ƏLİ ÇƏRKƏZOĞLU

Efirimizin öküz sevgisi

Efirimizin öküz sevgisi

ƏLİ ÇƏRKƏZOĞLU

Deyirlər ki, bir adamın çox əcaib istedadı varmış: 1 metrdən sapı necə atırmışsa, iynənin ulduzundan keçirirmiş. Çox keçmir ki, onun şöhrəti hər tərəfə yayılır, gedib padşahın da qulağına yetişir. Padşah həmin adamı çağırıb deyir ki, məharətini göstər görüm, nə bacarırsan. Adam da sapı atıb iynənin ulduzundan keçirir. Padşah onu mükafatlandırır, sonra da cəlladı çağırıb əmr eləyir ki, yerə yatırıb yaxşıca şallaqlasın. Yarımcan halda cəlladın əlindən qurtaran iynə-sap ustası üzünü padşahdan soruşur:

- Şah sağ olsun, o mükafat nə idi, bu cəza nədir?

Şah da belə deyir:

- Mükafatı ona görə verdim ki, sən başqalarının eləyə bilmədiyini edirsən, ona görə cəzalandırdım ki, bu boyda dünyada sənin başına iş qəhət oldumu ki, bu cür səfeh-səfeh əyləncələrlə ömrünü boşa verirsən?

Yazılarda bu cür lətifələrə yer vermək adətim deyil, amma bu yaxınlarda "İdman-Azərbaycan" kanalda öküz minmə yarışlarının nümayiş etdirildiyini görəndə bu lətifə yadıma düşdü. Deyəsən bizim bu "İdman-Azərbaycan" kanalının sevə-sevə verdiyi proqramlar arasında öküz minmə yarışları xüsusi yer tutur. Geyirəm görəsən, ölkəmizdə öküz minməyə həvəsi olan, daha doğrusu, bu yarışları zövqlə izləyən nə qədər tamaşaçı var ki, efirimiz ona bu qədər səxavətlə yer ayırır, ya efir boşluğunu doldurmaq üçün hazır material kimi istifadə edirlər.

Bu avropalılar, xüsusilə də ispanlar necə millətdirlər ki, bütün əyləncələri dilsiz-ağızsız heyvanları incitməklə başa gəlir. Gah yazıq heyvanın belinə nizə taxıb öldürürlər, gah küçədə öküzlərə qarışıb qaçışırlar, gah də heyvanı qəfəs kimi dar yerə salıb belinə minir, sonra da meydana buraxıb dingildədirlər. Yazıq heyvan da elə dingildəyir ki, sanki canına ya biz batırırlar, ya dağ basırlar.

Anadolu türkləri demişkən, nə qədər də tuhaf bir əyləncə.

Deyirəm bu adamlar nə qədər ucuz və mənasız işlərlə əylənirlər. Uzağa tüpürmək üzrə yarış keçirilir; başı aşağı, ayağı yuxarı dayanmaq üzrə dünya birincisi seçirlər; əlləri üstə yeriməyi qəhrəmanlıq hesab edirlər, balon geyib suyun altında çox qalmaq üçün mərcə girirlər; köpək balığı, ilan, pələng kimi yırtıcılarla bir yerə girməyi belə qəbul edirlər... Nə qədər mənasız və ucuz əyləncələrdir. Ən başlıcası isə odur ki, bu əyləncələr bir çox hallarda insan üçün arzuolunmaz sonluqla nəticələnir.

İnsan psixologiyası gör necə pozulub, deformasiyaya məruz qalıb ki, öküz münmək, ilan qucaqlamaq kimi zərərli, mənasız işlərə meyillənir.

Kəndimizdə Navrız (bizdə Novruz demirlər, Navrız deyirlər) adında bir kişi vardı. Ömrü-günü çobanlıqla, naxırçılıqla keçmiş Navrız dayı çox mülayim, xoşxasiyyət bir adam idi. Bilmirəm, cavanlığında olmuşdu, ya olmamışdı, nə idisə, bu kişiyə "dana minən Navrız" deyirdilər. Navrız kişi də bu adı eşidəndə kefi pozulurdu.

Biz görmüşdük ki, kişi olan at minər, dəvə minər, heç olmayanda da o üzdəniraq heyvanı minər. Kişinin öküz minməsi, dana minməsi, əlbəttə, əcaib işdir.

İndi bu ispanların əcaib işlə məşğul olmaqları bir yana qalsın, fərli bir iş görübmüş kimi utanmadan, qızarmadan öz işləri ilə öyünürlər də. Çempion olurlar. Nə çempionu? - öküz minmək çempionu.

Səyavuş Aslanın sözü yadıma düşür: "Evdə uşaqlar deyirlər ki, atamız işə gedib". Nə işinə? - Öküz minmək yarışına.

Deyirəm, yaxşı ki, o yarışdan bizdə yoxdur. Yoxsa məlum oliqarxlardan biri öküz minmək işini inhisara alar və haradansa öküz minən birini kirayə gətirib dünya çempionu edərdi.

Çox şükür ki, öküz minmə yarışları hələ gəlib bizə çatmayıb. Amma son dövrlərdə ən əcaib növlər üzrə bizi dünya miqyasında təmsil edən Məmmədova, Hüseynova, Əliyevə soyadlı Tatyanaları, Ksenyaları, Nadejdaları görəndə ağlıma əcaib-qəraib fikirlər gəlir. Nə deyim vallah, deyəsən hələ görəcəyimiz çox şeylər var.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top