Daxmalarda yaşayan məcburi köçkünlər...

Tramp etirazlara cavab verdi

"Yoxsa kimlərsə yenə qaz vurub, qazan dolduracaq, iqtisadiyyata isə faydası dəyməcəyək"

Bazar ertəsi, 23 yanvar 2017

Menu

Bazar ertəsi, 23 yanvar 2017

PƏNCƏRƏ

Şeytanın qardaşı kimdir?

23.12.2016 16:03


"Qənaət tükənməz xəzinədir" buyurur Allah Rəsulu (s.ə.s.).

İsrafın haram olduğunu, ardınca ehtiyacı, qıtlığı doğurduğunu da buyurub uca Peyğəmbərimiz (s.ə.s.).

Bu gün ən çox ehtiyac duyduğumuz məsələ bəlkə də elə budur: İsrafdan qurtara bilmək.

Həyatımızın hər səhifəsində israf və ehtiyac yan-yana gəlir.

Allah-Taala (c.c.) Qurani-Kərimdə israfla bağlı belə buyurur:

- Yeyin, için, ancaq israf etməyin! Allah-Taala israf edənləri, əlbəttə, sevməz. (Əraf-31)

- İsraf etmə! İsraf edənlər şeytanların qardaşlarıdır. (İsra 26-27)

- Mallarınızı səfehlərə verməyin! (Nisa-5)

- Xəsis olma, israf da etmə! (İsra-29)

Allah-Taala (c.c.) səxavətli, ağıllı insanları nişan verərkən belə buyurur:

- Onlar sərf etdikləri zaman nə israf edərlər, nə də xəsislik. İkisi arasında orta bir yol tutarlar. (Furkan-67)

Başımıza gələnlər yoxluqdan gəlmir, toxluqdan gəlir.

Peyğəmbərimizdən (s.ə.s.) soruşurlar: "Neçə çeşid xəstəlik var?"

Cavabında: "Yediklərinizin çeşidlərinə baxın"- buyurur.

Yəni xəstəliklərin sayı elə yediklərimizin sayı qədərdir.

Həyatı israf eləmək ömrü boş şeylərə həsr etməkdir.

Canını israf eləmək enerjisini, imkanlarını əhəmiyyətsiz işlərlə tükəndirməkdir.

Çox yemək bir tərəfdən nemətin israfı olduğu kimi, o biri tərəfdən də cana qəsddir, bədən əmanətinə əziyyət verməkdir.

Rəsulullah (s.ə.s.) buyurur: Qiyamətdə hər kəs bu dörd suala cavab vermədən hesabdan qurtula bilməyəcək:

- Ömrünü necə keçirdi;

- Öyrəndiyi elm üzrə taşaya ildimi?;

- Malını haradan, necə qazandı və haralara xəclədi;

- Bədənini hansı işlərdə yordu, əldən saldı.

"Az yemək, az yatmaq, az danışmaq"- Peyğəmbərimizin (s.ə.s.) bizə qızıl tövsiyələrindən biri.

Hər şey qarşılığı ilə müqayisədə görünür.

Qənaətin bir tərəfində israf var, o biri tərəfində xəsislik.

İsraf Allah-Taalanın (c.c.) verdiyi nemətlərin qədrini, dəyərini bilməməkdir, xəsislik Allaha (c.c.) güvənməməkdir.

Qənaət isə bütün nemətlərin Allahdan gəldiyini bilmək və onları Allah-Taalanı məmnun edəcək şəkildə sərf etməkdir.

Qənaət dünyaya olan ehtiyacı minimuma, zərurət səviyyəsinə endirməkdir.

Qənaət dünyaya sahib olsan da ona gözünün ucu ilə də baxmamaqdır, könül verməməkdir.

Qənaət könlünü dünyaya deyil, Allaha (c.c.) verməkdir.

Qənaət əxlaqdır, xüsusi mənəvi kateqoriyadır.

Sən malın-mülkün Sahibini tanısan, mal-mülkün bir əmanət olduğunu bilsən və təyinatına uyğun sərf etsən, Sahibi də o malın, sərvətin bərəkətini artırar.

Dünyaya könül verməyəni Allah sevər, başqalarının əlindəkinə göz dikməyəni insanlar.

Qənaət layiq olanı sevməkdir, layiq olmayana arxa çevirməyi bacarmaqdır.

Möminin gözü də, könlü də Allaha (c.c.) yönələr, dünyaya baxmaz, dünyaya bağlanmaz.

Qənaət azadlığın birinci mərhələsidir. Qənaət insanı azadlıq yoluna çıxarır.


Səhabənin Peyğəmbər (s.ə.s) sevgisi

Saçlarım qədər başım olsa…

Bizansa əsir düşmüş Abdullah bin Hüzafə əs-Səhmi çox cəsur səhabə idi. Bizanslılar onun cəsarəti və qəhrəmanlığı haqqında çox eşitmişdi. Bu cəsur insanı öz tərəfinə çəkmək istəyən Bizans hökmdarı xaçpərəst olma şərtiylə, ona öz hakimiyyətinə ortaq olmağı təklif etmişdi. Abdullah bin Hüzafə əs-Səhminin cavabı isə qısaca "Xeyr" olmuşdu.

Bu etirazına qarşılıq ona çox ağır işgəncələr verdilər, dinindən dönməyincə də edamına qərar verdilər. Bu qərarı eşidən Abdullah ağlamağa başladı. Bizanslılar onun axıtdığı göz yaşları qarşısında çaşbaş qalmışdılar. Çünki başını dəfələrlə qaynar suya soxmuş, atlara bağlayıb süründürmüşdülər. Bütün bu əzab-əziyyətə dözən adamın ağlamağını başa düşə bilmirdilər. Nəhayət "Qorxursan?"-deyə soruşanda, cavabı belə oldu "Xeyr! Mən bir can verdiyimə görə üzülürəm. Arzu edərdim ki, başımdakı saçlarım qədər başım olsun və mən onların hər birini sevdiyim Allah və Rəsul yolunda fəda edim. Əfsus ki, bu əlimdə deyil və mən sadəcə olaraq bir canı fəda edə bilirəm".


Bilgi

Hacı ilə bədəlin fərqi

Qurban bayramı günlərində Kəbəni üsuluna uyğun ziyarət etmək hər bir zəngin müsəlmanın boyunun borcudur. Daha doğrusu Həcc ziyarəti uca dinimiz İslamın şərtlərindən biridir. Müsəlmanlar ilin hər günündə Kəbəni ziyarət edirlər, ancaq məlum günlərdə, yəni Qurban bayramı günlərində ziyarət edənlər həcc vəzifəsini yerinə yetirmiş olurlar. Başqa zamanlarda Kəbəni ziyarət etmək isə ümrə adlanır ki, bu da həmin borcun yerinə yetirilməsi anlamına gəlməz.

Əgər Kəbəni ziyarət etməyə borclu olan bir müsəlman üzrlü səbəbə görə bu səfərə gedə bilmirsə, yəni xəstədirsə və ya dinimizə görə üzrlü sayılacaq hansısa problemi varsa, öz əvəzinə başqa bir müsəlmanı göndərə bilər. Təbii ki, bu zaman ziyarətə gedən adamın bütün xərcləri, istəkləri onu göndərən tərəfindən təmin edilməlidir. Gedən adam da onu göndərənin adından bütün ayinləri yerinə yetirir, qurban kəsir. Belə olan halda ziyarətə gedən olur bədəl, onu göndərən isə hacı olur. Bədəl sözünün mənası da elə əvəz, qarşılıq deməkdir.


Bir söz, pir söz

Çox şeyə sahib olmaq önəmli deyil; önəmli olan az şeylə də keçinə bilməkdir, çox şeyə ehtiyac hiss etməməkdir.


Lüğət

Merac - Nərdivan, ən yüksək məqam, Allah-Təalanın (c.c.) hüzuru... Dini ədəbiyyatda isə Peyğəmbərimizin (s.ə.s.) Rəcəb ayının 27-ci gecəsində Məkkədən Qüdsə, oradan isə Allah-Təalanın dərgahına yüksəldilməsi hadisəsidir. Meracda Rəsulullaha 3 böyük hədiyyə verilib: 1. Bildirilib ki, ümmətindən Allaha şərik qoşmayan hər kəs nəhayətdə cənnətə girə biləcək. 2. Gündə 5 dəfə namaz qılmaq əmr edilib. 3. "Bəqərə" surəsinin son ayələri verilib.


Sual-cavab

- Ehsan nədir?

- Bağışlama, hədiyyə etmə, xeyirli bir iş görmək mənalarına gəlir. Ədalat hər bir işə doğru-düzgün qarşılıq vermək, hər şeyin esl qiymətini verməkdir. Yəni birisinin zəhmətinin qarşılığı nədirsə, onu da verməkdir. Ehsan isə o haqqın üzərinə əlavə ediləndir. Qurani-kərimdə: " Ehsan edin, çünki Allah ehsan edənləri sevər"- buyurulmaqdadır.

Bir hədisi- şəriflərində uca Peyğəmbərimiz Həzrəti-Muhamməd (s.ə.s.) "Ehsan Allahı görürmüş kimi ona ibadət etməkdir. Çünki sən Onu görməsən də O səni görür"- söyləmişdir.

Ümumiyyətlə ehsan sözü çox geniş mənaları əhatə edir. Bir imkansıza yardım etmək də ehsandır, bir kəndə yol çəkdirmək də, kiminsə xeyir işinə yardımçı olmaq da... Amma təəssüflər olsun ki, son dövrlərdə bizdə "ehsan" deyəndə ağla yas çadırları və orada yeyilən yemək gəlir. Bu da ehsandır, amma ehsan təkcə bununla bitmir ki. Yeri gəlnişkən onu da deyək ki, şəhər yerlərində bu cür yas çadırlarını bəzən gediş-gəlişin gur olduğu yerlərdə qururlar, bu da haqlı narazılığa səbəb olur. Xatırladaq ki, ölüsünün adına ehsən vermək istəyənin haqqı yoxdur ki, başqalarının yolunu kəssin. Bu insanların haqqını tapdamaqdır. Başqalarının haqqını tapdamaq isə dinimiz tərəfindən şiddətlə yasaq edilmişdir.

Əli Çərkəzoğlu

Oxundu: 60

© 2017 - NSPSOLUTIONS