ƏLİ ÇƏRKƏZOĞLU

Nəyi, niyə və necə oxuyaq...

Nəyi, niyə və necə oxuyaq...

ƏLİ ÇƏRKƏZOĞLU

Kimi dindirsən, kitab oxumağı məsləhət görəcək. Doğrudur, kitab oxumaq yaxşı şeydir, amma nə oxuyum, hansı müəllifi, hansı əsəri oxuyum? Məsələ bu cür ad üstünə gələndə istər-istəməz duruxmalı olursan. Üstəlik onu da boynumuza alaq ki, bugünkü internet şəraitində, telekanallar çoxluğunda saatlarla kitaba göz zilləmək o qədər də cazibəli görünmür.

Ədəbiyyatımızda məlum sıralanma var və nədənsə kimsə o sıralamaya dəyişiklik etmək, kimisə çıxarmaq, bir başqasını ora daxil etmək haqda düşünmür. Hər şey belə davam edir: Nizami, Nəsimi, Füzuli, Vaqif, Sabir, Mirzə Cəlil və sovet ədəbiyyatı. Bir vaxt məktəblərdə Nizaminin, Nəsiminin, Füzulinin ateist görüşləri təbliğ olunurdu. Tədqiqatçı alimlərimiz az qalırdılar ki, onların cibinə kommunist bileti də qoysunlar. Təbii ki, sovet dövründə çap olunan həmin əsərlər də ciddi qayçılama prosesindən keçdikdən sonra işıq üzü görürdü. Bir sözlə, adını saydığımız və saymadığımız digər klassiklərimizin əsərlərində hər şey sovet ideologiyasının şərtlərinə, tələblərinə uyğun hala gətirilməyə çalışılırdı. Halbuki adını çəkdiyimiz bu şairlər əsrlər boyunca xalqın yaddaşında və ədəbiyyatda daha çox dini görüşləri ilə qalıblar. Üstəlik, Nizaminin əsərlərinin məhz sovet dövründə dilimizə tərcümə edildiyini nəzərə alsaq, özü də bu işin parlaq sovet şairləri tərəfindən icra edildiyini hesaba qatsaq, o beş əsərin üzərində hansı əməliyyatların getdiyini təsəvvür eləmək o qədər də çətin olmaz. Ona görə də Nizami əsərlərinin bu gün yenidən tərcüməsi və işlənməsi ədəbiyyatımızın qarşısında duran əsas məsələlərdəndir. Amma yeni heç bir şey yoxdur. Bütün bunlar bir tərəfə qalsın, hələ də dərs kitablarında insanın meymundan əmələ gəldiyi yazılır. Belə şəraitdə kimə nə deyəcəyini bilmirsən.

Ümumiyyətlə, ədəbiyyatımızı, fikir tariximizi sistemə salmaq, ideoloji buxovlardan azad etmək üçün yeni mütəxəssislər nəslinin hazırlanması lazımdır. Mən əminəm ki, bu məmləkətin yetirdiyi ən böyük şairlər, alimlər arasında Yəhya Şirvani Bakuvi və Mirhəmzə Əfəndi Seyyid Nigari mütləq yer almalıdırlar. Bu zatlar minlərlə, milyonlarla insanın dünyagörüşünün formalaşmasında böuük rol oynayıblar. Amma xalq bu gün onları tanımır. Biz o kişilərin göstərdiyi yoldan uzaqlaşandan sonra bütün bu bəlalar başımıza gəldi. Bəli, çox iş görülməlidir, amma 200-300 manat qarşılığında hansısa mütəxəssisin bu işə girişməsi inandırıcı deyil. Bu gün akademiyanın humanitar institutları əslində ikinci iş yeri kimidir. Çünki oranın maaşı ilə 3 nəfərlik ailəni dolandırmağın mümkün olmadığı gün kimi aydındır.

Son 15-20 ildə Qərb ədəbiyyatındandilimizə bəzi uğurlu tərcümələr edilib, amma etiraf edək ki, Şərqin möhtəşəm fikir dünyası hələ də bizim üçün əlçatmazolaraq qalır. İmam Qəzali və ya Muhiddin Ərəbi haqqında bir şey öyrənmək istəsən, heç nə tapa bilməzsən. Halbuki, bu xalqın minillik tarixində bu cür alimlərin imzası var. Ona görə də bu sahəyə ciddi diqqət ayrılmalı və oxumaq istəyən gənclərə Azərbaycan dilində ədəbiyyat vermək lazımdır. Bunun üçün dövlət proqramı hazırlanıb həyata kəçirilməlidir. Özü də bütün bu işlər internet şəraitində qurulmalıdır.

Zaman keçir, biz müstəqilliyimizin 25-ci ilini də arxada qoyduq. Amma bu müddət ərzində görüləsi, amma görmədiyimiz çox işlər yığılıb bir tərəfdə qalıb. Böyüyən nəslə yeni dünyanın konturlarını göstərən, azad insan modelini verən dolğun bir əsər, kitab ortaya qoyulmayıb.

Əgər biz "40 milyonluq xalqın, 200 milyonluq türk dünyasının övladıyıq" deyiriksə, onda boynumuza düşən vətəndaşlıq borcunu da yerinə yetirməliyik. Böyüyən nəsillər kitab oxumaq istəmirlər. Və bəlkə də bunun günahı onlarda yox, onları gerçəklərdən məhrum qoyan və ya yalanlara məhkum edən bizlərdədir. Papağımızı qabağımıza qoyub bu haqda yaxşı-yaxşı düşünməliyik. Vəssalam!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top