ALLAHVERDİ AYDIN

İnsan...

İnsan...

ALLAHVERDİ AYDIN

İnsan o qədər mürəkkəb məxluqdur ki, onun nə anatomiyasını, nə fizyologiyasını, nə də psixologiyasını tam olaraq başa düşmək mümkün deyil. Tibb elmi min illərdir mövcuddur ancaq hələ də influenza (qrip) virusunu qısa müddətdə yox edə biləcək dərman tapılmayıb. İndiki zəmanətdə qrip oldunsa ən azı 2-3-gün burnunun suyunu çəkə-çəkə gəzməlisən. Başqa çarə yoxdur... Bütün dünyanın başbilənləri gecə-gündüz baş sındırsalar da QİÇS və xərçəngi müalicə edə bilmirlər. Əslində alimlər bu xəstəliklərin nə olduğunu başa düşüblər, ancaq insana, daha doğrusu insan fizyologiyasına nəzarət etməkdə acizdilər.

Hansısa tibb kitabında belə bir məlumat oxumuşdum ki, insan hüceyrəsində 1 saniyədə 300-dən artıq kimyəvi reaksiya gerçəkləşir. Qeyd edim ki, bu, tək bir hüceyrədə baş verən reaksiyaların sayıdır. İnsan isə bütövlükdə təxminən 100 trilyon hüceyrədən təşkil olunub. 100 trilyon hüceyrə və hər birində də 300 kimyəvi reaksiya... Adam deməyə söz tapmır. Bir anlıq hüceyrənin böyüdülmüş formasını gözünüzünün önünə gətirin. Qarşınızda böyük bir laboratoriya canlanacaq. Burada mikrosaniyələr, bəlkə nanosaniyələr ərzində yüzlərlə kimyəvi reaksiya baş verir, maddələr fasiləsiz olaraq öz quruluşunu, tərkibini dəyişir. İnsan orqanizmində 210 növdə hüceyrə var. Sinir hüceyrələrimizin sayı təxminən 30 milyarda bərabərdir. Biz unutduğumuz bir telefon nömrəsini xatırlamağa çalışdığımız zaman 100 milyon sinir hüceyrəsi bir andaca fəaliyyətə keçir.

İnsan orqanizmində çoxlu sayda və növdə hüceyrə olsa da mənim diqqətimi ən çox çəkən eritrositlərdir. Eritrositlər qan hüceyrələrindən biridir. Mən eritrositlər fədakar insanlara bənzədirəm. Onlar döyüş meydanındakı kamikadzelərə də bənzətmək olar. Eritrositlər olmadan insan yaşaya bilməz. Eritrositlər insan bədəninin qoruyucularıdır. İnsanı ətrafdakı mikroblardan onlar qoruyur. Bədənə düşən mikrobları yaxaladıqları zaman həm onları, həm də özlərini məhv edirlər. İnsanı qorumaq üçün bir dəqiqə ərzində 100 milyondan çox eritrosit özünü "qurban" verir. Onların yerini dolduran yeni eritrositləri isə insan sümüyünün içərisində yerləşən qırmızı ilik hazırlayır. Sümüyün içərisində bir də sarı ilik olur ki, adi vaxtlarda bu ilik bir dənə də olsun eritrosit hazırlamır. Ancaq insan xəstələndiyi, yəni mikrobların hücumuna məruz qaldığı zaman daha çox eritrositlərə ehtiyac olur ki, bu zaman sarı ilik "qonşuluq" vəzifəsinə layiqincə yerinə yetirir; Heç vaxt görmədiyi işi görür, yəni eritrosit hazırlamağa başlayır.

İnsan o qədər mürəkkəb və qəribə məxluqdur ki, onun anatomiyası və fizyologiyası kimi psixologiyasını da tam olaraq başa düşmək mümkün deyil. Səbəbini bilmirəm, amma dəfələrlə şahid olmuşam ki, bəzi insanlar ictimai yerlərdə, xüsusilə də ictimai nəqliyyatda telefonla danışmağa daha çox can atırlar. Metro tuneldən çıxar çıxmaz tez telefona əl atırlar. Qatarın stansiyada 15-20 saniyəlik dayanmasından istifadə edib kiməsə zəng edirlər. "Salamdan", "nə var-nə yoxdan" sonra, "qatar tunelə girir dalğa itəcək" deyib, telefonu söndürürlər. Qatardan enənə qədər hər stansiyada bunu təkrarlayırlar. Avtobuslarda da vəziyyət oxşardır. Ötən gün gənc bir xanım avtobusa minər-minməz telefonunu çıxarıb kiməsə zəng etdi və başladı hündürdən danışmağa. Arada bir başını qaldırıb avtobusdakıları seyr edir və insanların ona baxdığını görüb səsini bir az da yüksəldirdi. Sanki insanların diqqətini özünə yönəldə bilməsi ilə qürrələnirdi...

Görəsən özünü ictimai yerlərdə apara bilməyən bu cür insanlar bilirlərmi ki, onların yaşaması üçün hər gün milyardlarla eritrosit özünü "fəda" edir?..

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top