. O həmçinin həm xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov, həm də mövzu ilə bağlı da danışıb. Onun sözlərinə görə, Azərbaycan Rəssamalar İttifaqının üzvü Məmmədhüseyn Hüseynov özünəməxsus yaradıcılığı olan xalçaçı rəssamlarımızdan sayılır. Yaradıcılığında tarixi süjetli xalçalara, semantik simvolik işarələrlə tərtib olunmuş kompozisiyalara üstünlük verən rəssam neçə ildir ki, bu sahənin incəliklərini araşdırmaqla məşğuldur. Neftçala rayonunun Qədimkənd kəndində dünyaya göz açmış və ilyarıma yaxın Lətif Kərimovdan dərs almış rəssamın "Sufi" adlı xalçası, "Xeyir və şər" kompozisiyası özünəməxsusluğu və sirliliyi ilə diqqəti cəlb edir. Bu sözləri onun "Azərbaycan oğuz dünyası" adlı xalçası haqqında da demək olar. Bu xalçada süjet xətti ilə yanaşı Gəmiqaya, Qobustan və Abşeronda olan bəzi tarixi abidələr kodlaşdırılmış şəkildə əks olunur. "Bu sənəti öyrənmək azdır, bu sənətdə mütləq müəyyən biliklərə yiyələnməlisən. Xalça sənəti bizim ornamental mədəniyyət və tarix kitabəmizdir" və eyni zamanda "göylərdən gələn bir sənətdir" deyən Məmmədhüseyn Hüseynovun məntiqinə görə, zaman keçdikcə yazılı ədəbiyyatda nəyi isə dəyişmək mümkündür, amma xalça sənəti elədir ki, hər hansı tarix, yazı, hadisə ornament şəklində, bir növ kodlaşmış formada xalçada əks olunur. Əgər bu gün qədim xalçaların üzərindəki ornamentləri insanlar oxuyub başa düşsəydilər, tariximizə daha dərindən bağlanardılar: "Bu xalçalarda nəsillərin bir-birinə ötürdüyü kodlaşmış ornamentlər, xalqın təfəkkürü, itmiş milli tariximiz gizlənir".

Daha sonra mövzu ilə bağlı danışan İlahə xanım bildirdi ki, bir zamanlar uşaq anadan olanda nənələrimiz onları xalça üzərində iməklədərdi: "Bununla elə, obaya, vətənə, ailəyə bağlılığını uşağın şüuruna və genetik koduna hopdurardılar. Digər tərəfdən xalçanın toz sormaq qabiliyyəti var. Hətta eşitdiyimə görə, zərərverici həşəratlar xalçanın üstündə hərəkət edə bilmir. Mən hələ qız və oğlanlarımıza valideynləri tərəfindən bağışlanan xalçaları demirəm. Bunu niyə edirdilər? Çünki xalça bizim həm mənəvi, həm maddi sərvətimiz sayılıb.

Bütün bunlar isə Azərbaycan xalçaçılığında bədii təfəkkür və inanc yaddaşının varis elementləridir".

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top