DİN: "Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir"

Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanılan və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılan tanınmış bloqqer Mehman Hüseynov jurnalistlərə açıqlamasında polis əməkdaşlarını ittiham edib.

O qeyd edib ki, yanvarın 9-u axşam saatlarında saxlanılarkən başına torba keçiriblər. M. Hüseynov bildirib ki, maşına mindirilərkən fiziki zorakılıqla üzləşib:

“Məni 3 saat başımda torba, üzü aşağı saxladılar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov Modern.az-a deyib ki, Mehman Hüseynovun nəinki dedikləri, aldığı nəfəs də yalandan gedib-gəlir:

“Polis orqanlarında nə adam döyürlər, nə adam toka verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil”.

DİGƏR XƏBƏRLƏR

Top