"Folklor... mühüm bir mədəni təsisatdır"

Dekabrın 26-da AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbir AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin giriş nitqi ilə başlayıb. Son illər Azərbaycan folklorşünaslığını milli ictimai-humanitar elmlər içərisində xüsusi inkişaf edən sahələrdən biri kimi qiymətləndirən akademik bu istiqamətdə AMEA-nın Folklor İnstitutunun fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, Azərbaycan folkloru xalqımızın milli-mənəvi dəyərləri olduğu üçün bu sahənin müxtəlif aspektlərdən tədqiqi yalnız elmi deyil, həm də ümumictimai məna kəsb edir. Akademik İsa Həbibbəyli folklorun funksional struktur aspektindən multidissiplinar tədqiqinin müasir humanitar elmlərin nəzəri-metodoloji axtarışları baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Hazırda multidissiplinar araşdırmalar Azərbaycan elminin əsas prioritetlərindən biridir. Özündə xalqın tarixi təcrübəsini, mifik görüşlərini, dini inanclarını, estetik baxışlarını əks etdirən folklorun multidissiplinar tədqiqi xüsusilə zəruridir. Çünki xalqın bütöv mahiyyətinin hərtərəfli şəkildə təcəssüm olunduğu folklor xəzinəsi multidissiplinar yanaşma olmadan, kompleks tədqiq oluna bilməz".

Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edərək konfransın əhəmiyyətinə toxunub. Azərbaycan folklorşünaslığında folklorun nəzəri aspektdən araşdırılmasının mühüm istiqamətlərdən biri olduğunu deyən AMEA-nın müxbir üzvü Muxtar İmanov hazırda folklorun tamamilə yeni məzmun kəsb etdiyini vurğulayıb: "Folklor yalnız yaddaşlardan toplanmış və arxivlərdə saxlanılan, yaxud da nəşr olunmuş folklor külliyyatlarında əks olunan milli irs kimi başa düşmək doğru deyil. Folklor bu gün də canlı kommunikasiya prosesində yaşamını davam etdirən mühüm bir mədəni təsisatdır. Bu mədəni təsisat müasir informasiya kommunikasiya texnologiyalarının, virtual mədəni mühütin inkişafı ilə şərtlənərək indi tanmamilə yeni məzmun kəsb edib. Ona görə də folklorun prosessual təbiəti yalnız funksional struktur aspektindən tədqiq olunarkən bu xüsusiyyətlər araşdırmaya cəlb oluna bilir".

DİGƏR XƏBƏRLƏR

Top