ƏLİ ÇƏRKƏZOĞLU

Toy üçün musiqi

Toy üçün musiqi

ƏLİ ÇƏRKƏZOĞLU

Uşaq vaxtı kimdənsə eşitmişdim ki, dünya xalqlarının musiqisini sıralayıblar, birinci yeri İtaliya musiqisinə, ikinci yeri Hind musiqisinə, üçüncü yeri isə Azərbaycan musiqisinə veriblər. Uşaq təəssübümlə o sıralamaya hirslənirdim ki, nəyə görə bizim musiqimizə birinci yeri verməyiblər. Amma illər keçdikcə anladım ki, nə dünyada elə bir yarış olub, nə bizim musiqimizə üçüncü yer veriblər, nə də elə bir müsabiqənin keçirilməsi mümkün olan işdir. Əgər kimlərsə son illərdə moda minən Avroviziya müsabiqəsini misal göstərəcəksə, bəri başdan deyək ki, orda heç bir xalq təmsil olunmur, ora millətsizlərin yeridir və bütün seçimlər də siyasi maraqlara görə tənzimlənir.

Hər kəsin musiqisi özünə əzizdir, daha doğrusu, öz hüsslərinin, duyğularının ifadəsidir. Hərdən elə olur ki, hansısa qədim bir mahnı duyğularıma həmdəm olur və hiss eləyirəm ki, ondan nəsə bir təsəlli tapıram. Etiraf edim ki, olur belə şeylər. Məsələn, bir mahnı var, özü sözündən gözəl, sözü özündən gözəl:

Ayrı düşdük, aylar ötdi, il oldu,

Göz yaşlarım bir çağlayan sel oldu,

Bağça saldım, qönçə açdü, gül oldu,

Neyçün bas səni unuda bilmirəm?

Ya bu gün bombalar altında xarabazarlığa çevrilmiş İraq türkmanlarının baldan şirin türküləri: Ninnə yarım, ninnə; Bağdadda nar şirindir; Altın üzük barmaqda... Hər biri duyğu yüklü, könül oxşayır. Bayatılar, xoyratlar da bir özgə duyğu qatır o həzin mahnılara:

Bu yol Mərsinə gedər,

Dönər tərsinə gedər,

Orda bir qərib ölüb,

Quşlar yasına gedər.

və ya

Bir dərdə düşmüşəm ki,

Desəm vay, deməsəm vay.

Həqiqi musiqi əslində könül işidir və mənəvi rahatlıq tapırsan onu dinlədikcə. Amma etiraf edək ki, hazırki musiqimiz əksəriyyət etibarı ilə toya hesablanıb. Qaynana, qudalar, gəlin, qaynata, nə bilim, daha kimi deyirsən, hamısı üçün mahnı yazılıb. Bu gün musiqimiz toyların yedəyində gedir. Hətta toyda iştirak edən hacılar üçün də mahnı yazılıb: "Haca gedərəm, hacı olaram, ay xanım." Son dərəcə bayağı, əttökən mahnıdır, elə deyilmi?! Yaxud da "Azəribaycanım mənim, əsli müsəlmanım mənim", ondan da betər... Təsəvvür edin ki, dini duyğuları belə bu bayağı, əttökən nanay-nanaylara alət eləməkdən çəkinmirlər. Musiqi ancaq oynamaq üçün yazılır, hətta elə yazılır ki, ortada bir qara zurna ilə rəqs də yerləşdirmək olsun. Yazılır deyəndə elə düşünməyin ki, onları bəstəkar nota alır. Əsla. O mahnıları quraşdıranların başı notdan çıxmaz. Məhnı mətnlərinin sözləri, qafiyələri çox bəsit olur. Əgər birinci misrada "gəldi bahar" varsa, əmin olun ki, ardınca "ay gözəl yar" gələcək. Sovet dövründə Bədii Şura adlı bir qurum vardı və o qurum bu kimi işlərə baxırdı, yəni mahnıları saf-çürük eləyirdi. Əslində o şura da məsələnin ideoloji tərəfinə üstünlük verirdi, yəni rejimi mədh eləyənlər üstün tutulurdu. O illərdə keçirilmiş müsabiqələrdə qalib seçilən mahnıların, demək olar ki, hamısı unudulub getdi. Amma şura olsa da o illərdə də zay sözlərə mahnılar yazılırdı. Rəşid Behbudovun oxuduğu çox həzin, lirik bir mahnı var: "Aylı gecələr." Sözə fikir verin: "Mən necə dözüm, yaxın gəl, quzum". Yəni nə olsun? Ümumiyyətlə sevdiyin xanıma "quzum" demək bir növ heysiyyatsızlıqdır. Görmüşük ki, körpə uşaqlara, övladlara "quzum" deyə müraciət edilər. Nə isə qayıdaq günümüzə.

Hazırda ölkəmizdə ağır sənayə və yüngül sənaye birlikdə toy sənayesi qədər olmaz. Təsəvvür edin ki, əkinçilik də, heyvandarlıq da, mədəniyyət də hamısı toya xidmət üçündür. Çünki pul ordan keçir və hər kəs də çalışır ki, ordan bir şey tuta bilsin. Toyda pul qazananlar efirdən millətə ağıl öyrədirlər. Pul töküb fəxri adlar alırlar ki, toya baha getsinlər. Sözümüzün canı odur ki, bu gün musiqimizə xəyanət edirlər. Allah eləməsin, yazının əvvəlində dediyimiz və heç zaman olmamış o müsabiqə keçirilsə, heç özümüz öz musiqimizə yaxşı qiymət vermərik. Bu xəyanət axınının qarşısı alınmalı, heç olmasa efirimiz bu zir-zibildən təmizləmənməlidir. Mədəniyyət nazirliyi nə işə baxır görəsən?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top