Ağzım qurusun... (Mehmet Akifi dualarla anaraq)

Şeir dediyin geniş anlayışdır, həm də çox geniş. Hətta o qədər geniş ki, bəlkə dünyanın özünü belə o genişliyə rahatlıqla sığdırmaq olar. Füzulinin “Ey olub sultan, deyən dünyada məndən qeyri yox, Sən səni bayquş bil, dünyayı bir viranə tut” sifarişi də şeirdir, Müşfiqin “bu gözəl dünyadan necə əl çəkim?” kədəri də şeirdir, Məstanın “gedirəm, ay ellər” kövrəkliyi də şeirdir, Mehmet Akifin “ey dipdiri meyyit, iki əl bir baş üçündür, Tərpənsənə əllər də sənin, baş da sənindir” sitəmi də şeirdir...

Daşdan buluda, ağacdan çiçəyə, sevgidən nifrətə qədər hər şey şeirdir... Hələ şeirin doğru-düzgün tərifini kimsə verə bilməyib, kimsə deyə bilməyib ki, şeir harada başlayır, harada qurtarır.

Şeir insanı nə qədər tərbiyə edə, nə qədər dəyişə bilir, bu da bir başqa sual. Amma bir həqiqət var ki, şeir haqqa söykənəndə, haqqı təbliğ etdikdə unudulmur, hər zaman yaddaşlarda yaşayır. Nizamini də, Sədini də, Füzulini də, Hafizi də, böyük Mövlanəni də, Yunus dədəni də yaşadan həmin o həqiqətdir. Heç tərəddüd etmədən söyləyirik ki, bu yazıda haqqında qısaca danışmaq istədiyimiz Mehmet Akif Ərsoy da elə bu qəbil söz ustadlarından, sözünün mənbəyini haqdan alan könül ərbablarındandır.

Mehmet Akif Ərsoy ölkəmizdə yetərincə təbliğ olunmayıb. Çox təəssüf. O qədər təəssüf ki, onu bilməyən adam ədəbiyyatı bildiyini iddia eləməsin.

Mehmet Akifi dünya şeirinin zirvəsi hesab edənlər də var. Çoxları onu sadəcə Türkiyə Respublikası dövlət himni mətninin müəllifi kimi tanıyır. Amma Mehmet Akif Ərsoy bir iman şairidir, istiqlal şairidir. Yazdıqlarının qaynağı Qurandır, Peyğəmbərimizin buyruqlarıdır, İslam aləminin itirdiyi gözəlliklərin yanğısıdır, dərdidir. Əruz vəzninin ən ağır bəhrlərində yazdığı şeirləri oxuyanda qulaqlarında ən nizami bir ordunun ayaq səslərini eşidirsən. Hər şeiri nizamla düzlənmiş bir ləşkər kimidir.

Həyatı başdan-başa ibrətli hadisələrlə doludur, əxlaqı ilə yazdıları üst-üstə düşür, ürəyinin demədiyini yazıya almayıb.

Dünyanın nicatını İslamda, Quranda görüb, bəşər oğlunu Allaha boyun əyməyə, həyatını Quranla inşa etməyə çağırıb. Quranın bəşər övladı üçün Nur olduğunu elan edir şeirlərində, onun üçün Quransız həyat zülmətdir.

Ömrü ehtiyac içində keçsə də, qışın ortasında əynindəki paltosunu çıxarıb bir yetimin çiyninə keçirəcək qədər fədakar, comərd birisi olub. Yazdığı şeir dövlət himninin qalibi olanda, bəlkə də, evində uşaqları ac idilər, amma bir ömür boyu hər cür ehtiyacına yetəcək qədər yüksək bir məbləği dövlətin xəzinəsinə bağışladı.

Ömrünün doqquz ilini həsr edərək Quranı Anadolu türkcəsinə çevirdi, çevirdiyini də nəzmə çəkdi. Ancaq elə ki, Türkiyədə “Allahu Əkbər” bəyanının yerinə “Tanrı uludur” mücərrədliyi qoyuldu, Mehmet Akif də heç tərəddüd etmədən bütün yazdıqlarını yandırdı və ya yandırtdı. Qorxdu ki, “Allahu Əkbər”i “Tanrı uludur”a dəyişən zehniyyət birdən onun kitabını da Quranın yerinə qoyar.

Bəzən şeirlərində son dərəcə üsyankar, çılğın görünür, amma onun dünyagörüşündə Allaha qarşı zərrə qədər də üsyan, etiraz yoxdur. Son həddə qədər gərilir və sən oxuduqca anlayırsan ki, burdan o tərəfə ya qurulmaq var, ya da imanın küfrə çəvrilməsi. Bütün varlığı ilə gərilir və o gərilmiş anında dodaqları arasından alov dilimi kimi yüksələn fəryad məzlumun öz Rəbbinə yönəlib göz yaşları içində dərdlərini açdığı dua kimi səslənir. Diqqət edin:

İslamı qolundan tutacaq, qaldıracaq yox,

Haqsız yerə fəryad ediyor, acizə haqq yox.

Yetməzmi yüsab olduğumuz bunca dəvahi,

Ağzım qurusun, yoxmusun ey Ədli-İlahi?

(Mənası: Müsəlmanlar İslamı yaşamırlar, kimsə İslamı qaldırıb həyatına tətbiq eləmir, aciz insan fəryad eləməsin, çünki haqqı yoxdur. Aciz - Allahın verdiyi iradədən imtina eləmiş adamdır, müsəlmansa mübariz olmalıdır, haqqını əldə eləmək üçün savaşmalıdır. Aciz, zülmə boyun əymiş insan əslində bütün haqlarını itirmişdir. Başımıza gələn bu qədər müsibətlər, dərdlər yetməzmi? Ağzım qurusun, ey Allahın ədaləti, haradasan, yoxsanmı?)

Mehmet Akif Allahın ədalətinə öz varlığından daha çox inanır. Amma İslam aləminin yaşadığı bu ağır günlərdə, adı müsəlman olan insanların acizliyi, ətaləti qarşısında bu qədər gərilir və “ağzım qurusun, hardasan ey Allahın ədaləti” deyə fəryad edir. Adamın dərdi nə qədər olarmış, İlahi! Siz hələ bu misralara diqqət eləyin:

Enməmişdir hələ Quran,

bunu haqqıyla bilin,

Nə məzarlıqda oxunmaq,

nə də fal baxmaq üçün.

Bu günümüz üçün də ən aktual məsələlərdən biri deyilmi? Cəhələtin eyni görüntüsünü bu gün də hər yerdə müşahidə eləmirikmi? Allah-Təala kitab göndərib, oxunsun, oradakılar həyata tətbiq edilsin, yaşansın, insan özünü Quran layihəsi ilə inşa etsin deyə. Amma özünü müsəlman adlandıran cəhillər Quran kimi misilsiz bir xəzinənin yanından nəsibsiz keçib gedirlər, beş yüz əvvəl də belə olub, üç yüz il əvvəl də, elə indinin özündə də bir şey dəyişməyib. Mehmet Akif bu dərdin oduna yanır, beş yüz əvvəlkinin də, müasirinin də, gələcək övladlarının da.

Mehmet Akif millətçi şair deyil, ümmətçi şairdir. Ona görə də hər müsəlmanı qardaşı bilir, onu hərəkətə, elmə, tərəqqiyə çağırır, “hər fərd öz məmləkətinin xilaskarı olmalıdır” deyir:

Sahibsiz olan məmləkətin batması haqdır,

Sən sahib olursan, bu vətən batmayacaqdır.

Ömrü boyu Haqq deyib yaşadı, tarixin təlatümlü bir mərhələsində, XIX əsrin 70-ci illərində doğuldu və bütün ömrü də təlatüm içində keçdi. Gözləri önündə yıxılan Osmanlının bütün ağırlığı, bütün dərdi sanki onun zəif çiyinlərinə düşdü. Osmanlıya xəyanət edənlər ona xəyanət etdilər, Osmanlı üçün canından keçənlər sanki onu ayaqda tutmağa çalışdılar... Haqq yoldan ayrılmadı, başı müsibətlər çəkdi, sürgünlər gördü, mühacirət həyatı yaşadı, Allahdan savayı kimsənin qarşısında əyilmədi, ehtiyac içində öldü, ailəsini səfalətdə qoyub getdi. Bəzən xətası da oldu, oynanan siyasi oyunlardan, yalan vədlərdən, fitnəkarların məkrindən baş çıxara bilmədiyi illərdə sultan Əbdülhəmidi ağır sözlərlə ittiham elədi, amma üstündən illər keçəndən, həqiqət gün üzünə çıxandan sonra xətasını etiraf da elədi.

Bu imtahan dünyasında könlünü heç nəyə qapdırmadı, Allahdan və Rəsulullahdan başqa kimsəni sevmədi. İstərsəniz, şeirlərinə baxın, bu qədər dərdin yanına bir xanım sevgisi qoymaq mümkün deyil. O, bütöv bir dünyanın dərdini gəzdirirdi ürəyində, dərdi böyük olan kişilərin ürəyi də, ömrü də böyük olur, Mehmet Akif Ərsoy kimi. Onun adı dünya şeirinin şah misrasına yazılmağa layiqdir.

Hər şeirindən iman oxunan, hər misrası ilə sənin əlindən tutub bir Quran ayəsinin, ya bir hədisin ayağına götürən bu böyük şairə Allahdan qəni-qəni rəhmət diləyirik. Məkanın cənnət olsun, ustad!

Nümunələr

Ey millət, oyan! Cəhlinə qurban gediyorsun!

İslamı da “batsın” deyə tutmuş yeniyorsun!

Allahdan utan! Bari burax dini əlindən!

Gir leş kimi topraklara kəndin, girəcəksən!

Lakin nə demək bizləri Allah ilə ishak?

Allahdan utanmaq da olur, elmlə... Heyhat!

***

Atiyi qaranlıq görərək əzmi buraxmaq!

Alçaq bir ölüm varsa, əminim budur ancaq!

Dünyada inanmam hani görsəm də gözümlə,

İmanı olan kimsə gəbərməz bu ölümlə.

***

Sanmayın, şevqi-şəhamətlə coşan bir qan var...

Bizdə leşdən daha hissiz, daha qoxmuş can var.

Baxmayın, həm tükürün çehreyi-murdarımıza,

Tükürün, bəlkə bir az duyğu gəlir arımıza.

DİGƏR XƏBƏRLƏR

Top