NAZİM MUSTAFAYEV

Düşünmə damarlarındakı tromblar

Düşünmə damarlarındakı tromblar

NAZİM MUSTAFAYEV

Elmin çata bilmədiyi nöqtələrə həmişə düşünmə və təfəkkür çatmışdır. Elm üçün hələ əlçatmaz sayılan zirvələrdə düşünmə və təfəkkürün bayrağı dalğalanmaqdadır. Fiziki baxımdan məhdud bir çərçivədə hərəkət etməli olan Adəm övladı, düşünmə və təfəkkür ilə sonsuzluğa çatar, zamanın fövqündə dolaşar. Düşünmə, insanlığın ən ümdə xüsusiyyətidir. İnsana "düşünən canlı" deyirlər. Bəs düşünməyən insana?..

Allahın elçiləri olan Peyğəmbərlər hələ vəhy gəlmədən əvvəl alacaqları dərsləri, öyüd-nəsihəti düşünmə və təfəkkür ilə ətraf muhitdən və çevrədən almışdırlar.

Sokratdan Paskala qədər düşünmə və təfəkkür sayəsində insanlıq necə qiymətli xəzinələr əldə etmişdir. Ancaq sözügedən bu düşünmə bacarıqsız, işsiz-gücsüz bir şəxsin möcüzəvi imkanlar gözləyərək qara-qara düşünməsi deyil. Həmçinin düşünmə və təfəkkürdən qəsd olunan, çarəsizlik içərisində və hadisələr qarşısında əzilən, əldən düşmüş və bədbin bir insanın "düşünmə" və "təfəkkür" halı da deyildir. Bir sözlə, plansız və sistemsiz şəkildə, hardan başlayıb hansı məqsədə doğru düşünülməsi lazım olduğunu hesab etmədən, magistral yola anidən girmişcəsinə işə başlamaq avamca bir düşünmə tərzidir.

Bu yerdə soruşmaq olar ki, sağlam düşünə bilməmizi əngəlləyən trobmlardan, viruslardan, bakteriyalardan, mikroblardan və s. söhbət gedə bilərmi? Əgər belə əngəllər varsa, bunlar nələrdir və necə aradan qaldırmaq olar?

Hadisəyə şərtli baxış, bir məsələ ilə bağlı başlanğıcdan hazır və birtərəfli hökmlərlə bir mövqe seçmək, həmin birtərəfli mövqedə qərarlı olmaq və s. kimi amillər düşünmə və təfəkkürün önünü tıxayan, düşünmə damarlarındakı qanın axmasını zəiflədən faktorlardır. Başqalarının düşüncəsinə alçaq nəzərlə və üstdən aşağı baxma, "mən nə deyirəmsə doğru odur" düşüncəsi ilə hərəkət etmə, doğru və sağlam düşünmənin önünü kəsən, bu mövzuda körpüləri yıxan, yolları bağlayan amillərdəndir.

Düşünmə və təfəkkürü belə izah etmək olar... Torpağın bağrına da, dağlar və qayalara da eyni miqdarda yağış düşür. Ancaq birinə yağış sadəcə dəyir və axıb gedir. Digərində isə eyni yağış və eyni su yaşıllıqların, bağ-bağçanın əmələ gəlməsinə səbəb olur. Bir sözlə, gələn bir şeyin faydalı olması üçün, əsasən qarşı tərəfdə onu qəbul edən zəmin, mühit, hava və s. cəhətilə də qəbul etmə bacarığının olması lazımdır.

İnsanların günlük həyatında və ümumiyyətlə, dünyada daim bir sıra hadisələr cərəyan edir. Ancaq cərəyan edən hadisələr hər insanda fərqli reaksiyalar, fərqli təəssüratlar, fərqli mənalar doğurur. Bəzən də elə olur ki, bir insan üçün ətrafında cərəyan edən hadisələr heç bir məna ifadə etmir. Buradakı məna ifadə etmə, təəssürat oyatma bizə düşünmə və təfəkkürün vacibliyindən xəbər verir. Düşünmə və təfəkkürü ön plana çıxardır.

Elm adamlarının təxmini hesablamalarına görə insan beynində 10 milyard hüceyrə var. Bu 10 milyard hüceyrənin aktiv fəaliyyətdə olması təfəkkür və düşünməyə bağlıdır. Deyə bilərik ki, 10 milyard hüceyrəyə malik beyin motorunun hərəkət etdiricisi və açarı təfəkkür və düşünmədir. Uca Yaradan (c.c) bu qədər hüceyrəni insan beyninə yerləşdirdiyinə görə, bununla insanoğlu bir İslam aliminin əsrin bəlaları olaraq müəyyən etdiyi aclıq və yoxsulluğun, cəhalət və savadsızlığın, ayrıseçkilik və təfriqəni aradan qaldıra bilər.

Bir İslam mütəfəkkiri günümüzdə insanların işlətmədiyinə görə yuxarıda sadalanan beynin bu potensial gücünün yuxu rejimində olduğunu söyləyir. Səbəbini də belə açıqlayır: "Çox yatmaq, çox yeyib-içmək və az kitab oxumaq beyindəki 10 milyard hüceyrənin yuxu rejimində qalmasına səbəb olur". Çox yatmaq, çox yeyib-içmək və az kitab oxumağa digər bir ifadə ilə "düşünmə damarlarındakı tromblar" da deyə bilərik.

Tibbi cəhətdən bir insanın qan damarlarında trobmun (varikoz) əmələ gəlməsi ən pis halda insanın ölümü ilə nəticələnə bilər. Bəs görəsən, insanların düşünmə damarlarında trobm əmələ gələrsə, nəticəsi nə olar? Zənnimcə, bu halda nəticə daha ağır, daha qorxunc və daha vahiməlidir. Çünki insanlıq adına həllini gözləyən savaş və müharibələr, milli və irqi ayrıseçkiliklər, aclıq, yoxsulluq, cəhalət və s. o qədər hallar var ki, bunların hamısının həll olunması düşünmə damarlarındakı trombun əridilməsindən keçir.

[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top