Asiya qitəsində qiymətlər ən çox Azərbaycanda artıb - İNFOQRAFİKA

Yola saldığımız 2016-cı ildə dünyada ərzaq və qeyri-ərzaq məhsullarının, o cümlədən də xidmətlərin qiymət və tarifləri ən çox Venesuelada artıb. "Yeniavaz.com" Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı hesabata istinadən bildirir ki, ötən il Venesuelada qiymətlər əvvəlki ilə nisbətdə 8,2 dəfə artıb. BVF-nin hesabatında həmçinin göstərilir ki, ən yüksək inflyasiyanın qeydə alındığı ölkələrin sıralamasında Azərbaycan 7-ci sırada qərarlaşıb. Qiymət artımına görə, Azərbaycan yalnız Venesuela (8,2 dəfə), Cənubi Sudan (2,2 dəfə), Yəmən (32%), Surinam (26%), Argentina (25%) və Anqoladan (19,2%) geri qalır. BVF bildirir ki, 2016-cı ildə Azərbaycanda inflyasiya səviyyəsi 18% həddində olub. Beləliklə, Azərbaycan nəyinki MDB və region ölkələri arasında, eyni zamanda Asiya qitəsində qiymətlərin ən çox artdığı ölkə ünvanına sahib olub.

Məlumat üçün bildirək ki, region ölkələri arasında Azərbaycandan sonra qiymət artımı ən çox Belarusda (14,4%), Ukraynada (13%), Tacikistanda (11%), Türkiyədə (10,8%), İranda (9%), Qazaxıstanda (9%), Moldovada (8,1%), özbəkistanda (7,9%), Rusiyada (7,9%), Qırğızıstanda (7%), Gürcüstanda (4,9%), Türkmənistanda (4,2%) və Ermənistanda (3,5%) qeydə alınıb.

Ümumiyyətlə BVF-nin hesabatında yer alan 189 ölkədən 179 -da inflyasiya qeydə alınıb. Yalnız 10 ölkədə ötən il ərzində ucuzlaşma müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top