"Rusiya türk pomidorlarını Azərbaycandan alır" İDDİA

Lənkəranda baş həkimin evinə basqın edilib: Ölən var

Azərbaycanda nağd maaş verilməsi qadağan edildi

bazar, 26 mart 2017

Menu

bazar, 26 mart 2017

PƏNCƏRƏ

Bu gecə ŞƏBİ-YELDAdır, ilin ən uzun gecəsidir

20.12.2016 14:54


Çox sevdiyim belə bir beyt var:
Şəbi-yeldayı münəccimlə müvvəqqid nə bilir,
Mübtəlayi-qəmə sor kim, gecələr kaç saət.
Mənası:
Şəbi-yeldanı nə münəccim bilər, nə müvəqqid, sən qəmə mübtəla olmuş adamdan soruş ki, gecənin uzunluğu neçə saatdır.
Şəbi-yelda həm konkret, həm də mücərrəd mənada işlənir. Belə ki, könkret olaraq ən uzun gecə mənasını daşıyır. İlin ən uzun gecəsi də təqvimə görə məhz bu gecədir. Yeri gəlmişkən onu da deyək ki, ən uzun gecə qış fəslinin girdiyi gecədir, ən qısa gecə isə yayın başlanğıcıdır. Yazla payız gecə-gündüz bərabərliyi ilə başlayır. Bütün bunlar dəqiq astronomik bilgilərdir, bizim söhbətimizin mövzusu isə daha genişdir, yəni işin bir poetik, mücərrəd tərəfi də var.
Münəccim ta qədimdən bəri şərqdə geniş yayılmış elmi sahələrdən biridir, araşdırma obyekti də kainatda ulduzların, planetlərin hərək
ətini öyrənməkdir. Bəzi cahillər münəccimliyi falçılıq səviyyəsinə endirməyə çalışsalar da bu işin hazırkı davamı astranomiyadır, yəni falçılıqla heç bir əlaqəsi yoxdur. Orta əsrlərdə buna nücum elmi deyilirdi.
Müvəqqid isə təqvimlərin tərtibi, ilin, ayın, günün nizamını öyrənərdi. Məlumdur ki, İslam coğrafiyasında əsrlərdən bəri işlənmiş hicri-qəməri təqvimi sabit təqvim deyil, belə ki, elmin, texnologiyanın inkişaf etdiyi günümüzdə belə bəzən "bu gün Ramazandırmı, deyilmi?" mövzusunda ixtilaflar çıxır. Bundan əlavə namaz vaxtlarının başlanması məsələsi də müvəqqidlərin əsas araşdırma mövzusu olmuşdur.
İndi gələk beytin tam mənasına. Müəllifinin adını bilmədiyim bu beytdə deyilir ki, ən uzun gecəni kainatı seyr eləyənlər, vaxt ölçənlər bilməzlər, sən dərdə düşəndən soruş ki, gecənin uzunluğu neçə saatdır. Sən gecəni Leyli həsrəti ilə oyaq keçirən Məcnundan, Şirin işqi ilə gözlərinə yuxu getməyən, hər anı bir il qədər uzun yaşayan Fərhaddan soruş ki, şəbi-yelda nədir. Yəni şəbi-yeldanın bir həsrət, ayrılıq üzü var və bu üz gerçək tərəfdən daha güclüdür. Gecə nə qədər uzun olur-olsun yatıb-durursan, səhər olur, amma həsrətdən, intizardan, yarın hicrindən gözlərini yuma bilmədiyin gecə bitib tükənmək bilmir. Budur müəllifin üzərində durduğu əsas mətləb.
Amma kim nə deyir-desin, bu gecə şəbi-yeldadır, yəni ilin ən uzun gecəsi və bu gecə qış fəsli girir. Hamımıza xeyirli-uğurlu olsun!

Əli Çərkəzoğlu

Oxundu: 235

© 2017 - NSPSOLUTIONS