Bayram tətilində hara gedək, nə izləyək?

Yeni il yaxınlaşır. Artıq şəhərdə bayram ab-havası hiss olunur, mərkəzi küçələr, parklar yolka və aksesuarlarla bəzədilib. Bayrama kinoteatr və teatrlar da ciddi hazırlaşıb. Onlar bayramda tamaşaçılara zəngin repertuar təqdim etmək üçün sanki bir-biri ilə yarışıb. Bəs , bayram ərəfəsində harada nə izləyə bilərik?

Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə bayram repertuarı haqda bunları deyib: "Dekabrın 25-də Bakıda Heydər Əliyev Sarayında "Barboskinlərin Yeni il sərgüzəştləri" adlı uşaq tamaşası təqdim olundu. Dekabrın 28–də Yeni il bayramı münasibəti ilə uşaqlar üçün “Küpəgirən qarının hiyləsi” nağıl-tamaşası və yanvarın 2-3-4 –də “Qar dənəcikləri” adlı uşaqlar üçün musiqili-əyləncəli Yeni il şənlikləri təqdim olunacaq.

Nağıl-tamaşada həmçinin, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcək.

28 dekabrda keçiriləcək nağıl tamaşa iki seans olmaqla saat 13:00 və 16:00-da başlayacaq. 2, 3, 4 yanvar Yeni il şənlikləri isə saat 13:00 –da başlayacaq. Dekabrın 27-də Bakıda Heydər Əliyev Sarayında “Yeni ilin mübarək, Luntik!” adlı uşaq tamaşası təqdim ediləcək. Dayın 29 və 30-u isə xalq artsti faiq Ağayevin solo konserti baş tutacaq.

2017 –ci ilə gəldikdə isə hər yaş tamaşaçı zövqünə uyğun maraqlı, rəngarəng tədbir və zəngin konsert proqramları hazırlanır".

Nizami Kino Mərkəzinin PR meneceri Arzu Əhmədova bildirib ki, Yeni illə bağlı filmlər nümayiş olunacaq: ""Yolkalar-5", Türkiyə istehsalı olan "Oldumu şimdi" filmi artıq repertuara salınıb. Dekabrın 28-də "Naxox" filminin qala gecəsi keçiriləcək. Dekabrın 29, 30, 31-i və yanvarın 1-i Yeni il şənlikləri təşkil olunacaq. Yanvarın 5-i isə "Dönərsə sənindir" filminin qala gecəsi keçiriləcək və Murat Boz qonağımız olacaq. Yanvarın 5-dən başlayaraq yeni filmlər repertuara daxil ediləcək. 2017-ci ildə yerli və türk filmlərinin qala gecəsi də keçiriləcək".

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin PR meneceri Nərmin Həsənova bildirib ki, Yeni il ərəfəsində çox gözlənilən filmləri olacaq: "Yeni il mövzusunda çəkilmiş “Yolkalar 5” filmi repertuara salınıb. Həmçinin biz uşaqları da yaddan çıxarmamışıq. Onlar üçün biz “Qar kralıçası 3: Alov və buz” animasiya filmini nümayiş etdirəcəyik. Yeni il bayramı münasibətilə “CinemaPlus” kinoteatrlar şəbəkəsi uşaqlarla birgə Yeni il festivalı keçirmək planlaşdırır. Festival haqqında ətraflı məlumat “CinemaPlus” kinoteatrının sosial səhifəsində yerləşdiriləcək.

2016-cı il “CinemaPlus” üçün çox dolğun oldu. 5 kinoteatr açıldı: “CinemaPlus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “CinemaPlus Azərbaycan”, “CinemaPlus Amburan Mall” və Gəncə şəhərində yerləşən “CinemaPlus Khamsa”.

Həmçinin premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” “Azeri Business Award-2016” mükafatı tərəfindən ilin kinoteatrlar şəbəkəsi seçilib. 2017-ci ildə “CinemaPlus” kinoteatrı bir neçə kinoteatr açmağı planlaşdırır".

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı qeyd edib ki, ənənəvi olaraq hər Yeni il qabağı azyaşlı tamaşaçılara bayram tamaşası təqdim edir: "Bu il də uşaqları sevindirməkdə davam edəcəyik. Dekabrın 24-dən yanvarın 4-dək hər gün bir-birindən maraqlı əyləncəli proqramlar və oyunlar təqdim ediləcək.

Anar Sadıqovun müəllifi olduğu “Buzlar ölkəsi” nağılını gənc rejissor Əlif Cahangirli hazırlayıb. Rəngarəng, fərqli bir tamaşa olacaq. Səhnə əsəri bayram günündə Qar qızın xilas olunmağından bəhs edir.

Əyləncə dolu proqramlar hər gün müvafiq olaraq saat 11.00, 13.00, 15.00 və 17.00-da başlanacaq".

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova Yeni illə bağlı hazırlanan tamaşanın dekabrın 30-dan nümayiş olunacağını vurğulayıb:

"Yeni illə bağlı xüsusi tamaşa hazırlamışıq. Dekabr ayının 30-dan yanvarın 8-ə qədər tamaşamız gündə 4 seans nümayiş olunacaq.

Tamaşaçı tələbi çoxdur. Buna görə proqramı 28-ə də çəkə bilərik. Anar Məmmədovun quruluşunda "Yeni il nağılı" adlı maraqlı və əyləncəli, üstəgəl ibrətamiz tamaşamız balalara təqdim olunacaq. 2017 ci ilin repertuar planı da zəngindir. Əməkdar artist Rəhman Rəhmanovun doğum günü ilə əlaqədar olaraq "Turp" nağılı əsasında Qurban Məsimov tamaşa quracaq. Bundan başqa Anar Məmmədovun quruluş verdiyi tamaşalar da hazırlanacaq". Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top