NAZİM MUSTAFAYEV

Körpü olmaq, körpülər qurmaq...

Körpü olmaq, körpülər qurmaq...

NAZİM MUSTAFAYEV

Yolun kənarında dayanmışdı. Davranışları sakin və təmkinli olsa da bəzən telefonuna baxması, kiməsə zəng eləməsi, avtomobilinin arxa baqajını açaraq nəsə götürməsi və s. hərəkətlərindən kimisə gözlədiyi hiss olunurdu. Çox keçmədi ki zəng elədiyi adam gəlib çatdı. Çağırılan adam gələr-gəlməz mənə yaxınlaşaraq: “Mən ustayam. Avtomobilin akkumulyatoru “yatıb”. Sizin maşın daha yaxındı. Avtomobilinizdən elektrik almaq olarmı?” dedi. Mən də buyur dedim. Matorxananın kapotunu açdıq. Düşünmüşdüm ki, proses təxminən 20 dəqiqə çəkəcək. Heç 2 dəqiqə belə çəkmədi. Təşəkkür etdilər. Sağollaşdıq, sonra da avtomobili sürərək uzaqlaşdılar.

Avtomobilinin akkumulyatoru “yatmış” adamla bir müddət yaxın məsafədə dayanmış olsaq da ona heç bir köməklik edə bilməmişdim. Düzdür, o kimisə gözləyirdi. Aramızda heç bir dialoq da olmamışdı. Bu adam sadəcə mənim diqqətimi çəkmişdi. Sanki usta gələrək aramızda körpü vəzifəsini icra elədi.

Əslində bütün insanlar da belə deyilmi?! Bir-birilərinə kömək edəcək, əl tutacaq, yardım edəcək o qədər insan var ki... Sadəcə olaraq biz insanlar bir-birimizin ehtiyaclarından xəbərsizik. Ya da necə yardım etməli, necə əl tutmalı olduğumuz barədə ümumiyyətlə məlumatsızıq. Yuxarıda qeyd elədiyim hadisədən onu öyrəndim ki, insanlar heç bir zəhmət tələb etməyən bir işi etməklə digər insanlara böyük, ya da kiçik yardım edə bilərlər. Yetər ki, yuxarıda usta örnəyində olduğu kimi iki insan arasında körpülər qurulsun. Biz buna iki insan təbəqəsi, zənginlər və fəqirlər arasında qurulacaq körpüləri də əlavə edə bilərik.

Yoldakı bir daşı kənara qoymaq da, insanlara təbəssüm etmə və gülərüz davranmaq da xeyirxah əməldir. Gülərüz olduğumuz zaman, ya da yoldakı bir daşı kənara qoyduğumuzda bizdən bir şey əskilmir, hətta heç vaxtımızı da almır. Kimi insanın başqa insanlara edə biləcəyi yardım bəlkədə elə bunlardan ibarətdir. Kimi insan üçün isə on, bəlkə də yüz məktəb tikdirsə, yüz xəstəni müalicə elətdirsə malından, sərvətindən heç nə əskilməyəcək.

Bir müəllim başından keçən hadisəni danışmışdı... Belə ki, müəllim ilin əvvəlində hər ay maaşından 100 manat pulu bir tələbəyə təqaüd olaraq verəcəyini qərarlaşdırır. Hətta öz-özünə söz də verir. Bu fikrini evə gələrək həyat yoldaşına danışanda xanımı buna əsəbiləşir və ya razı olmur. Biz o qədər zəngin deyilik, niyə belə bir söz verdin və s. ifadələr işlədir. Müəllimin də kefi pozulur. Aradan bir neçə gün keçir. Müəllim bir yarışmanın qalibi olur. Ona mükafat olaraq 1000 manat pul verirlər. Əslində bu məbləğ bir il ərzində tələbəyə verəcəyi təqaüdün də miqdarı idi. Sözün davamında müəllim deyir ki, həmin bu pulu evə gətirib xanımıma verdim. Ay xanım, Allah edəcəyimiz xeyir işi qəbul etmədi. Bir il ərzində verəcəyimiz miqdarı uca Allah elə indidən bizə qaytardı. Bu bir müəllimin başından keçən hadisə və ona verdiyi şərh idi. Hadisəyə belə bir şərh vermək də olar... Xeyirxah bir iş görmək istəyirsənsə, eynisini, hətta daha da artığını Allah sənə verəcək.

Şəhərdə bahalı avtomobili (BMW X6) ilə işə gedib-gələn şəxs bir məclisdə belə demişdi: “Bu maşının əvəzinə 10-15 minlik başqa bir maşını idarə etsəm, özümü daha rahat hiss edərəm”. Kiməsə əl tutma, xeyirxah bir əməl etmə əslində hər kəsə nəsib olmayan bir işdir. Allah hər kəsə bunu nəsib eləmir. Misal üçün deyə bilərəm ki, şəhər və kənd qəbiristanlıqlarında dəyəri on minlərlə manatla ölçülən o qədər qəbir daşları var ki. Sanki gün keçdikcə bu daha da “dəb” halını alır. Bir qəbir daşına qoyulan xərc, bir tələbənin bir-iki illik təhsil haqqı, imkansızlıqdan müalicə ola bilməyən və aylarca əziyyət çəkən xəstənin müalicə məsrəfi, ya da aylarca normal qidalana bilməyən fəqir və yoxsul bir ailənin iaşə məsrəfləri də ola bilərdi.

Təbiətə nəzər salsaq insandan başqa bütün canlıların yardımlaşma içərisində həyatlarını davam etdirdiklərini görərik. Bu minvalla dünyada şərin mənbəyini axtardığımız zaman qarşımıza yenə insan övladı çıxır. İnsanın mal-dövlət sevgisi, pula olan tamah və hirsi başqa insanların və hətta ümum təbiətdəki canlıların zərər çəkməsinə gətirib çıxarır.

Bir səyahət proqramında afrikada bir ölkəni göstərirdilər... Fəqirlik, yoxsulluq, susuzluq, cəhalət və s. dramatik mənada nə desən var idi. Ancaq eyni sənədli filmdə, yenə eyni ölkədəki qızıl mədənlərini də çəkmişdilər. Aparıcı eyni anda o qədər qızılı hələ birinci dəfə gördüyünü söyləyirdi. Qızıl tozu olan çuvalları heç qaldıra bilmirdi. Nədənsə, afrikalının, ya da yerli əhalinin həmin mədənlərdə bir tikə çörək üçün çalışmaqdan başqa heç bir əlacı yox idi. Bu da afrika reallığı... Xeyr, xeyr!.. Buna afrika reallığı deməzdim. Əslində bu dünyanın ümumi reallığıdır...

[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top