ƏLİ ÇƏRKƏZOĞLU

Biz niyə əsa götürmürük?

Biz niyə əsa götürmürük?

ƏLİ ÇƏRKƏZOĞLU

Dünən şəhərimizə qar yağdı, yollar buz bağladı. Səhər həyətdə qar altında qalmış maşınlara gözucu baxıb işə piyada gəlməyə qərar verdim. Maşınların əksəriyyəti yerindən tərpənməmişdi, hamısının da üstü ağappaq. Yeni Yasamalın dikinə çatanda dönüb "Bizim market" tərəfə baxıram ki, 211 gəlir, ya yox. Əgər gəlirsə, heç özümə əziyyət vermərəm, yolun çoxunu onunla gedərəm, görünmür, mən də "ya Allah" deyib özümü vururam üzü yuxarı. Bu dik elə dikdir ki, hər dəfə onun başına çıxanda elə bilirəm ki, şəhərin mərkəzindəyəm. Bir də ki, mən yaşda adama bir dəfə o diki çıxmaq kifayətdir, daha başqa idmana ehtiyac qalmır. İşin ən betər tərəfi odur ki, bu diki çıxanda da, enəndə də gərək həm irəlidən, həm də geridən gələn maşınlardan özünü qoruyasan. Səki yox, üstünə dırmaşmağa bir yer yox, Allah göstərməsin, üstünə bir maşın gəldimi, qaçmağa yer tapa bilməzsən. Belə qarlı havalarda vəziyyət daha betər olur. Amma bir şey də var ki, bərk şaxta olanda o yol donur və uşaqlar orda sürüşürlər, xizək sürürlər. Bizim kimi yaşlılar da ayaqlarını ehtiyatla atırlar ki, yıxılıb bir təhər olmasınlar. Boynuma alım ki, özüm orda iki dəfə yaxşıca yerə dəymişəm. Doğrudur, bir az oramı-buramı çəkmişəm, amma çox şükür ki, ciddi əziyim, sınığım olmayıb. Hər dəfə də qarlı havada özümə söz verirəm ki, gərək özümə əsa alım. Boyunma alım ki, hər gəfə də bu əsa məsələsini evdə salanda ayıb olmasın, uşaqların anası məni ələ salır. Amma o nə deyir-desin, yəqin ki, qismət olsa, yaxın gələcəkdə mən bu əsa məsələsini fundamental şəkildə həll edəcəm. Həll edəcəm deyəndə ki, Binə, ya Sədərək bazarına gedib, oradan sadə, naxışı-filanı olmayan bir əsa alacam. Ondan sonra kim mənə gülür-gülsün. Hərdən də uşaqların anası mənim anama zəng eləyib deyir ki, oğlun əsa axtarır, sonra da telefonda gülür. Bilirəm ki, qaynana-gəlin sözü bir yerə qoyub mənə sataşırlar. Elə öz anam da bu əsa məsələsinə yaxın düşmür. Yaşı səksənə yaxınlaşır və hər dəfə qar yağanda zəng eləyib tapşırıram ki, evdən çıxanda o əsalardan birini əlinə götür, o da gülərək "yaxşı" deyir. Əslində o yaxşını elə deyir ki, məni başdan elədiyini anlayıram. Ötən qış qar yağanda da yıxılmışdı, biləyi çatlamışdı. Allah üzümüzə baxmışdı ki, qırılmamışdı, yoxsa o yaşda adamın qolunun bitişməsi çətin olardı.

Mənə elə gəlir ki, bizdə bu əsa məsələsinə çox yad, çox ögey münasibət var. İnanmırsınız, özünüz göz qoyun, ətrafınızda neçə adam bu qarlı havada əsa ilə gəzir. Əmin olun ki, heç yaşlılar belə əldə yük olur deyə əsa götürmək istəmirlər. Halbuki, əsa yaşlı adam üçün həm də təvazö deməkdir. Yaşlı olduğunu, yıxılmamaq üçün tədbir gördüyünü bildirir. Hərdən mənə elə gəlir ki, əsadan imtina eləmək bir növ öz yaşını gizlətmək kimidir. Ha indi sənə cavan desələr nə olacaq, qoca desələr nə olacaq? Amma Allah göstərməsin, bircə dəfə yerə dəydinmi, neçə ay yanı üstə yatmalı olacaqsan. Hərdən kiminsə əlində çətir-əsa görürəm, yəni yağış yağanda çətir kimi başının üstünə tutur, yer dondumu, əsa kimi istifadə edir. Çox xoşuma gəlir. İndi kimsə durub deməsin ki, əsa Avropa dəbidir, nə bilim falan-filan. Harada icaq olunur-olunsun, əsa insanın ehtiyacıdır. Hər kəs tədbirli davranmalıdır ki, belə havanın da tədbiri yola çıxanda əlinə əsa almaqdır. Çox da deyirlər ki, bu şəhərdə asfalt keyfiyyətsizdir, qışdan yaza qalmır, siz o sözə fikir verməyin, bircə dəfə yıxılın, başınız dəysin, görəcəksiniz ki, necə möhkəm, necə keyfiyyətlidir.

Bizdə belədir ki, yuxarılardan birisi Çindən, ya Dubaydan bir şeydən bir neçə partiya mal vuranda bütün mediada onun reklamı gedir. And içərəm ki, mən nə əsa satıram, nə də əsa satan tanışım var. Sadəcə xalqımı sevirəm, yaxınlarımı sevirəm və istəmirəm ki, bu havada yıxılıb xəstəxanalıq olsunlar. Allah eləməsin, bir dəfə yüngülcə yıxıldınmı, bir neçə əsanın haqqını elə xəstəxana qapısında durana verməli olursan. İstədiyim odur ki, sizə bir şey olmasın, yoxsa kim nə satır, kim nə alır, onun bizə nə istisi-soyuğu?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top